Yeni Yasamaldan Bülbüləyə metro çəkiləcək

2030-cu ilədək Bakı şəhərində 73 metro stansiyası istifadəyə veriləcək. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, ölkə prezidentinin tapşırığına əsasən, Yeni Yasamal yaşayış massivindən Bülbülə qəsəbəsinə kimi 19 kilometrlik metro xətti çəkiləcək: “Bu xətt üzərində tikiləcək stansiyalar arasında məsafə 900 metr olacaq ki, bu da əhalinin metro nəqliyyatından istifadəsini daha da asanlaşdıracaq. Tikiləcək stansiyaların depoları indiki kimi 5 deyil, 7 vaqon tutumuna malik olacaq. Alınacaq yeni vaqonlarda kondisioner sistemi olacaq və onların istismar müddəti 31 deyil, 49 il olacaq”.

T.Əhmədov vurğulayıb ki, 2013-cü ilin sonunadək Bakı Metropolitenində işə 1400 ixtisaslı kadr cəlb olunacaq (AzərTAc).