Bəşər Əsəd Suriyanı dağıtmaq istəyir

Diktator ölkənin şimal-qərb bölgələrində separatçı dövlət qurmağı planlaşdırır

Suriyada gərginlik davam edir. Bəşər Əsədin əmrindəki əsgərlər Dəraa və Homs şəhərlərinə yenidən hücum edib. Şəhərlərdə hökumət qüvvələrilə üsyançı hərbçilər arasında şiddətli döyüşlər yaşanıb. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Qanlı döyüşlər paytaxt Dəməşqin mərkəzi rayonlarında, həmçinin Həma, Idlib, Deyr əz Zor kimi şəhərlərdə də davam edib.
Bu arada, Əsəd rejiminə qarşı hələlik vahid mövqe ortaya qoymayan Israil hökuməti daxilində Suriya ilə bağlı fikir ayrılığının yarandığı xəbəri yayılıb. “Haaretz” qəzetinə danışan Israil Xarici Işlər Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, nazirlik ötən həftə Suriyada yaşanan qırğını qınamaq, Bəşər Əsədin istefa verməsi istiqamətində rəsmi Təl-Əvivin çağırış etməsilə bağlı hökumətə tövsiyələrini verib. ABŞ, Avropa Birliyi və Ərəb Ölkələri Liqası konkret mövqe sərgilədiyi halda, Təl-Əvivin sakit dayanmasıyla diplomatlar razılaşmırlar. Israil mətbuatına sızan məlumata görə, ölkənin xarici işlər naziri Aviqdor Liberman Suriya rejiminə qarşı qəti mövqe ortaya qoyulmasının tərəfdarı olsa da, baş nazir Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak onunla eyni fikirdə deyil.
Bəşər Əsəd rejiminin Homs şəhərinə hücumlarını artırdığı bir vaxtda livanlı jurnalist Maykl Yanq Suriya hakimiyyətinin əsl məqsədinin separatçılığa əl ataraq, mini bir Nusayri dövləti qurmaq olduğunu bildirib. Livanda ingilis dilində nəşr olunan “Daily Star” qəzetinin redaktoru Yanqın sözlərinə görə, Bəşər Əsəd rejimi paytaxt Dəməşqdəki gücünü itirdiyini hiss etdiyi üçün Nusayri əhalinin sıx olduğu sahil seqmentlərinə və şimal-qərb bölgələrinə doğru geriləyərək, burada öz separatçı niyyətini gerçəkləşdirmək fikrindədir. Jurnalist, Əsəd rejiminin çəkiləcəyi sahil bölgəsinin təhlükəsizliyi baxımından Homs şəhərinin həyati əhəmiyyət daşığını da söyləyib.
Ərəb dünyasında nüfuzlu nəşr kimi tanına “Aşşark Əl Avsat” qəzetinin baş redaktoru Tarık əl Humayid isə dünya ölkələrinə müraciət edərək Suriya müxalifətini silahlandırmağa çağırıb. Hamyud “Dərhal və indi” başlıqlı məqaləsində yazır ki, hər gün onlarla insanın öldürülməsinə imkan verilməməli və vaxt itirmədən suriyalı üsyançılara silah yardımı göstərilməlidir: “Suriya xalqının bütün dostlarına: müxalifəti silahlandırın! Dərhal və indi silahlandırın!”

Informasiya şöbəsi