16-cı kolonda nələr baş verir?

Eynulla Fətullayev vicdan məhbuslarının şikayətini araşdırıb

Saxlanma şəraiti ilə bağlı müraciətdən sonra Məhəmməd Məcidlinin başına nə gəlib?

16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusları – Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlının cəza çəkdikləri kalonda hökm sürən dəhşətli vəziyyətlə bağlı müraciətləri dünən yerindəcə araşdırılıb`. Hüquq müdafiəçisi Eynulla Fətullayev dünən səhər saat 11-dən axşam təxminən saat 19-dək 16 saylı kalonda həm adıçəkilən məhbuslarla, həm bu müəssisədə saxlanılan Müsavat başqanının müavini Arif Hacılı ilə, həm də kalon rəhbərliyi ilə görüşüb söhbət edib. Hüquq müdafiəçisi daha sonra şikayət olunan məqamlarla bağlı cəzaçəkmə müəssisəsində ətraflı monitorinq aparıb.     
Vicdan məhbuslarının müraciətində müəssisədə dözülməz vəziyyətin hökm sürməsindən, burada məhkumların hüquqlarından söhbət belə, getmədiyindən şikayətlənmişdilər. Həmçinin öz narazılıqlarını ayrı-ayrı maddələr üzrə qeyd etmişdilər. Məhbusların birinci şikayəti o idi ki, kalonda 200-250 məhbusun saxlanma imkanı olduğu halda 700-ə yaxın məhbus saxlanılır. Hər bir məhbus üçün ən azı, 4 kv. m. yer nəzərdə tutulsa da, burada bu sahə heç 1.5 kv.m. də deyil.

660 məhkum necə saxlanılır?

Elə E.Fətullayev də ilk olaraq bu məsələyə aydınlıq gətirib: “Həqiqətən də cəzaçəkmə müəssisəsində 700-ə yaxın – 660 məhkum saxlanılır. Müəssisə rəhbərliyi bunu belə izah etdi ki, hazırda Penitensiar Xidmətdə struktur islahatları həyata keçirilir. 12 saylı müəssisə ciddi rejimli müəssisəyə çevrilib və orada cəza çəkən məhkumların böyük hissəsi yüngül rejimli cəzaçəkmə müəssisəsi olan 10-cu kalona köçürülüb. Nəticədə 10 saylıda olan məhkumların bir hissəsi də 16 saylı kalona köçürülməli olub. Mənə bildirdilər ki, yaxın aylarda keçiriləcək məhkəmələrdə bir çox məhkum cəzasından vaxtından əvvəl azad olunacaq və ya məntəqə tipli müəssisələrə köçürüləcək. Bununla da kalondakı məhbusların sayı azalacaq. Hər bir məhbus üçün 4 kv.m. yer nəzərdə tutulmasına gəlincə, bu, tamamilə dəqiq məlumatdır. Amma problem ondadır ki, Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində hər bir məhkuma təxminən 2 kv.m sahə nəzərdə tutulub, bu da cəzaçəkmə müəssisələrinin Avropa Penitensiar qaydalarına uyğun olmaması ilə bağlıdır. Azərbaycanda bu qaydalara yalnız Kürdəxanıdakı istintaq təcridxanası cavab verir”.

Yatacaq və təmizlik nə vəziyyətdədir?

E.Fətullayev daha sonra müraciət müəlliflərinin yataqxanalarla bağlı şikayətini araşdırıb: “Məhbuslar yazmışdılar ki, yataqxanalara yerləşdirilən çarpayılar elə vəziyyətdədir ki, rahat yatmaq mümkün deyil. Aparılan monitorinq göstərdi ki, bu müəssisənin baraklarındakı saxlanma şəraiti, istilik sistemi həm 5 saylı, həm 14 saylı, həm 17 saylı müəssisədən qat-qat yaxşıdır. Həm Məhəmməd, həm Babək, həm də Zülfüqar mənimlə razılaşdılar ki, müqayisədə yaxşıdır. Amma onu da dedilər ki, niyə biz müqayisədə nəyisə tələb etməliyik, bütün müəssisələr standartlara cavab verməlidir. Başqa bir şikayət məhbuslara verilməli olan geyim, sabun və digər təmizləyicilərlə bağlı idi. Məlum oldu ki, verilən sabunla diş məcununun keyfiyyəti aşağı olduğu üçün məhbuslar onlardan istifadə etmək istəmirlər və daha keyfiyyətlilərini tələb edirlər. Yataq ləvazimatları ilə bağlı narazılığa gəlincə, məlum oldu ki, yataq dəsti məhkmulara cəmi bir dəfə – cəzaçəkmə müəssisəsinə daxil olanda verilir”.

Hüquq müdafiəçisinin gəlişi üçün xüsusi “menyü”

Araşdırılan növbəti məsələ məhbusların yeməklə bağlı şikayəti olub: “Vicdan məhbusları məndən xahiş etdilər ki, yeməyin keyfiyyətinin yaxşılaşması məsələsini qaldırım. Mən orada məhbuslarla birlikdə yemək yedim. Bu gün verilən yemək normal idi. Lakin məhbuslar dedilər ki, həbsxana rəhbərliyi mənim gəlişimə xüsusi hazırlaşıb və yeməyi yaxşılaşdırıb. Televizora baxmaq üçün ayrılan otağın soyuq olduğunu bildirirdilər. Bu problem artıq həll olunub. Iki gün əvvəl ora kombi sistemi quraşdırılıb. Qəzet problemini də araşdırdım. Arif Hacılıdan fərqli olaraq digər vicdan məhbuslarına ”Azadlıq” və “Yeni Müsavat” qəzeti verilmir. Arif bəy öz qəzetlərini onlara göndərsə də, məhbuslar bununla razılaşmırlar. Deyirlər ki, yaxınlarımızın gətirdiyi qəzetlərin bizə çatdırılmasını təmin etsinlər. Mən bu məsələni rəisin qarşısında qaldırdım. Rəis söz verdi ki, Arif Hacılıya verilir, o birilərinə də veriləcək.
Vacib məsələlərdən biri də hamamla bağlıdır. Məhbusların şikayəti təsdiqini tapdı. Yəni məlum oldu ki, hamamdan həftənin yalnız iki günü istifadə edə bilirlər. Həm Zülfüqar bəy, həm Babək bəy, həm də Məhəmməd bəy məndən xahiş etdilər ki, bu, iki gün yox, dörd gün olsun. Bu məsələni qaldırdım, rəis də heç bir problemin olmadığını bildirdi. Məhbusların şikayətdə göstərdikləri kimi, çamaşırxana həqiqətən də işləmir. Mən özüm buna şahid oldum ki, məhkumlar paltarları özləri yuyurlar”.

“Dəhşətli dərəcədə antisanitariya hökm sürür”

Tibbi hissədə də monitorinq apardığını deyən E.Fətullayev orada rüşvət halı aşkarladığını bildirir: “Sanitar qovşaqlarda dəhşətli dərəcədə antisanitariya hökm sürür. Mən bu iradı ciddi şəkildə rəisə çatdırdım. Rəis də mənimlə razılaşdığını bildirdi. Tibb müəssisəsində rüşvət hallarının olduğu da təsdiqini tapdı. Xəstə olmayan bir sıra məhkumlar ora yerləşdirilib və onlardan bunun üçün rüşvət alınıb. Bunu bir neçə məhkum da təsdiqlədi”.
Məlum müraciətlə bağlı adıçəkilən vicdan məhbuslarına hər hansı təzyiq olub-olmadığına gəlincə, E.Fətullayev bununla da maraqlandığını deyir: “Məhəmməd Məcidli dedi ki, dünən axşam məhbuslardan biri onu təxribata çəkməyə çalışıb və aralarında kiçik mübahisə düşüb. Məhəmməd bəy həmin məhbusun psixi problemlərinin olduğunu, daim ”karantində” saxlanıldığını, lakin bu məsələdən sonra müəssisənin ərazisinə daxil olduğunu dedi. Mən Məhəmməd Məcidliyə bildirdim ki, dərhal rəisə müraciət etsin. Müraciəti yazdı və mən onu rəisə təqdim edib vəziyyətdən narahatlığımı bildirdim. Rəis bildirdi ki, onların arasında məişət məsələsi ilə bağlı mübahisə düşüb, hər hansı təxribatdan söhbət gedə bilməz”.
E.Fətullayev onu da bildirib ki, bu monitorinq Almaniya Xarici Işlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihəyə əsasən nəticələrə dair hesabat hazırlanaraq həm Almaniya XIN-ə, həm də Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim olunacaq.