Ziya Məmmədov qorxu içində

İlham Əliyevin Qusara qəfil səfəri nəqliyyat nazirini təşvişə salıb

Nəqliyyat naziri Ziya Məmmədov Ilham Əliyevin Qusara səfərindən təşvişə düşüb. “Azadlıq”a daxil olan məlumata görə, Ziya Məmmədovun qorxusunun səbəbi həmin istiqamətdə yeni çəkilən yolların qısa müddətdə bərbad vəziyyətə düşməsidir.
Məlumatlarda bildirilir ki, bu barədə Ilham Əliyevə bir müddət əvvəl məlumat verilib. Güman ki, bu, Ziya Məmmədovun rəqibləri tərəfindən edilib. Ilham Əliyev milyonlarla vəsaitin xərcləndiyi yolların qısa müddətdə sıradan çıxdığını öz gözləri ilə görmək qərarına gəlib. Bu baxımdan da Brüsellə səfərdən qayıdandan dərhal sonra şimal bölgəsinə getməyi planlaşdırıb. Ziya Məmmədov rəqiblərinin ona qarşı belə bir planından son anda xəbər tutub. Nəqliyyat Nazirliyində “həyəcan siqnalı” verilib. Bu qurum ayağa qaldırılıb və Ilham Əliyevin hərəkət marşrutuna daxil olan bütün yollarda kosmetik təmir işlərinə başlanılıb. Lakin Ziya Məmmədov bununla vəziyyətdən çıxa bilməyəcəyini özü də başa düşür. Bu baxımdan təlaş içindədir. Nazir düşünür ki, bu rəqibləri Ilham Əliyevə onun üzərindən xətt çəkdirə bilərlər.

Informasiya şöbəsi