Almaniyanı da belə susdurduq

Bu “Şpigel” lap ağını çıxarmışdı – Almaniyanın məşhur nəşrini deyirəm. 2012-ci il başlayar-başlamaz düşdü Azərbaycan hakimiyyətinin üstünə. Ilham Əliyev iqtidarını bir məqalədə “mafioz”, “julik”, “ədəbsiz” adlandırmağı bəs deyil, hələ davamını da gətirdi. Hiss olunur ki, “Şpigel”çilər Azərbaycan hakimiyyətinin qüdrətindən xəbərsizdirlər və elmi-kommunist Ramiz Mehdiyevin ideoloji imkanlarını düzgün qiymətləndirmirlər.
“Şpigel” anlamır ki, Ramiz Mehdiyev kimi dünya şöhrətli siyasətçi…-nin yardımçısı cəmi ikicə məqalə ilə “Vaşinqton Post”un dizini yerə gətirdi. Hörmətli akademikin ABŞ Dövlət Departamentinə yaxın olduğundan bərk şübhələndiyi “Vaşinqton Post” 2011-ci ildə Azərbaycan hakimiyyətinin dünya iqtisadiyyatında, Ilham Əliyevin beynəlxalq siyasətdə qazandığı uğurları görməzlikdən gəlməyə başlamışdı, ölkəmizdə insan haqlarının it, demokratiyanın qurd yerinə qoyulmadığı ilə bağlı ağzına gələni yazırdı. Nooldu? Baş ideoloqumuzun dərin zəkası nəticəsində “Azərbaycan” qəzeti dalbadal iki məqalə ilə nəinki “Vaşinqton Post”u, hətta ABŞ Dövlət Departamentini susdurdu.
Eyni dərsi “Şpigel”ə keçməyin zamanı çatmışdı. Xırdaca araşdırma və “akademik” təhqiqatla “Şpigel”in Almaniya hakimiyyətinə bağlılığı faş edildi və anında Angela Merkelin cavabı verildi. “Bakraboçi” qəzetinin artıq xarici mətbuatda yazılanlara cavab vermək üzrə ixtisaslaşmış redaktorunun imzası ilə alman hökumətini nə günə qoyduqsa, utandığından Merkelin Almaniyadan bayıra bir addım atacağı çox şübhəlidir.
Demə, bu “Şpigel”in məqsədi Azərbaycanda mülkiyyət hüquqlarının pozulmasını, insan haqlarının tapdandığını, demokratiyanın olmamasını, siyasi məhbusların türmələrdə çürüdüldüyünü dünya ictimaiyyətinə göstərmək deyilmiş. Doğrudan da öz müdrik cavabıyla xarüqələr yaradan (Sumqayıtda) müəllif haqlıdır: məgər “Şpigel”in dedikləri bu ilmi baş verib? Insan hüquq və azadlıqları ötən ildənmi pozulmağa başlayıb?
Əlbəttə ki, yox! Insan haqları bu ölkədə 18 ildir tapdanır, seçkilər saxtalaşdırılır, mülkiyyət hüquqları pozulur, hakimiyyət zəbt edilir… Bəs, ABŞ, Avropa niyə bu məsələləri indi qaldırmalıdır?
Filosof olduğundan, Ramiz Mehdiyev çox gözəl bilir ki, hər məsələnin bir səbəb-nəticə əlaqəsi vardır. Səbəb demokratiya olsaydı, zırıltısı 2012-də çıxmazdı. Bəs, nədir səbəb?
“Nabukko”! Canım nöyüt, gözüm nöyüt! Iqtidar məmurlarına abunə etdirmək yoluyla oxutdurulan 5 min tirajlıq “Azərbaycan” qəzetində “Şpigel” və Almaniyanın anasını ağlar qoyub, onu cahanda rüsvay edən müəllif haqlı olaraq buyurur ki, Azərbaycan hakimiyyəti xalqının neft maraqlarını kimsəyə güzəştə getməz. Yəni Almaniyanın məqsədi nöyüt imiş, Ilham Əliyevsə Transanadoluya razılıq verəndən sonra “Nabukko” layihəsinin gerçəkləşməyəcəyini görən Avropa qılıncını sıyırıb, Azərbaycandan demokratiya tələb etməyə başlayıb.
Zatən, “Nabukko”ya Medvedev-Putin Rusiyası birmənalı veto qoymuşdu və sentyabr ayında Azərbaycan hakimiyyətini açıq şəkildə təhdid etmişdi. Ilham Əliyev nə qayırmalıydı? Şimal qonşumuzun sözünü yerə salıb, Azərbaycan xalqının “neft maraqlarını” “Nabukko”ya qurban verməliydi?
Təbii ki, Ilham Əliyev neft maraqlarımızı kimsəyə güzəştə getməz. Neftimizi kiməsə güzəştə getsək, bəs, ildə 1 dəfə “dünya standartlarına uyğun çəkilmiş beton yolu”, 2 dəfə Kukla Teatrını, 3 dəfə Filarmoniyanı, 4 dəfə Funikulyoru, 5 dəfə yol kənarındakı mərmər səkiləri necə “əsaslı və dərindən” təmir edə bilərik?
Almaniya “Nabukko” layihəsi ilə daşınacaq təbii sərvətlərimizi, məncə, havayı almaq istəyir – “Bakraboçi” müəllifi də məhz buna işarə vurub. Məgər, Azərbaycan neft və qaz yataqları Merkelin atasından qalıb ki, onu havayı verək Almaniyaya? Elə çıxardığımız nefti Heydər Əliyev adına terminaldan Heydər Əliyev adına boru xəttiylə Heydər Əliyev adına Ceyhana daşıyıb, Azərbaycan xalqının gələcəkdə, buzlaşma dövründə köçüb yaşaması və sağ qalması üçün Dubayda villa ala bilmərikmi?
Yaxşı verdik cavablarını, bundan sonra Almaniya (“Şpigel”) heç “mıqq” da edə bilməz – necə ki, ABŞ (“Vaşinqton Post”) səsini içinə saldı. Gör, ABŞ nə günə qaldı ki, qorxusundan Bakıya düz-əməlli bir səfir də göndərə bilmir.
Qoy, alman səfiri, lap AB diplomatları da getsin. Biz Iranla mehriban qonşuluq siyasəti çərçivəsində ölkəmizi Avropaya inteqrasiya etməyi bacararıq.