Bakıda 6 şadlıq evi yerlə bir edilir

Partlayan su kəməri məmurların restoranlarını «udur»

Paytaxtı içməli su ilə təmin edən əsas kəmərlərdən birini təmir etdirmək üçün şadlıq evləri sökülməlidir, ancaq…

Paytaxtın Nizami rayonu ərazisində Bəkir Çobanzadə küçəsindən keçən magistral su xəttində qəza baş verib. Kəmərin partlaması Bakının bir sıra yaşayış massivlərini susuz qoyub. Qəzanın nəticələrini aradan qaldırmaq hələ ki, mümkün olmayıb. Diametri 1 metrdən böyük olan su borusunun üzərində obyektlər tikildiyindən qəzanın nəticələrini aradan qaldırmaq çətinləşib. Hadisə yerinə gələn “Azərsu”nun təmir briqadası da problemi aradan qaldıra bilməyib. Bacardıqları yalnız su kəmərinin üstündə yerləşən ət bazarının bir hissəsini uçurmaq olub.
Xəttin üstündə tikildiyi iddia edilən 6 şadlıq evinə görə hadisənin fəsadlarını aradan qaldırmaq mümkün olmadığından kəmərə suyun ötürülməsi müvəqqəti dayandırılıb. Problemin həll olunması üçün “Ulduz”, “Oskar”, “Tuqay”, “Ağ saray”, “Sultan” və “Golden Ring” şadlıq saraylarının sökülməsinin vacib olduğu bildirilir.

Problemi həll edə bilmirlər

Vəziyyətin nə yerdə olduğunu araşdırmaq üçün sözügedən ünvana baş çəkdik. Adıçəkilən 6 şadlıq evi hələ ki, yerindədir. Sökülən yalnız balaca ət bazarının bir hissəsidir. Ətrafda yaşayan sakinlər deyirlər ki, su kəmərinin qəfil partlaması bazarın sökülməsinə səbəb olub: “Hadisə beş gün əvvəl baş verib. Su xəttinin üstündə çoxlu obyektlər tikildiyindən təmir işlərini başa çatdıra bilmirlər. Yola axan suyun qarşısı alınsa da, problemi tam aradan qaldırmaq mümkün deyil. Deyirlər ki, kəmərin bərpası üçün ya üstündəki şadlıq sarayları sökülməlidir, ya da kəmərin yeri dəyişdirilməlidir”.

Sakinlərin sözlərinə görə, kəmərin yerinin dəyişdirilməsi bir neçə binanın köçürülməsinə səbəb ola bilər: “Əvvəla, binaların sökülməsi, sonra kəmərinin yerinin dəyişdirilməsi çox böyük zaman tələb edir. Əgər binaları söküb sakinləri çıxartsalar, Bakının yarısı aylarla susuz qalacaq. Həm də bu, böyük narazılığa səbəb olacaq. Ən yaxşı yol, elə şadlıq evlərinin sökülməsidir”.
Qeyd edək ki, Hövsan qəsəbəbindən Əzizbəyov dairəsi istiqamətinə gedən su kəməri paytaxtı içməli su ilə təmin edən əsas kəmərlərdən biridir.

Icazəsiz tikilən obyektlər

Iddialara görə, şadlıq evləri Nizami rayonunun keçmiş icra başçısı Mehbalı Əliyevin sərəncamı ilə tikilib. 2000-ci ildə ət bazarı tikilib. Ancaq şadlıq evlərinin ət bazarından sonra tikildiyi bildirilir. Məlum olmayan səbəblərdən bu restoranların hamısının magistral su kəmərinin üzərində tikilməsinə icazə verilib. Əslində, bu cür iri magistral kəmərlərin nəinki üstündə, heç xüsusi mühafizə zolağının yaxınlığında da belə böyük tikili ucaltmaq olmaz. Sözügedən su kəmərinin mühafizə zolağı 15 metrdir.
Mehbalı Əliyevin tikintisinə icazə verdiyi iddia olunan obyektlərin hamısı özəlləşdirilib. Əldə etdiyimiz məlumata görə, obyektlərin sahibləri iri ranqlı məmurlardır ki, onların arasında Bəylər Əyyubov, Kəmaləddin Heydərov və başqa oliqarxların adları çəkilir.

Məlumata görə, Nizami rayonunun hazırkı icra başçısı Tahir Budaqov Mehbalı Əliyevin qanunsuzluqlarının məsuliyyətindən yaxa qurtarmaq üçün kommunikasiya xətlərinin üzərində və onların mühafizə zolağında tikilmiş obyektlərin siyahısını hazırlatdıraraq, Nazirlər Kabinetinə göndərib. Başqa sözlə, Tahir Budaqov bu addımıyla özünü sığortlayıb.
“Azadlıq”a xəbər daxil olub ki, “Azərsu” rəhbərliyi magistral su kəmərlərinin üzərində tikilmiş şadlıq saraylarının sökülməsilə bağlı “yuxarıda” məsələ qaldırıb. Bununla bağlı komissiyanın da yaradıldığı bildirilir.

Şadlıq evləri inkar edirlər

Yuxarıda adlarını çəkdiyimiz şadlıq evlərinin yerləşdiyi cərgədə kiçik iaşə obyektləri də tikilib. Bundan başqa, tikintisi hələ də davam edən bir neçə villanın da su kəmərinin xüsusi mühafizə zolağına düşdüyü bildirilir.
Biz hadisə yerində olarkən “Ağ Saray”la “Tuqay” arasındakı kiçik bir ərazi hasara alınaraq, orada tikinti işləri aparılırdı. Ərazidə yaşayanlar deyir ki, artıq iki gündür, tikinti işləri dayandırılıb: “Yəqin ki, qəzayla bağlı onlara məlumat verilib. Ona görə də əlavə xərc çəkib, tikmək istəmirlər”.

Sakinlər həmin tikilinin kimə məxsus olduğunu bilməsələr də, öyrəndik ki, “Ağ Saray”ın sahibi oranı da özəlləşdirib.
Şadlıq saraylarının bir neçəsinə baş çəkdik. “Golden Ring”in rəhbəri yerində olmadığından şadlıq evinin özünü təqdim etməyən işçisi ilə söhbətləşdik. Jurnalist olduğumuzu biləndən və sualımızı eşidəndən sonra reaksiyası belə oldu: “Gedin, işinizlə məşğul olun. Heç kim buranı sökə bilməz. Su kəməri yolun o biri tərəfindən keçir”.
Digər şadlıq saraylarında da eyni tonda cavabla qarşılaşdıq və hamısı da məlumatın yanlış olduğunu söylədilər. Hətta bildirdilər ki, onlar indidən avqust ayı üçün sifariş götürüblər…

Ramin DEKO