Bizim məhəllənin politoloqları

Əvvəllər də bu haqda yazmışam. Bir də görürsən ki, sabiq məmur və ya sabiq partiya funksioneri başlayır özünü politoloq kimi təqdim etməyə! Başqa ölkələrin təcrübəsində belə hallara təsadüf etməmişəm. Əgər siyasət adlı meydandan kənarlaşmış bütün insanlar özlərini politoloq adlandırsaydı indi dünyada poltoloq əlindən gəzmək olmazdı! Təbii ki, bunu elə faciə də saymıram. Insanlar ictimai özünüifadə üçün formalar axtarırsa və bunu özünü politoloq adlandırmaqda görürsə, problem yoxdur. Sadəcə, o var ki, politologiya elmdir, arabir gərək biz də bunu xatırlayaq. Sözsüz bir neçə adamın özünü politoloq adlandırması politologiyaya elə bir əskiklik də gətirmir, amma politologiyaya müsbət bir şey də vermir. Hətta öz dilində bir əməlli-başlı politologiya dərsliyinin olmadığı ölkədə bu qədər politoloqun, özü də “müstəqil poltoloq”un olması heç də asan izah oluna bilinən məsələ deyil – mən bunu demək istəyirəm. Həm də politologiya tək “təqaüdçü”lərin peşəsi deyil. Bəli, vaxtı öldürməklə məşğul olan təqaüdçülər nərd taxtası və domino stolu arxasında çox söhbət edirlər, dünyanı çək-çevir edir, bütün dünyadakı hadisələrə “münasibət” bildirirlər. Indi biz nə edək? Təqaüdçülər toplaşan hər bir yerə bir jurnalist ezam edək ki, həmin o “politoloji” söhbət və qeybətləri qələmə alsın?! Etiraf edin ki, qəliz məsələdir. Mən burada bir məqamı da qeyd etmək istəyirəm. Dünyada bir klublaşma prosesi gedir. Bir peşə sahibi olan insanlar daha çox hansısa bir ünvanda (hətta kafedə) cəm olmağı, toplaşmağı, son məlumatları bölüşməyi sevirlər. Nədənsə bizdə bu praktika alınmadı. Cəhdlər olmuşdu. Amma elə bir rezonans yaranmadı. Ya bizim insanların “əli çox aşağadı”, toplaşmaq imkanları yoxdu, ya da ki, heç bölüşməyə də bir şey yoxdu. Bunlardan hansı həqiqətə yaxındır, bilmirəm..

Təkcə onu bilirəm ki, poltologiya elmdir və bunu təkrar-təkrar qeyd etməyi də özüm üçün əskiklik hesab etmirəm. Elm adamlarını harada tapmaq olar? Güman edirəm ki, bu sualın cavabını mənsiz də tapa bilərsiniz…
Neytral bir ölkənin NATO-da nə işi var?
Elə mən də bu sualın cavabını bilmək istərdim. Lakin bildiyim odur ki, bizim prezident də NATO-nun sammitinə dəvət aldı və bu sətirləri yazanda artıq ora səfərə yollanmışdı, hərçənd ötən il onu bu sammitə dəvət etməmişdilər.
Mən bu ölkənin təhlükəsizlik siyasətini təhlil etmək fikrində deyiləm. Bunlar elə düşünür ki, ölkəni tanıtmaq üçün bütün təşkilatlara üzv olmaq lazımdır.
Bəlkə elə bu məntiqlə ötən il neytral dövlətlər blokuna qoşuldular. Düzdür, o hadisə bunlara BMT TŞ-yə qeyri-daimi üzv olmaq üçün yardım etdi, ona görə ki, həmin bloka üzv olmaqla da bir neçə səs qazandılar. Həm də həmin hadisə bir qədər Iranın və Rusiyanın “könlünü oxşadı”. Indi isə yenə NATO!
NATO bunlardan nə istəyir, mən bunu təsəvvür edə bilirəm. Amma bunlar o təşkilatdan nə umurlar, onu bir qədər çətin təsəvvür edirəm! Bunların əsas siyasi “kartı” neft və qazdır və NATO-ya da bir keşikçi və qaravulçu dövlət kimi baxırlar. Bunlar enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm bir elementi olduğunu və bunun Qərb dövlətləri üçün nə qədər əhəmiyyət, məna kəsb etdiyini başa düşüblər. Ona görə də həmin “siyasi kart”la oyuna giriblər. Bunlara elə gəlir ki, NATO-dan müəyyən standartları qəbul etmək və onları tətbiq etməklə ciddi nəticə əldə etmək olar. Lakin hələ də dərk edə bilmirlər ki, milli təhlükəsizlik üçün ən böyük təhdid korrupsiyadır, çünki bu olan yerdə hansısa modernləşmədən danışmaq çətindir. Bəzən qənaətlə və səmərəli şəkildə sərf olunan kiçik məsrəflər talan edilən böyük məsrəflərin verə bilmədiyi, amma nəzərdə tutduğu nəticələri verir. NATO ölkələrə məhz bu resepti verir, kimi onu qəbul edir, kimisi isə imtina edir…
Bir rus resepti
Bu yazıda da çox şeydən danışmaq istədim. Ilk baxışda onlar əlaqəsiz təsiri bağışlayır. Amma bu, zahiri təəssüratdır. Hər şey bir-birilə bağlıdır. Ruslar bir məsəli çox sevirlər: keşiş necədirsə, kilsə də o cürdür! Bu kiçik məsəldə çox sualların cavabı “yatır”, biz isə hələ onları “oyatmaq” istəmirik, səbəbi də budur ki, özümüz də yatırıq. Necə deyərlər, yuxunuz şirin olsun!..