İran Əhmədinejadın günlər öncə anonsunu verdiyi nüvə uğurunu açıqladı
Pentaqon isə Tehrana yönəlik daha sərt addımlar təklif etdi
İran Qərb ölkələrinin tələb və təzyiqlərinə məhəl qoymayaraq bir neçə gün öncə anonsunu verdiyi nüvə uğurunu ötən gün açıqlayıb. Tehran Nüvə Araşdırma Reaktorunda yerli istehsal olan nüvə yanacağı çubuqları və dördüncü nəsil sentrefuqalardan istifadə ediləcək. İranın istehsal etdiyi ilk nüvə yanacağı çubuqları Tahran Nüvə Araşdırma Reaktoruna dövlət televiziyası ilə canlı yayımlanan tədbirlə yüklənib. Mərasimdə açılışı ölkə prezidenti Mahmud Əhmədinejad edib. İran bundan başqa yerli istehsal olan dördüncü nəsil uran zənginləşdirmə sentrefuqarlardan Natan nüvə obyektlərinə də yerləşdirilməyə başlandığını açıqlayıb.
Rəsmi Tehranın nüvə fəaliyyətindən ciddi narahatlıq keçirən ABŞ və müttəfiqləri İranı bu fikrindən daşındırmaq üçün hələlik bu ölkəyə yönəlik daha sərt sanksiyaların tətbiqini məqsədəuyğun sayır. ABŞ-ın müdafiə naziri Leon Panetta Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında çıxışı zamanı bildirib ki, ABŞ da İsrail və digər ölkələr kimi İranın mübahisəli nüvə proqramından narahatlıq keçirir: “Biz İranın nüvə silahına sahib olmasının tərəfdarı olmadığımızı açıq şəkildə bildirmişik. Rəsmi Tehran Hörmüz boğazını bağlamaq təhdidindən də vaz keçməlidir. İndiki məqamda dünya ictimaiyyətinin bir yerdə olmasını və İrana qarşı sanksiyaların sərtləşdirilməsini vacib sayırıq”.
İsrailin baş nazirinin müavini Silvan Şalom İranı fars imperiyasını bərpa etmək siyasəti yürütməkdə ittiham edib. Onun sözlərinə görə, İranın regionda bütün neft yataqlarına nəzarət etmək niyyəti də məhz bundan xəbər verir:“İran ümumiyyətlə, Yaxın Şərqdə rejimi dəyişmək və nüvə silahına malik olan bir ölkə kimi regionda süper gücə çevrilmək istəyir.
İranın müdafiə naziri Əhməd Vəhidi isə deyib ki, Tehran rejimi İran Fars körfəzində öz milli maraqlarını var gücü ilə qorumaq niyyətindəri. Onun sözlərinə görə, 30 ilə yaxındır supergüclər elan olunmamış müharibə və onun ardınca Küveytin işğalından sonra yaranmış məsələləri bəhanə edərək Fars körfəzində sabitliyi pozublar. İranlı nazir bəzi region dövlətlərinin münasibətlərdə qeyri-hüquqi davranmalarına və hərbi müdaxiləyə yol açmalarına da toxunub:“Hər il 10 min gəmi Hörmüz boğazından keçir və onların yükünün 75 faizi yanacaqdır. Ancaq düşmənlər İranın Fars körfəzindəki rolunu görməzliyə vurmaq istəsələr də, Tehranın güclənməkdə olan mövqeyi unudula bilməz”.
Bu arada Avropa Birliyinin üzvü olan 6 ölkənin səfirinin İran Xarici İşlər Nazirliyinə çağırıldığı haqda məlumatlar yayılıb. İtaliya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və Hollandiyanın səfirləri tən gün səhər saatlarında ayrı-ayrılıqda XİN-də olublar. Görüşdə Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar və başqa məsələlər müzakirə olunub. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, deputat Kərim Abidinin sözlərinə görə, Avropanın bəzi ölkələri Avropa Birliyinin İran neftinə tətbiq etdiyi sanksiya qərarının ləğv olunması üçün İrandan möhlət istəyib.
İnformasiya şöbəsi


