“Atəşkəs Qurbanları” təşkilatı orduda köklü islahatlara çağırır
Fevralın 16-da yeni yaradılmış “Atəşkəs Qurbanları” ictimai birliyinin mətbuat konfransı keçirilib. Milaz.info portalının məlumatına görə, atəşkəs dövründə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçərkən dünyasını dəyişmiş valideyinlərin təşəbbüs və təşkilatçılığı ilə təşkil olunan tədbirdə təşkilatın məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə jurnalistlərə məlumat verilib.
Təşkilat fevralın 5-də təsis olunub və sədri 2011-ci ilin 20 fevralında Murovdakı hərbi hissədə kütləvi qətliam nəticəsində dünyasını dəyişmiş Zakir Quliyevin atası Etibar Quliyevdir. E.Quliyev bildirib ki, atəşkəs dövründə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçərkən dünyasını dəyişmiş, sağlamlıqlarına ziyan dəymiş hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, maarifləndirmə və sosial dəstəyi yeni yaradılmış təşkilatın əsas fəaliyyət hədəfləridir.
“Çox narahat edici məqamlar var. Problemlər çoxdur. Xüsusilə də ordu rəhbərliyinin işi yarıtmazdır. Müdafiə naziri Səfər Əbiyev kimi generallar daha çox bizneslə məşğuldurlar. Biz hesab eidik ki, orduda köklü islahatlar aparılmalıdır. İndiki ordunun əvəzinə müqaviləli ordu yaradılmalıdır”, – deyə E.Quliyev bəyan etdi.
Təşkilatın həmtəsisçisi, 2010-cu ildə Daşkəsən hadisələrində dünyasını dəyişən əsgərin atası Bəyalı Əzizov bildirib ki, birlik məqsədlərinə çatmaq üçün Azərbaycanda və xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyatlı qeyri-hökumət təşkilatları, Azərbaycanın aidiyyatlı dövlət orqanları və bələdiyyələrlə əlaqələr quracaq və onlarla birlikdə layihələr həyata keçirəcək. Eyni zamanda elmi araşdırmalar aparacaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər keçirəcək, sərgilər, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirəcək.
Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, yeni təşkilatın fəaliyyət istiqamətlərindən biri də Ermənistan cəmiyyəti ilə işləmək ola bilər: ”Siz erməni cəmiyyəti ilə işləyə bilərsiniz, onlarda da atəşkəs qurbanları çoxdur. Erməni cəmiyyətini, valideynləri inandırmaq və o fəaliyyətə səsləmək lazımdır ki, rəsmi Yerevanın işğal altında olan Azərbaycan torpaqlarını azad etməsinə çağırış etsinlər. Eyni zamanda beynəlxalq donorlarla işləmək olar. Xüsusilə də ATƏT-lə. Çünki əgər bu qədər itkilər varsa, atəşkəs sazişinin imzalanmasının faydası nədir, danışıqlar nəyə hədəflənib və ya cəbhədə ayda iki dəfə monitorinq niyə aparılır”.
Tədbirdə “Silahlı Qüvvələr Veteranları” ictimai birliyinin sədri Daşdəmir Əliyev, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov, “Müdafiə və Təhükəsizlik sektoruna İctimai Nəzarət” təşkilatının rəhbəri Tərlan Eyvazov, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təmsilçisi Üzeyir Məmmədli və başqaları çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildiriblər.
Tədbirdə 20 fevral tarixi Azərbaycanda “Atəşkəs Qurbanları Günü” elan edilib. Təşkilatın sədri E.Quliyev deyib ki, həmin təqvim təsadüfi seçilməyib: “2011-ci ilin 20 fevralında Murovda, Toğanadakı hərbi hissədə kütləvi qətliam baş verdi və 7 əsgər dünyasını dəyişdi. Bu son illərin ən kədərli hadisələrindən biri idi”.
Fevralın 20-də təşkilatın üzvləri atəşkəs dövrünün şəhidlərinin xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanını ziyarət edəcək.