Bir neçə gün qabaq ləzzətli xəbər oxudum: saytlar yazmışdı ki, prezident Ilham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti Rumıniyanın müxtəlif ucqar bölgələrində yaşayan insanlara humanitar yardım edib.
Yardımlar son həftələr aramsız yağan qar və çovğunlu hava şəraitindən zərər çəkmiş Rumıniya əhalisinə göstərilib. Bölgələrdə nəqliyyatın və cari fəaliyyətin iflic olması ilə əlaqədar insanların gündəlik tələbatını qarşılamaq üçün elan edilmiş yardım kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan-Rumıniya ikitərəfli sənaye və ticarət palatası, eləcə də Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətləri tərəfindən müxtəlif növ ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar, habelə isti geyim əşyaları zərərçəkmişlərə təqdim edilib.
Vallah adam lap kövrəlir. Bu boyda humanizm nümunəsindən necə mütəəssir olmayasan? Necə deyərlər, əl tutmaq Əlidən qalıb. Əliyev hakimiyyəti də deyəsən bu yolun yolçusudu. Ancaq bir öz evinə yağı kimi baxıb, başqalarına mələk olmaq kimi bir fərq var.
Son günlər elə Azərbaycanda da havalar o qədər xoş keçmədi. Son 120 ildə ilk dəfə Bakıda 11-13 dərəcə şaxta qeydə alındı. Qar, çovğun ölkəni caynağına aldı. Yollar buz bağladı, qarı təmizləməyə bir maşın tapılmadı. Səhv eləməsəm, Azərbaycan üzrə cəmi iki yol təmizləyən texnika var ki, onları da prezidentin gəlib-getdiyi yollarda işlədirlər. O da bəlli deyil, ümumiyyətlə, dövlət başçısı ölkədədi, ya yox. Əsas odu ki, “yar gələndə toz olmasın”. Gəlib keçdiyi yollarda texnika işlədiyini görüb Bakı Şəhər Icra Hakimiyyətinin, Nəqliyyat Nazirliyinin çalışması haqda təəssüratı olsun. Halbuki dövlət başçısı bütün yolları boyu gözlərini yumsa belə, çox yaxşı bilir ki, nə yolları təmizləyən texnika var, nə ən azı bellə-kürəklə çalışan işçi. Üç beş yerdə beş-on ovuc qum səpiblər, vəssalam. Şəxsən mən, hələ indiyə kimi bir dəfə bu qarlı yolda bir texnikaya rast gəlməmişəm.
Nə qədər vətəndaş bu qar-çovğunda sürüşüb əl-ayağını qırdı. Xəstəxanalar sümük qırıqları, əzilmələrlə gələn xəstələrdən dolub daşdı. Əlbəttə, bu günlərdə həkimlərin sevincini yaxşı başa düşmək olar. Maaş az, dolanışıq çətin. Həkimin də ailəsi-uşağı var. Həkimin özünün də xəstəsi, naxoşu var, o da dəva-dərmanı hökumətin yalanlarıyla yox, cibinin puluyla alır, müəllimlərə analoqsuz inkişaf haqda nağılları yox, nəğd pul şirincəkliyi göndərir. Qəssaba da, yol polisinə də, dükan sahibinə də, aptekçiyə, ət satana, süd satana, pal-paltar satana, kommunal xərclərə, mobil telefon operatorlarına… hamısına nəğd pul ödəməlidi. Bəs o paranı hardan gətirsin? Əlbəttə ki, para ödədiyi adamların, təşkilat işçilərinin hamısı bir yeri ağrıyan kimi, ya elə bu günlərdə qol-qıçını qırdığında onun üstünə gələcəklər, o da onlara verməli olduğu pulu elə onlardanca qoparacaq ki, sabah özü də ətsiz, susuz, qazsız, işıqsız, dəva-dərmansız qalmasın, müəllim onun uşağını bütün sinfin gözü qarşısında biabır eləməsin, polis maşınını cərimə meydançasına göndərməsin, sürücülük vəsiqəsinə bal yazılmasın, telefonu bağlanmasın və s.
Bəli, Azərbaycan hökuməti bu qədər qardan-çovğundan əziyyət çəkənlərə yardım eləmədi. Hamı sınıqlarını öz puluyla sarıtdırdı, hamı suyunu gedib dükanlardan aldı, hətta tualet “baçok”unu mineral suyla dolduranlar da oldu.
Indi Azərbaycanın Rumıniyadakı səfirliyi təşəbbüs göstərib rumın xalqı üçün Əliyevdən bir şey qopara bildi. Deyirəm keşkə, Azərbaycanda da Azərbaycanın bir səfirliyi açılaydı. Onda Azərbaycan dövlətinin prezidenti əziyyət çəkən Azərbaycan xalqına da humanistlik göstərərdi. Görəsən, diplomatiyada belə bir təcrübə varmı?