Xatabıç Azərbaycanda

Bakıya şaxta düşəndən elə telekanal yoxdur ki, Lenin sarayının qarşısındakı meydanı, yeraltı keçidi, oradan keçən adamların sürüşüb yıxılmalarını, onların yerə döşənmiş mərmərin sürüşgənliyindən şikayətlənmələrini göstərməsin. Düzü, mən inanmıram ki, sürüşüb yerə dəyən normal adam bu efirə verilən şikayətlənmələrlə kifayətlənsin. Yəqin ki, bunun ardınca yerə mərmər döşəyən də döşətdirənin özü də, yaxın qohumları da yad edilir və təbii ki, onlara alqış oxunmur. Belə bir olayı yaşamış adam kimi mən bunu öz təcrübəmdən yaxşı bilirəm. Sonra da, sanki döyüş meydanından gəlirmiş kimi, yıxılıb qol-qıçlarını qıranlar, başqa cür travmalar alıb xəstəxanalıq olanlar barədə məlumatlar verilir. Yaxşı, belə təhlükəli narahatlıqları yaratmaqda məqsəd nədir? Məgər bilmirlər ki, mərmər, xüsusən də yaş olanda, çox sürüşkən olur, onu açıq havada yerə döşəməzlər? Ya bilmirlər ki, sürüşkən yerdə adam yıxılıb xəsarətlənə bilər? Körpə uşaqların da bildiyi bu sadə həqiqətləri bilmirlərsə, vay bu xalqın halına!!!
Adamın buna inanmağı gəlmir, amma yadına düşür mazutla rənglənmiş səkilər, təbii ağacların kəsilib yerinə süni ağacların əkilməsi, bütün ölkədə yol qırağı yaşayış məntəqələrinin qarşısına hasar çəkilməsi, içərisində  idmançı olmayan olimpiya kompleksləri, yoxsulluğun 500% azalıb 6-7%-ə düşməsi, işi bərkə düşən kimi tele efirə çıxıb “yaxşı işləmələri üçün müəllimlərə azı 2000 manat maaş verilməlidir” deyib, vəziyyətini düzəltdikdən sonra “maaşın miqdarından asılı olmayaraq müəllimlər yaxşı işləməlidirlər” söyləyən Təhsil naziri, işçiləri rüşvət ittihami ilə həbsda, özü isə nazir kürsüsündə özünü reklam etdirən F.Ələkbərov və.s.”analoqu” olmayan bir çox işlər.
Qalırsan məəttəl: bilirlər, ya bilmirlər?
“Qoca Xatabıç” filmi yadınızda olar. Ömrünün axırıncı bir neçə yüz ilini kuzə içində, dənizin dibində keçirmiş orta əsrlərə aid cin-Ibn Xattab onu kuzə əsrliyindən xilas etmiş Volka ibn Ivanoviçin növbəyə dayanmadan zəng edə bilməsi üçün müasir telefon köşkü düzəldir. Sevincək köşkə daxil olan Volka tez də çıxıb qoca cini məzəmmət edir ki, bu nə telefondur, bu işləmir?!
Xatabiç inciyərək cavab verir ki, axı, bu xalis qızıldan və MƏRMƏRDƏN düzəlmişdir, niyə sənin xoşuna gəlmir?
Bu səhnədən məlum olur ki, qoca cin üçün bir meyar var-əşyaların qiymətli materiallardan düzəldilməsi və qəşəng görünməsi! Bu Xatabıç üçün təbiidir, bu orta əsrlərin təfəkkürüdür! Işləyir, işləmir bu onu çox da maraqlandırmır. Indi içərisində normal qazı, suyu, işığı olmayan binaların fasadlarının bahalı daşlarla üzlənməsini, nəqliyyatın hərəkətinə çox da xeyri olmayan çoxmilyonluq körpüləri, mərmər döşənmiş meydanları, mərmər səki kənarlarını, sürücülərin yaxşı görə bilmədikləri bahalı svetoforları (işıqfor sözündən heç xoşum gəlmir) ölkəyə ziyandan başqa heç nə verməyən məmurların yüz minlik avtomobillərini, təhsilsiz universitet və məktəbləri, mülicəsiz səhiyyə ocaqlarını, Bakının su problemini həll etməyən milyardlıq su kəmərini və s.yüzlərlə belə şeyləri görəndə istər-istəməz qoca Xatabıç yada düşür. Amma burada bir məsələ var ki, Xatabıçın xeyrinədir: birincisi, o, orta əsrdən qalma idi və ikincisi, ən əhəmiyyətlisi isə onun bu işləri şəxsi təmənnasız, özü üçün xeyir güdmədən etməsi idi. Bunu da ki, biz ölkəni belə vəziyyətə salanlar haqqında deyə bilmərik.

Şükür Məmmədli

P.S.Axtarsaq, Bakı şəhərini pis günə salmış bir adamın elə xarici cəhətdən də Xatabıça oxşadığını görə bilərik.