Gənclər meriya və polisi məhkəməyə veriblər

Ictimai Palatanın üzvləri – Səxavət Soltanlı, Cəmil Hacıyev, Əbülfəz Qurbanlı və Samir Əsədli Bakı şəhər Icra Hakimiyyətini və Bakı şəhər Baş Polis Idarəsini məhkəməyə veriblər. Həmin şəxslərin hüquqi nümayəndəsi Ruslan Mustafazadənin APA-ya verdiyi xəbərə görə, 1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsində iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lakin qarşı tərəf prosesdə iştirak etmədiyi üçün məhkəmənin baxış iclasının vaxtı təyin olunmayıb. Qeyd edək ki, həmin şəxslər 2011-ci il noyabrın 15-də Bakı şəhər Icra Hakimiyyətinin qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması və IP-nın ötən ilin aprel ayında keçirdiyi razılaşdırılmamış aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə piket keçirmək istəyiblər. Onlar piketə icazə verilməsi üçün icra hakimiyyətinə müraciət ediblər. Lakin onlara tədbiri keçirmək üçün icazə verilməyib. Buna baxmayaraq, həmin şəxslər piketi keçiriblər. Bu zaman polis əməkdaşları müdaxilə edərək, piketin qarşısını alıb. Cəmil Hacıyev isə tutularaq 4 saat polis idarəsində saxlanılıb.
Həmin şəxslər iddia ərizələrində BŞIH-nin qərarının qanunsuz hesab edilməsi və ləğv olunması, polis əməkdaşlarının piketə müdaxiləsinin qanunsuz sayılması, piket iştirakçılarının hüquqlarının pozulmasının məhkəmə tərəfindən tanınması və dəymiş mənəvi zərərə görə hər bir iddiaçıya 2000 min manat təzminat ödənilməsini tələb edirlər.