Əliyevlərdən Putinə dəstək

Hakimiyyət Ukrayna və Gürcüstanda buraxdığı səhvi təkrarladı

Rusiyada və dünyanın müxtəlif siyasi dairələrində Vladimir Putinə qarşı etiraz dalğasının artdığı bir vaxtda bu ölkədə yaşayan həmvətənlərimizi öz ətrafında toplayan Azərbaycan diasporu baş nazirə dəstək mitinqi keçirməyə hazırlaşır. Bu barədə APA-nın Moskva bürosuna Sankt-Peterburq Azərbaycanlıları Ictimai Birliyi təşkilatından məlumat verilib. Məlumatda bildirilir ki, Putinə dəstək mitinqi fevralın 18-də saat 14:00-da Sankt-Peterburqun “Oktyabrski” Böyük Konsert Zalında baş tutacaq.
Qeyd edək ki, Rusiyadakı diasporumuzun Azərbaycan hakimiyyətinə bağlılığı və rəsmi Bakının direktivləri əsasında fəaliyyət göstərdiyi sirr deyil. Ölkə daxilində və dünyanın mühüm siyasi dairələrində Putin hakimiyyətinə qarşı etirazların gücləndiyi bir vaxtda Azərbaycan iqtidarının belə bir yanlış qərar verməsi təəccüblə qarşılanmamalıdır. Çünki rəsmi Bakı bundan əvvəl də mühüm siyasi proseslərin yaşandığı ərəfələrdə də yanlış seçim etdiyinə görə dəfələrlə qınaq obyekti olub.
Hələ 2004-cü ildə Gürcüstanda Eduard Şevardnadze hakimiyyətinə etirazlar başlandığı zaman Əliyev iqtidarı hazırkı prezident Mixail Saakaşvilinin liderlik etdiyi “Məxməri inqilab”çılara qarşı çıxaraq, Şevardnadzeyə dəstəyini açıq ortaya qoymuşdu. Bundan sonra isə Ukraynada “Narıncı inqilab” ərəfəsində bütün ölkə və Qərb dövlətləri müxalif Yuşşenko-Timoşenko tandeminin yanında olduğu vaxtda Azərbaycan hakimiyyəti yenə də yanlış qərar verərək, Leonid Kuçmanın namizədi Viktor Yanukoviçi dəstəkləməyə qərar vermişdi. Amma xalq etirazları sonrası həm Gürcüstanda, həm də Ukraynada avtoritar rejimlər devrildi. Azərbaycan hakimiyyəti isə məğlub avtoritar rejimlərə dəstəyinə görə qınaq obyekti oldu.
Indi isə Rusiyada eyni proseslər gedir. Ölkə müxalifətinin 4 dekabr seçkilərindən sonra ölkənin müxtəlif yerlərində və paytaxt Moskvada keçirdiyi 3 kütləvi mitinqə yüz minlərlə etirazçı qatıldı. Etirazçıların əsas tələbi isə baş nazir Vladimir Putinin dərhal istefası və cinayət məsuliyyətinə cəlb olunmasıdır. Putin əleyhdarları baş nazirin istefaya getməyəcəyi təqdirdə ölkədə “Narıncı inqilab”ın baş verəcəyi barədə Kremli xəbərdar edib. Belə olan halda, Azərbaycan iqtidarının Rusiyanı xüsusi xidmət orqanlarının prinsiplərilə idarə edən Putinə dəstək olması uğurlu sonluqdan xəbər vermir.

Siyasət şöbəsi