Əliyev niyə Putinin müdafiəsinə qalxıb?

Fuad Qəhrəmanlı: «Rusiyada demokratik proseslər dərinləşəcəyi təqdirdə, bu, Azərbaycan hakimiyyətinə də təsirsiz ötüşməyəcək»

Rusiyada və dünyanın müxtəlif siyasi dairələrində Vladimir Putinə qarşı etiraz dalğasının artdığı bir vaxtda bu ölkədə yaşayan həmvətənlərimizi öz ətrafında toplayan Azərbaycan Diasporu baş nazirə dəstək mitinqi keçirməyə hazırlaşır. Putinə dəstək mitinqi fevralın 18-də saat 14:00-da Sankt-Peterburqun “Oktyabrski” Böyük Konsert Zalında baş tutacaq. Əslində Azərbaycan iqtidarının belə bir yanlış qərarları birinci dəfə deyil ki, baş verir.
Hələ 2004-cü ildə Gürcüstanda Eduard Şevardnadze hakimiyyətinə etirazlar başlandığı zaman Əliyev iqtidarı hazırkı prezident Mixail Saakaşvilinin liderlik etdiyi “Qızılgıl inqilabçıları”na qarşı çıxaraq, Şevardnadzeyə dəstəyini açıq ortaya qoymuşdu. Bundan sonra isə Ukraynada “Narıncı inqilab” ərəfəsində bütün ölkə və Qərb dövlətləri müxalif Yuşşenko-Timoşenko tandeminin yanında olduğu vaxtda Azərbaycan hakimiyyəti yenə də yanlış qərar verərək, Leonid Kuçmanın namizədi Viktor Yanukoviçi dəstəkləməyə qərar vermişdi. Amma xalq etirazları sonrası həm Gürcüstanda, həm də Ukraynada avtoritar rejimlər devrildi. Azərbaycan hakimiyyəti isə məğlub avtoritar rejimlərə dəstəyinə görə qınaq obyekti oldu.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, bu cür aksiyalar dəfələrlə avtoritar rejimlərə dəstək məqsədilə hakimiyyət tərəfindən təşkil olunub. Vaxtilə Gürcüstanda, Ukraynada avtoritar rejimlərin saxlanılması üçün təşkil olunan aksiyaların əks-effekt verdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, həm Gürcüstanda, həm də Ukraynada Azərbaycan hakimiyyətinin tərəfini saxladığı qüvvələr hakimiyyətə gələ bilmədilər. Indi də Rusiyada bu cür aksiyanın planlaşdırılmasının Bakının mövqeyini, demokratik proseslərə baxışını ifadə etdiyini vurğulayan F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyəti gözəl anlayır ki, Rusiyada demokratik proseslərin dərinləşməsi, avtoritarizmin sarsılması Azərbaycan hakimiyyəti üçün də təsirsiz ötüşməyəcək: “Ona görə də Rusiyada gedən prosesləri Azərbaycan iqtidarı ciddi şəkildə izləyir. Hakimiyyət guya öz aləmində Rusiyada avtoritar rejimin qorunub saxlanılması üçün töhfə verməyə çalışırlar. Ancaq bu aksiyanın miqyası, Azərbaycan diasporunun Rusiyanın siyasi həyatına təsiri sıfır səviyyəsindədir. Belə bir aksiya real təsir yaratmaqdan daha çox Azərbaycan hakimiyyətinin Putinə yarınmaq cəhdidir”.
Azərbaycan hakimiyyətinin bu cür addımlarla postsovet məkanında avtoritarizmin əsas himayəçilərindən biri qismində özünü təqdim etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiyada gedən demokratik proseslər dünya səviyyəsində ciddi izlənilir. Belə bir məqamda Azərbaycanın Putinin yanında yer alması iqtidarın mahiyyətini ortaya qoyur. F.Qəhrəmanlının sözlərinə görə, qarşıdan Xocalı faciəsinin ildönümünün gəldiyi bir zamanda Rusiyada soyqırımla bağlı aksiyanın düzənlənməsi əvəzinə əsas diqqətin məhz Putinə yönəldilməsi diasporun milli maraqlardan çıxış etmədiyini göstərir. Eyni zamanda bu addımla biz Azərbaycan hakimiyyətinin prioritet hədəflərinin nədən ibarət olduğunu görürük.

Xəyal