İdeyası bir neçə il əvvəl olmuş Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının gerçək səbəbləri
Bu günlərdə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hələ bir neçə il əvvəl sabiq baş hərbi komissar, deputat Əliağa Hüseynov tərəfindən təklif edilmişdi. Və bu təklif müdafiə naziri Səfər Əbiyevlə Əliağa Hüseynov arasında ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Nazir və sabiq baş hərbi komissar arasındakı ziddiyyətlər sonda birincinin qələbəsilə başa çatmışdı. Əliağa Hüseynov postunu itirmişdi. Lakin görünür, Səfər Əbiyev sona qədər Respublika Hərbi Komissarlığının müstəqil struktura çevrilməsinin qarşısını ala bilməyib. Müdafiə naziri faktiki olaraq yenicə nəzarətinə götürdüyü bu sahəni itirib.
Bu mövzu aktual olduğu üçün o zaman Əliağa Hüseynovun bu təklifi ilə bağlı detalları oxuculara xatırlatmaq yerinə düşər. Səfər Əbiyevlə münasibətlərində problem olan və hakimiyyətdə güclü dayaqlara malik Əliağa Hüseynov Hərbi Komissarlığı müstəqil quruma çevirmək barədə təklifini Prezident Administrasiyasına ünvanlamışdı. Lakin həmin təklifə konkret heç bir cavab verilmir. Bu arada isə Səfər Əbiyevlə Əliağa Hüseynovun mübarizəsi açıq müstəviyə keçməyə başladı. Nəhayət, müdafiə nazirinin Ilham Əliyevlə görüşməsi ilə hər şey Əliağa Hüseynovun əleyhinə işləməyə başladı. Sabiq baş hərbi komissarın təklifi geri qaytarıldı və ona bu məsələni unutmaq tapşırıldı. Əliağa Hüseynovun mövqelərinin zəifləməsi Səfər Əbiyevin sabiq baş hərbi komissara hücuma keçməsinə şərait yaratdı. Və nəhayət, müdafiə naziri Əliağa Hüseynovu məğlub edə bildi. Sabiq baş hərbi komissar tutduğu vəzifədən azad edildikdən sonra onun postuna heç kim təyin edilmədi. Iddialılar çox olsa da, Səfər Əbiyev seçim etməyə tələsmədi. Hərbi komissarlıqlara nəzarəti isə baş qərargah rəisi Nəcməddin Sadıqov həyata keçirirdi. Baş qərargah rəisi ilə nazirin maraqlarının toqquşması (məsələnin kökündə Nəcmədin Sadıqovun nazir olmaq iddiaları dayanırdı) hərbi komissarlıqlarda yoxlamalar və həbslərə gətirib çıxardı. Həmçinin baş hərbi komissar postu boş qaldı.
Görünür, “yuxarılar” bu xəmirin hələ çox su aparacağını görüb Əliağa Hüseynovun bir neçə il əvvəlki təklifi üzərində düşünməyə başlayıblar. Təbii ki, bu məsələdə Səfər Əbiyevin rəqiblərinin də mühüm rolu olub. Və sonucda Respublika Hərbi Komissarlığını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adı altında müstəqil quruma çevirdilər.
Hikmət


