Xədicə İsmayılova söz azadlığı mükafatı aldı

Norveçin “Söz azadlığı” Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondu 2012-ci il üzrə media mükafatlarının qaliblərini müəyyənləşdirib. Qalib jurnalistlərdən biri “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılovadır. Xədicə İsmayılova araşdırmaçı jurnalist kimi ölkədə korrupsiya, insan hüquqlarının pozulması hallarını işıqlandırdığına görə bu mükafata layiq bilinib. Mükafatın təqdimat mərasimi mayın 24-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Bu mükafatı indiyədək Azərbaycandan “Turan” İnformasiya Agentliyi (2007-ci il), “Azadlıq” qəzeti (2009-cu il), jurnalistlər Rauf Mirqədirov (2008), Natiq Cavadlı (2009), Şahvələd Çobanoğlu (2010) və Zamin Hacı (2011) alıblar.