Çox maraqlı bir situasiya ilə qarşı-qarşıyayıq. Tarixdə heç bir xalq öz doğulduğu ölkəni bü cür asanlıqla tərk etməyib. Bu gün, 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin, istərsə də XX əsrin ən böyük diktatoru Stalinin etmək istədiklərinə müqavimət göstərən xalqa heç bənzəmirik.
Sosial ədalətsizlik, işsizlik, demokratik dəyərlərdən məhrum bir ölkə vətəndaşları üçün xilas yolu ya inqilabdır, ya da köçüb getmək…
Bu gün uzaq Sibir çöllərindən, Amerikanın Virciniya əyalətindəki tütün plantasiyalarınadək, bütün dünyaya səpələnən soydaşlarımızın Vətəndən küsüb getdiklərini söyləsək, yanılmarıq.
Ölkə rəsmiləri bunu gizlətməyə çalışsalar da, xarici mənbələr və… xaricə sərnişin daşıyan nəqliyyat qurumlarımızın hesabatı bizə əksini söyləyir. Hər gün orta hesabla, təxminən min nəfərə yaxın vətəndaş ölkəni tərk edir. Rusiyada əhalinin son iki siyahıya alınması zamanı açıqlanan rəqəmlər isə, dəhşətlidir – ölkədə 3,5 milyon azərbaycanlı yaşayır, bunun 2 milyona yaxını son 15 ildə gedənlərdir. 2011-ci il üçün təkcə Rusiyada bu rəqəm 500 min olmuşdur.
Azərbaycanın əyalət rayonları bir-birinin ardınca boşalır, əmək qabiliyyətli əhali ölkəni tərk edir.
Azərbaycanda artıq bu demoqrafik fəlakətin fəsadları hiss edilməkdədir.
Yəqin ki, telekanallarda evlilik proqramlarını seyr edirsiniz, evlənmək istəyən qızlar, oğlanlara nisbətən nəzərəçarpacaq dərəcədə çoxdur. Boşanmiş qadınların əksəriyyəti, keçmiş ərlərinin Rusiyada olduğunu bildirir. Ümumiyyətlə, ölkədə 30-45 yaşlarında 104 mindən bir qədər çox boşanmiş cütlük var. Son iki ildə, 20 minə yaxın boşanan cütlüyün qeydə alınması prosesin daha sürətli getdiyini göstərir… Bütövlükdə 447 mindən çox dul vətəndaşımız var. 9 milyonluq ölkə üçün çox kritik rəqəmlərdir.
YAP-ın vəsiqə sayı ilə ölçülməli işsizlik…
Iqtidar hər fürsətdə iş yerlərinin açıldığını bəyan edir. Ölkə rəsmilərinə inansaq, ölkədə işsizlik problemi həll olunub. 4,2 milyon insanın işlə təmin olunduğunu iddia edən iqtidar ölkədən kənarda işləyən təxminən 3 milyona yaxın insanın varlığını sanki unudur. Beləliklə, iqtidara inansaq və xaricdə çalışan həmvətənlərimizi bura əlavə etsək, təxminən 7,2 milyon edir(!). Qalan işsiz və əmək qabiliyyəti olmayanları, uşaqları və qocaları bura əlavə etsək, belə çıxır ki, Azərbaycanda 14 milyon əhali yaşayır(!). 9 miyon hesab ediləcəyimiz halda (lənət şeytana!!!), belə çıxır ki, Azərbaycanda qoca və uşaqların 70%-i də işləyir(!). Bizə sırımaq istədikləri ən böyük yalan isə… ölkədə 3 milyondan çox YAP üzvü olmayanların işləməsidir(!). Eyni “məntiq”lə, “Neftçi”nin, “Barselona”dan güclü olduğunu söyləmək olar… Bu ölkədə YAP vəsiqəsinin, əmək kitabçasından qabaq gəldiyi haqda şifahi xalq ədəbiyyatımızda saysız nümunələr var…
Bizdə niyə milyonçu yoxdur?
…Siyasi elitanın iradəsindən kənar zəngin iş adamına çevrilmək çox təhlükəlidir. Bir göz qırpımında ömür boyu qazandığından məhrum olmaq himayəsiz sahibkarlar üçün adi hala çevrilib. Əlbəttə, iri məmurları və onların himayə etdiklərini hesaba almasaq…
Əvəzində isə, azərbaycanlılar yaşayan istənilən ölkədə, milyonçu, hətta milyarder soydaəlarımız kifayət qədərdir. Bu gün təkcə Rusiyada 10-a yaxın azərbaycan mənəəli milyarder var. Son 20 ildə dünya çox dəyişib, Azərbaycanda isə sürətlə qütbləşmə gedir – bir ovuc büdcəni talayanlarla, qalan əhalinin amansız və təhlükəli savaşına şahidlik edirik…
Özgə tunelin sonunda görünən işıq…
…90-cı illərin ortalarında Istanbulun tez-tez keçdiyim Veznəçilər səmtində ilk dəfə olaraq fəhlə baraklarına rast gəlmişdim. O qədər də böyük olmayan bu baraklarda… Banqladeşdən gələn işçilər yaşayırdı. Əsasən kimya sənayesində qaçaq muzdlu kimi çalışan, 50-60 kişi olaraq, ümumi dam altında yaşayan bu qərib fəhlələrin tək bir arzusu var idi, – Avropaya, əsasən də Ingiltərəyə gedib çıxmaq üçün lazım olan vəsaiti toplamaq… Mükəmməl türkcə danışmaqlarından bəlli olurdu ki, bu miqdarı toplamaq üçün onlara bəzən illər belə yetmirdi. Etiraf edim ki, muzdlu banqladeşli tipi, mənim yaddaşımdan, vətənindən birdəfəlik ayrılan kamikadze – insan simvolu kimi, heç zaman silinməyəcəkdi. Lakin…
…Illər sonra mən Rusiyanın Həştərxan şəhərində, həmyerlilərimizin yaşadıqları oxəar baraklara rast gəldim. Onların bir məqsədləri vardı – pul qazanıb bu bataqlıqdan çıxmaq! Arzuları isə, müxtəlif idi, ailələrini yanlarına gətirmək, toy edib, ailə qurmaq, bir sözlə, insan kimi yaşamaq…