Rafiq Tağı İran Ayətullahlarının fitvası əsasında öldürülməyib

Qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailəsinin vəkili Elçin Sadıqov “Media forum” saytının suallarını cavablandırıb

– Rafiq Tağının qətlinin üstünün açılması üçün aparılan istintaq hələ ki, heç bir nəticə ortaya qoymayıb. Ailəsi və onların hüquqlarını müdafiə edən vəkil kimi siz bu durumda hansı addımları atmağı planlaşdırırsınız?

– Yenə də istintaqın gedişi barədə bizə hər hansı məlumat vermirlər. Ona görə də Rafiq Tağının ailəsi prezident İlham Əliyevə müraciət edəcək. Artıq müraciət hazırdır və yaxın zamanlarda göndəriləcək. Müraciətdə istintaqın gedişindən, istintaqı aparan orqanın fəaliyyətindən narazılıq ifadə olunur. Çünki istintaqın araşdırmadığı hallarla bağlı rəy verməsi qanunsuzdur. Bu xüsusən də Rafiq Tağının qətlində həkimlərin məsuliyyətinin olmaması haqda verilən rəyə aiddir. Araşdırmadığı, lazımi ekspertizalar keçirmədiyi hallar haqqında rəy verməsi istintaqın qərəzli aparıldığı qənaətinə əsas yaradır. İstintaq işə qərəzlə yanaşır. Ailəsi Rafiq Tağının qətlinin obyektiv araşdırılması üçün prezident İlham Əliyevdən kömək istəyir, bunun üçün dövlət başçısından istintaq orqanına göstəriş verməsini xahiş edir.

Bundan başqa, biz artıq daxili müdafiə vasitələrini tükəndirmişik və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayırıq. Hesab edirik ki, həmin şikayətin nəticəsi çox uğurlu olacaq və Azərbaycan hökumətinin qətli araşdırmaq öhdəliyini yerinə yetirmədiyi təsdiqini tapacaq.

– Ötən müsahibənizdə demişdiniz ki, istintaq Rafiq Tağının qətlini araşdırmaq üçün həqiqətə yaxın fərziyyə götürmür. İstintaq bunu niyə etmir?

– Əgər vaxtında isti izlərlə araşdırma aparılsaydı, onda cinayətkarı tapmaq mümkün olardı. Ümumiyyətlə, istintaq Rafiq Tağının qətlini adi bir kriminal hadisə kimi qiymətləndirir və öz fəaliyyətini də belə qurub. Amma hamı bilir ki, Rafiq Tağının öldürülməsi onun yazıçılıq, jurnalistlik fəaliyyəti ilə bağlıdır. Prokurorluq Rafiq Tağının qətlinə adi kriminal hadisə kimi yanaşdığına görə aparılan istintaq, araşdırma heç bir nəticə vermir. Hesab edirik ki, prokurorluğun belə mövqe tutması istintaq qrupunun Rafiq Tağının qətlini araşdırmaq niyyətinin olmadığını göstərir. Ona görə də ilk növbədə prokurorluq mövqeyini dəyişməlidir.

Rafiq Tağının qətlinin istintaqını müstəntiq Nadir Mirzəyev aparır. Biz ona etiraz etmişdik. Çünki Nadir Mirzəyev başqa işləri də araşdırır. 2006-cı ildə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi cinayətinin istintaqını da Nadir Mirzəyev aparır. Amma faktiki olaraq orada istintaqı dayandırıb və heç bir nəticə əldə etməyib. Hesab edirik ki, Rafiq Tağının qətlə yetirilməsi cinayətinin Nadir Mirzəyevə tapşırılması bu qətlin ört-basdır edilməsinə hesablanmış bir addım ola bilər. Amma istintaq orqanı bizim etirazımızı təmin etmədi.

– Rafiq Tağının qətlinin üstünün açılmaması yalnız istintaqın üzləşdiyi çətinliklərlə bağlıdır, yoxsa bunun üçün siyasi iradə lazımdır?

– Burada hər iki hal mövcud ola bilər. Təbii ki, cinayətin üstünün açılması üçün siyasi iradə də olmalıdır. Amma ilk növbədə prokurorluğun bu işdə yol verdiyi nöqsanlar aradan qaldırılmalı, işə obyektiv yanaşma olmalıdır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb. Orada göstərilir ki, Rafiq Tağının qətlə yetirildiyi ərazidə 41 kamera çəkilişi aparılıb və həmin çəkilişlərə baxış keçirilib. Qatillərin 41 kameradan heç birinə düşməməsi, bu qədər kameranın gecə-gündüz çəkiliş apardığı ərazidə törədilən cinayətin üstünün açılmaması absurddur. Hesab edirəm ki, prokurorluğun Rafiq Tağının qətlinin üstünü açmaq niyyəti yoxdur. Niyyət olsa, bu cinayətin üstünü açmaq mümkün olar. Amma indi belə bir niyyət yoxdur və bunun səbəbi bizə aydın deyil.

– Vəkil kimi bu işlə məşğul olursunuz, vəsatətlər verirsiniz, məhkəmə çəkişmələrində iştirak edirsiniz. Bütün bunlardan sonra nə qənaətə gəlmisiniz, Rafiq Tağının qətlini kim təşkil edib?

– İndi bu barədə hər hansı fikir söyləmək çətindir. Bunu müəyyən etmək dövlətin, onun istintaq orqanının vəzifəsidir. Hesab edirik ki, bütün hallarda Rafiq Tağının qətlə yetirilməsi onun fəaliyyəti ilə bağlıdır və adi bir kriminal hadisə deyil. Rafiq Tağının qətli xüsusi təşkil olunub. Çünki Rafiq Tağını xüsusi izləyiblər və iş qrafikini öyrəniblər. İş qrafiki ilə əlaqədar olaraq Rafiq Tağı qətlə yetirildiyi ərazidən dörd gündən bir keçirmiş. Onu ən azı iki həftə izləyiblər. Bütün bunlar onu göstərir ki. Rafiq Tağının qətli xüsusi təşkil olunub.

Bu barədə mətbuatda müxtəlif fərziyyələr səsləndirilib. Hesab edirəm ki, istintaq səsləndirilən bütün fərziyyələri araşdırmalıdır. Amma onu deyə bilərəm ki, Rafiq Tağı İran ayətullahlarının fitvası əsasında öldürülməyib. Rafiq Tağının ayətullahların fitvasına görə öldürülməsi fərziyyəsi həqiqətdən uzaqdır. Çünki Rafiq Tağı həbsdən azad olunduqdan sonra islamçılar tərəfindən hədələnməyib, təzyiqlə üzləşməyib. İş yerində araşdırma aparmışıq. Məlum oldu ki, iş yerində onun heç bir problemi olmayıb. Bu, sifariş əsasında törədilən qətldir.