Şimali Koreyadan növbəti biyabırçılıq

Kim Çen İirin doğum gününə görə ölmüş naziri dəfn etməyə qoymadılar

Şimali Koreyanın paytaxı Pxenyanda ölkənin 2 ay öncə ölmüş rəhbəri Kim Çen İrin nəhəng heykəli ucaldılıb. Kim Çen İrin 70 illik yublieyi münasibətilə hazırlanmış 6 metr hündürlüyündə heykəl onu atası və Şimali Koreyanın ilk rəhbəri Kim İr Sen ilə at üstündə təsvir edir. Kim Çen İrin atı şahə qalxmış vəziyyətdədir. Ancaq mərasimdə Şimali Koreyanın hazırki rəhbəri Kim Çen In iştirak etməyib. Onun atasının xatirəsinə təşkil olunmuş başqa bir anım toplantısına rəhbərlik etdiyi xəbər verilib.

Heykəldən başqa, ölmüş rəhbərin şərəfinə qızıl və gümüş pullar, medallar basılıb. Bir dağın yamacında 120 metr enində şüar yazılıb. Paytaxt Pxenyan Kim Çen İrin xatirəsinə yetişdirilmiş və onun adını daşıyan “Kimjongilla” çiçəklərilə bəzədilib. Ona ölümündən sonra “generalissimus” rütbəsi də verilib. Çərşənbə günü onun şərəfinə “parlayan ulduz günü” elan olunub.

Bu arada ölkənin ticarət naziri Kim Bon Çer və 3 yüksək vəzifəli dövlət rəsmisinin vertolyot qəzasında öldüyü barədə xəbər yayılıb. Onlar Kim Çen İrin doğum gününə hazırlıq məqsədiylə Şimalı Koreyanın Sundon adasındakı fabrikdə hazırlanmış hədiyyələri paytaxt Pxenyana gətirmək üçün yollanıblarmış. Naməlum mənbələrin Cənubi Koreya mətbuatına verdiyi xəbərə görə, yüksək qəzada həyatını itirən rəsmilərin dəfn mərasimi Kim Çen İrin ad günü tədbirlərinin davam etməsi səbəbindən təxirə salınıb. Ticarət naziri və digər 3 dövlət rəsmisinin bayram şənliklərindən sonra dəfn olunacağı söylənilir.

İnformasiya şöbəsi