“Fetih – 1453” dünyanı fəth edir (VİDEO)

Fevralın 16-da Türkiyə vaxtı ilə saat 14:53-də (İstanbulun alınma tarixi -1453) rejissor Faruk Aksoyun “Fetih-1453” filmi kinoteatrlarda göstərilməyə başlanıb.

Film 450 nüsxə ilə 900 kinoteatrda – Almaniya, Hollandiya, Belçika, Avstriya, Fransa, İngiltərə, İsveçrə, Quzey Kipr Türk Cümhuriyyəti, Orta Şərq ölkələri, İndonezya, Malaziya, Rusiya, Albaniya, Serbiya, Bosniya, Makedoniya, Kosovo, Rumıniya, Yunanıstan, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da  tamaşaçılarla görüşüb.
Filmin biletləri əvvəlcədən satışa çıxarılıb.

Təəccüblüdür ki,  film Azərbaycanda göstərilməyəcək. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən ölkə kinoteatrlarının siyasətinə qarışmadıqlarını bildiriblər (“Azadlıq” radiosu).

“Fetih-1453” filmi təkcə İstanbulun alınma tarixini deyil, İstanbulu alan Osmanlı padşahı Fatih Sultan Mehmetin uşaqlığından ta fatehliyinədək bir dövrü əhatə edir.
Baş rolu – Fatih Sultan Mehmeti Devrim Evin oynayır. İstanbula zəfər bayrağını asan Ulubatlı Hasanı bizlərə “İffet” dizisində  Cemil rolundan tanış olan İbrahim Çelikkol canlandırır. Onun sevgilisi Era rolunda Dilek Serbest çəkilib.

Filmin çəkilişlərində 15 min köməkçi aktyor oynayıb. Dekor hazırlıqları aylar sürüb. Təkcə son fəth səhnəsiniun hazırlıqları 10 ay çəkib.
Demək olar ki, bütün tarixi yerlərin, sarayların, hovuzların oxşarı qurulub. Hətta Vatikan Sarayının kitabxanası da quraşdırılıb.
Son mərhələ – fəth mərhələsi 11 həftə sürüb.
Filmdə istifadə olunan kostyumlara 44 min metr parça işlənilib.

Film 3 illik hazırlıqla 17 milyon dollara çəkilib. Türkiyə kino tarixində bu, rekord rəqəmdir.

Filmin təkcə fraqmentlərinin yayılması Yunanıstanda qəzəbə səbəb olub. Alman Xristian Dərnəyi xristianları bu filmə baxmamağa səsləyib.

Bir neçə gün öncə Türkiyənin “Zaman” qəzeti filmə Hollivuddan sürpriz təklif gəldiyini yazıb. Qəzetin yazdığına görə, Berlin Beynəlxalq Film Festivalında “Fetih-1453”ün yalnız 10 dəqiqəsinə baxan Universal Studiyaları filmin Avropada yayımını öz üzərinə götürən Kinoster vasitəsiylə Aksoy filmə təklif göndərib, filmin Avropada yayılma haqlarını istəyib. Türk mediası bu təklifin qəbul olunacağı təqdirdə, türk kino tarixində bir ilkə imza atılacağını yazıb.