400 min qaçqın Əliyevin mərhəmətini gözləyir
Statistika rəsmilərin bir yalanını da üzə çıxardı
Dövlət rəsmiləri ölkədə sosial vəziyyətin yaxşılaşdığını, yoxsulluğun səviyyəsinin kəskin azaldığını təkrarlamağı xoşlayır. Ölkə başçısı Ilham Əliyev isə Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayının son 7 ildə 5 dəfə, yəni 500 faiz aşağı düşdüyünü deyir. Rəsmi məlumata görə, son bir il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 7,6 faizə enib. Hərçənd ki, müstəqil iqtisadçıların hesablamaları bu rəqəmlərin həqiqətdən xeyli uzaq olduğunu üzə çıxarır.
Məmurlar xüsusən də qaçqın və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırıldığını vurğulamağı adət halına çevirib. Son 10 ildə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını deyən rəsmilər ölkədə bütün çadır şəhərciklərinin ləğv edilməsini xüsusi nailiyyət kimi önə çəkir. Ancaq bəzən rəsmilərin həqiqətdən uzaq məlumatlarını onların özləri ifşa edir. Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair deyilənlərin də yalan olduğunu elə Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ortaya çıxarıb. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov mətbuata açıqlamasında hazırda ölkədə hələ də ağır şəraitdə yaşayan 400 minə yaxın məcburi köçkünün olduğunu bildirib. Onun sözlərinə görə, hazırda rayonlarda fin tipli qəsəbələrdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması üçün tikinti işlərinə başlanılıb. Bundan sonra digər məcburi köçkünlərin yeni qəsəbələrdə, çoxmərtəbəli binalarda yerləşdirilməsi təmin olunacaq.
Bu açıqlama ortaya maraqlı məqamları çıxarır. Rəsmi məlumatlara görə, Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün var. Əgər dövlət başçısının və statistika komitəsinin açıqladığı rəqəmlərə inansaq, onların böyük əksəriyyətinin problemləri həllini tapıb. Ancaq 400 min ümumi qaçqın və məcburi köçkünlərin 40 faizini təşkil edir. Deməli, 20 illik hakimiyyəti dövründə mövcud iqtidar nəinki ölkədə iqtisadi və sosial problemləri həll etməyib, heç qaçqın və məcburi köçkünlərin böyük hissəsi üçün normal şərait yarada bilməyib. Digər tərəfdən, 400 min insan Azərbaycan əhalisinin təxminən 5 faizini təşkil edir. Görünür, yoxsulluğun səviyyəsinin 7,6 faizə düşdüyünü deyən dövlət başçısı ölkə əhalisinin 5 faizini təşkil edən və ağır şəraitdə yaşayan 400 min qaçqın və məcburi köçkünü nəzərə almayıb. Bu da bir daha ölkədə yoxsulluğun səviyyəsi ilə bağlı deyilənlərin yalan olduğunu ortaya qoyur.
Ekspertlər isə ölkə rəhbərinin yoxsulluğun səviyyəsinin azalması ilə bağlı deyilənlərin ictimaiyyəti aldatmaq, beynəlxalq ictimai fikri çaşdırmaq məqsədi daşıdığını deyir. Lakin ölkə vətəndaşlarını artıq bu bəyanatlarla aldatmaq mümkün deyil. Araşdırmalar isə ölkədə qaçqın və məcburi köçkünlərin ən ağır durumda yaşayan zümrə olduğunu ortaya çıxarır. Ona görə də ölkə rəhbərliyi yalançı statistik rəqəmlər açıqlamaqdansa, real işlər həyata keçirsə, daha faydalı olar.
Fizzə


