Bulvarın yeni daşları niyə 3 il tab gətirmədi?
Dənizkənarı bulvarda aparılan təmir işləri indi çoxların təəccübləndirir. Təəccübün əsasında isə bulvarın yenicə təmirdən qurtarması dayanır. Bulvar 2008-ci ildə yeni status alandan sonra burada yenidənqurma işləri aparıldı, təzə-təzə attraksionlar, kafelər yaradıldı. Indiki təmir işləri bulvara döşənən daş örtüyünün dəyişilməsini əhatə edir.
“Mister not”
Hazırda bulvarın Qız Qalasıyla üzbəüzdəki hissəsindən və Kukla teatrının yanına qədər olan ərazidəki örtük dəyişdirilir. Görkəmcə yeni daş örtüklərinin əvvəlkilərdən bir fərqi var: əvvəlkilər ağ-qara, indikilər isə ancaq qaradır.
Bulvarda yeni daş örtüklərinin döşənməsilə məşğul olanlara ciddi şəkildə tapşırılıb ki, heç kimin heç bir sualına cavab verməsinlər. Odur ki, təmir işlərinə rəhbərlik edən şəxsin bizim bütün suallarımıza cavabı da “bilmirəm”dən ibarət oldu. Hətta axırda həmin şəxs suallardan bezib yaxınlıqdakı mühafizəçiyə bizi oradan uzaqlaşdırmaq göstərişi də verdi.
Çinli fəhlənin əlinin bərəkəti…
Daşların hansı səbəbdən dəyişdirilməsilə bağlı müxtəlif versiyalar var. Birinci fikir onun keyfiyyətsiz olması və düzgün inşa edilməməsilə bağlıdır. Yada salaq ki, sökülən döşəmə daşlarını 2008-ci ildə Çindən gələn fəhlələr düzmüşdülər. Media hələ o vaxt çinlilərin başdansovdu təmir apardığını yazmışdı. Bulvar idarəsi isə çinlilərin işə cəlb edilməsilə bağlı addımı belə əsaslandırmışdı: “Çinlilər həm ucuz, həm də keyfiyyətli iş görürlər”.
Prezidentin köməkçisinin adı bulvar təmirində hallanır
Ikinci versiyanı isə ötən gün “Yeni Müsavat” qəzeti yazıb. Qəzet iddia edir ki, təmir adı altında əslində, milyonların mənimsənilməsi prosesi gedir: “Bulvara son 3 ildə dövlət büdcəsi hesabına 120 milyon manatdan çox investisiya yatırılıb. Orada yenidənqurma işləri 2009-cu ilin sonunda yekunlaşıb. Cəmi 2 il keçəndən sonra işlər keyfiyyətsiz görüldüyündən yenidən təmirə ehtiyac yaranıb. Çünki layihənin texniki əsaslandırılması keçirilməyib, ən başlıcası isə, bulvara xas olmayan tikinti materiallarından istifadə edilib”.
Qeyri-rəsmi mənbələrdən qəzetin əldə etdiyi məlumata görə, Bayraq meydanının ətrafında salınan bulvara büdcədən ilkin olaraq, 10 milyon manata yaxın vəsait ayrılıb. Təmir işləri isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun patronajlığı altında olan şirkətə tapşırılıb: “Işlərin ”Eurovision-2012”yə qədər yekunlaşması gözlənilir. Görünür, məmurlar beynəlxalq mahnı yarışmasından korrupsiya ocaqları yaratmaq üçün gen-bol faydalanır. “Bakını ”gözəlləşdirmək” adı ilə…”.
“Eurovision” olmasaydı da, təmir olacaqdı
Gördüyümüz mənzərini və səslənən versiyaları aydınlaşdırmaq üçün dünən Bulvar Idarəsinin rəis müavini NazimÿMəcidovla söhbətləşdik. Nazim müəllim mətbuatın yeni xəbər kimi yazdığı təmirin 3 aydan çoxdur davam etdiyini açıqladı. Onun bildirdiyinə görə, daş örtüklərinin dəyişdirilməsi bulvarın “Azneft” meydanı hissəsindən başlayıb və onun “Eurovision-2012” ilə heç bir bağlılığı yoxdur: ”Bu təmir gücümüzdən və hava şəraitindən asılı olmayaraq, davam edəcək. Ola bilər ki, “Eurovision”dan sonra da davam etdirilsin. Bizim o vaxta qədər işləri yekunlaşdırmaq öhdəliyimiz yoxdur”.
Daşlar niyə dəyişir?
Bəs cəmi 2 il yarımdan sonra təmirə, özü də əsaslı təmirə ehtiyac yaradan nələr olub? Nazim müəllim deyir ki, bulvarın daş örtüyünün bütünlüklə dəyişdirilməsi planlaşdırılmır, Dənizkənarı Parkdakı yollardan yalnız birinin daşları dəyişəcək. Bu dəyişikliyə səbəb isə həmin hissədə ağırlığın çox olmasıdır. Hansı ağırlıqdan söhbət getdiyini isə o, belə açıqlayır: “Hər il burada – dəyişilmə gedən hissədə müxtəlif dövlət tədbirləri, konsertlər olur. Bu yerdə xüsusi nəqliyyatın hərəkəti ağırlıq yaradır. Bu o nəqliyyatdır ki, ancaq bulvarda daşınmalarla məşğuldur”.
Sökülən daşların bir çoxunun qırılıb sıradan çıxdığını müsahibimiz etiraf etsə də, onlardan yararlanacaqlarını və bəzi qaralama işlərinə sərf olunacağını da deyir.
Öncəgörənlik “sıfır”
Ilk döşənmə zamanı bu yüklənməni hesabalamaq olmazdımı? Nazim müəllim deyir ki, əsla mümkün deyildi: “Biz hardan biləydik ki, məsələn, turistlərin daşınması, bulvara gələnlərin əylənməsi üçün bura maşınlar alacağıq?”
Bizdən olsaydı…
Bulvar rəsmisinin sözlərinə görə, daş örtüklərin dəyişdirilməsində keyfiyyətsizlik rol oynamayıb: “Həyat dəyişir, onunla birgə hər şey dəyişir. Siz deyirsiniz ki, 3 il daşların dəyişdirilməsi üçün qısa zamandır, bizsə deyə bilərik ki, əksinə uzundur. Bizdən olsaydı, dəyişilmə prosesini 1 il əvvəl həyata keçirərdik”.
Bakının qədimi daş küçələrinin analoqu yoxmuş
Bakıda keçən əsrin əvvəlində daş döşənmiş küçələr 100 il dözdüyü halda, sizin daşlar niyə dözə bilmədi? Nazim müəllimə bu sualı da verdik. Cavabı isə belə oldu ki, bu cür müqayisələr düzgün deyil. Çünki bulvara döşənmiş daşlar o qədimi daşlardan fərqli olaraq, təbii çay daşları deyil.
Daşa nə qədər pul sərf olunub?
Təmir işlərinə ayrılan pullara gəlincə, həmsöhbətimiz dəqiq rəqəm deməkdə tərəddüd edir. Amma vəd verdi ki, işlər yekunlaşanda məbləği “Azadlıq”a açıqlayacaq. O deyir ki, ümumiyyətlə, təmirə dövlət büdcəsindən heç bir əlavə xərc ayrılmayıb.
Təmir işlərini həyata keçirən şirkətin Əli Əsədovla bağlılığını da Nazim Məcidov inkar etdi. Bildirdi ki, 3 il əvvəlkindən fərqli olaraq, indi işləri öz tabeçiliklərindəki fəhlələr görür.
Natiq


