Türk diplomat Azərbaycan və Ermənistan hökumətlərini birləşdirən nəsnədən danışdı
“Bu rejimlər özlərini azadlıqların qənimi olan Rusiyadan kənar təsəvvür edə bilmirlər”
Turqut Ərin Qənimət Zahidlə söhbəti
Azərbaycanda hər kəsin tanıdığı və hörmət bəslədiyi Turqut Ər Rusiyadakı seçkilərin postsovet məkanında yeni demokratikləşmə imkanlarını yaratdığını deyir. Turqut Ər millətlərin azadlıq uğrunda verdikləri mübarizənin onların mental dəyərlərinə çevrildiyini söyləyir:
– Rusiyadaki seçkilərdən çıxarılacaq çox ciddi nəticələr var. Putinin partiyasının seçkilərin nəticələrini saxtalaşdırdığı şübhəsizdir. Amma hər halda, bu saxtakarlıqların daha çox harada baş verməsi də diqqətə alınmalıdır. Bəlli olur ki, Putin Mərkəzi Rusiyada, iri şəhərlərdə heç bir uğur qazana, hətta bu ərazilərdə saxtakarlıqları belə, inamla təşkil edə bilməmişdir. Putinin əsasən ucqarlardan, əhalinin təşkilatlanma və mədəni səviyyəsinin aşağı olduğu ərazilərdə daha çox səs yığdığı görünər. Yəni Quzey Qafqazda, Şərqi Sibir və təəssüf ki, türk xalqlarının yaşadığı muxtariyyətlərdən…
Bu da bizim mentalitetimizdir…
– Maraqlıdır, niyə Rusiyadakı türklər belə oradakı demokratların yanında deyil, avtoritar Putin rejiminə dəstək verir. Bu, onların özlərinin perspektivi üçün yaxşı heç nə vəd eləmir. Belə çıxır ki, ruslar demokratiya istəyir, ölkədə liberal islahatlar aparılması üçün təkidlə can atır, amma oradakı türk-müsəlmanlar diktatorun yanında dayanır, ona dəstək verirlər.
– Heç təsadüfi deyil. Qərb ölkələri, oradakı cəmiyyət özgürlük, insan haqları uğrunda mübarizəyə çoxdan başlayıblar. 300 il əvvəldən onların bu məsələlərlə bağlı müəyyən uğurları belə, vardı. Fransada burjua inqilabı, Ingiltərədə Konstitusion qaydalar uğrunda mübarizə, Skandinaviyada söz azadlığının qanuniləşdirilməsi kimi mühüm tarixi nailiyyət Qərb cəmiyyətinin və insanının mentalitetinə, həyat tərzinə çevrilib. Onlar başqa cür yaşaya bilməzlər və kimsə onların iradəsini zorlamaq gücündə deyil… Bu da bizim mentalitetimizdir.
Stalinizm yaşayır
– Ucqarlar həmişə bu sayaq olar. Mərkəzdən fərqli olaraq, ucqarlarda əhali həm zəif təşkilatlanma, həm məlumatsızlıqla fərqlənir, bundan başqa, həm də hökumətin inzibati zəhmi qarşısında dayanıqsız olur.
– Təbii. Iş tək onda deyil ki, ucqarlarda korrupsiya-filan kimi məsələlər daha dərinə işləyir, hüquqsuzluq daha artıq olar. Əsasən də, Rusiyada və keçmiş SSRI ucqarlarında Stalinizm-Leninizm qorxusu yaşayır. Azərbaycanda da, başqa sovet cümhuriyyətlərində də KQB-nin saldığı kütləvi qəbiristanlıqların yerini bir neçə nəsil yaxşı bilir. Vacib deyil ki, Stalindən qorxasan. Bu yerlərdə əhali dövləti hələ də Stalin dərisində görür və ondan qorxur, özünü dövlət qarşısında zəlil və gücsüz hiss edir. Sovetin Qərb ucqarında yaşayan pribaltlar Stalinizmi yaşamamışdılar, oralarda əhali üçün insan hüquq və azadlıqlarının mental əhəmiyyəti saxlanılırdı, ona görə də onlar çox sürətlə demokratik dünyaya inteqrasiya olundular. Amma bu biri tərəfdə vəziyyət tam başqadır. Azərbaycanda, Gürcüstanda, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda… müstəqillikdən sonrakı mərhələdə də Stalinizm hakimiyyətə gələ bildi. Gürcüstanda və Qırğızıstanda bu mirasdan qurtula bildilər, amma digərlərində hələ də qalır. Hətta sovet nomenklaturasının hakimiyyətə gələ bilmədiyi Ermənistanda belə, Stalinizm yaşaya bildi.
– Indi də bu Stalinçi rejimlər Putini əhatələyib və Rusiyada avtoritar rejimin davam etməsində maraqlıdırlar.
– Bu, həmin Stalinçilərin özlərinin mövcudluğu üçün zəruridir. Mətbuatdan izləyirəm ki, Azərbaycan hökuməti Rusiyadakı prezident seçkilərini Putinin qazanması üçün əlindən gələni edir və edəcək. Eyni davranışı Nazarbayev də göstərəcək, Kərimov da, ermənilər də. Çünki bu rejimlər özlərini müstəbid, qəddar, azadlıqların qənimi olan Rusiyadan kənar təsəvvür edə bilmir. Bu, hətta çox sərt düşmən olan Azərbaycan və Ermənistanın da hökumətlərini birləşdirən ortaq bir dəyərdir.
Ruslar bu mərhələdə qorxunu məğlub edə bildilər
– Bu o deməkdirmi ki, MDB ölkələrində demokratik proseslərin başlanması və gerçək güc alması üçün Rusiyanın demokratikləşdirilməsi şərtlərdən biridir?
– Tam doğru olaraq belədir. Üstəlik də, rusların Stalinizmdən imtina edəcəkləri bu mərhələdə şübhəsiz görünür. Çünki onlar bir dəfə qorxunu məğlub etdilər. Bir neçə ay əvvəl Moskvada və Rusiyanın başqa şəhərlərində bir neçə yüz adamın belə, etiraz mitinqinə toplanması mümkünsüz görünürdü. Amma indiki mərhələdə, Duma seçkiləri saxtalaşdırıldığına görə yüz minlərlə insan küçələrə axışdı. Bu, çox mühüm göstəricidir və hətta Putin belə, bu göstəricini nəzərə almaya bilməz. Təbii, bu prezident seçkisində Putin qələbə qazanacaq kimi görünür. Həm də saxtalaşdıraraq qələbə əldə edəcək. O, ictimai etimadı itirsə də, saxtakarlıq maşınının idarəçiliyini hələ əlində saxlaya bilər. Amma bu saxtakarlıq Putinə çox baha başa gələcək. Saxtakarlıqla qələbə qazanan Putin Rusiyada bir ildən artıq prezident ola bilməyəcək. Rusiyanın ətrafında olan avtoritar rejimlər də Putinə dəstək verib ona sarıldıqca onunla eyni aqibəti yaşayacaqlar. O cümlədən Azərbaycandakı Əliyev xanədanı. Əbülfəz bəyin aşırılması ilə məhv edilən Azərbaycan demokratiyasının bərpa olunacağına isə şübhə etmirəm.
Ilham Əliyevin həm şəxsi, həm də siyasi həyatı əsasən Rusiyaya bağlıdır. Həm də Rusiya demokratiyasına deyil, orada Stalinizmi, KQB xofunu yaşadan ətraflara bağlıdır. Unutmaq olmaz ki, Heydər Əliyev Stalinçi siyasətin ən qabarıq ifadəçilərindən biri olub və Ilham Əliyev də bu siyasi məktəbin məzunudur. Stalinizm Rusiya kimi nəhəng regional gücün içində və simasında yaşadıqca ona bağlı olan ətraflarda da Stalinçi hakimiyyət qalacaq. Stalinçi Rusiya Azərbaycanda və başqa ölkələrdəki stalinçi liderləri də ona görə dəstəkləyir ki, özünün mövcudluğunu və təhlükəsizliyini təmin etsin.
Onlar bundan sonra həmişə belə suallara cavab verməli olacaqlar
– Amma bu o demək deyil ki, SSRI respublikalarında demokratiyalaşmaların taleyi yalnız Rusiyadan asılıdır. Sadəcə olaraq, indiki Rusiya rejimini dünyadakı mütərəqqi proseslərin qarşısına tək çıxmamaq üçün özünə bənzəyənlərlə birlikdə barrikada qurur. Amma dünyada da fərqli proseslər gedir və bir müddətdən sonra bu köhnəlmiş barrikada siyasəti da aktuallığını, məzmununu, hətta ciddiliyini tamamilə itirəcək…
– Bu, daha ciddi məsələdir əlbəttə. Indi hətta fantastik dərəcədə ironik görünür ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ermənistan… kimi ölkələr, sadəcə olaraq, Ilham Əliyevin, Nursultan Nazarbayevin, Islam Kərimovun, Serj Sərkisyanın… varlanması üçün gərəkdir. Bir avropalı bu ölkələrdəki sosial-iqtisadi göstəriciləri və hüquqi münasibətləri araşdıranda bundan başqa heç bir ağıllı nəticəyə gələ bilmir. Ona görə də, məsələn, Almaniyadakı bir konfransda çox ciddi bir mütəxəssis Azərbaycandakı vəziyyətlə bağlı düşündüklərini dilə gətirəndə çox səmimi görünür. Onlar avtoritar və korupsiyaçı sistemlər və onların liderləri haqqında başqa cür düşünə bilmirlər. Ilham Əliyev də, Vladimir Putin də, bunlara bənzəyən bütün Stalinçi liderlər də bundan sonra yalnız bu cür münasibət və bu tip suallarla qarşılaşacaqlar.