(Yenə də məhəbbət və azadlıq haqqında)
Dünən dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilirdi. Bunun səbəbini hamı məndən yaxşı bildiyindən, sizi Valentin gününün tarixçəsi ilə yormaq istəmirəm. Bu günü bayram kimi qəbul etməyənləri də başa düşürəm. Amma dünən mən də məhəbbətdən yazmaq istədim. Çünki bir çoxlarımızın dilindən şikayətlər eşitdim ki, sevgiliyə gül olmağa da gərək pulumuz olsun. Deyəcəksiniz ki, məhəbbət pula baxmır. Baxmır, mən də razıyam. Amma mən onu da demək istəyirəm ki, məhəbbət də xeyli dərəcədə azadlığa və rifaha bağlıdır. Əks halda, onu yaşatmaq sadəcə çətindir. Azad və rifahlı ölkədə sevmək də asan, sadə, rahatdır. Sevgini yaşatmaq da. Sevgili ailədə uşaq böyütmək də…
Azad ölkədə Leyli və Məcnun asanlıqla xoşbəxt olub ömür sürərdilər. Nəinki onların qovuşmasına əngəllər olmazdı, hətta ömür yolunda onları və övladlarını məşəqqətlər, haqsızlıqlar, bərabərsizliklər izləməzdi, pis məmura, haqsız hakimə rast gəlməzdilər, polis oğlanlarının cibinə narkotik atmazdı. Uşaqları üçün normal məktəb, xəstəxana tapa bilərdilər. Dövlətdən yaxşı uşaq pulu alardılar. Məcnun işsiz qalmazdı, çətinliklərdən üzülüb Sevgililər Günündə Leylini təbrik etməyi yaddan çıxarmazdı və nəhayət, Leyli ərini yaltaq olub pul qazanmağa səsləməzdi. Məcnun da oğru məmur olub evə başqa Məcnunların uşaqlarına çatacaq pulları gətirməzdi. Və mən bütün bunları zarafatla söyləmirəm…
Təbii ki, gerçək məhəbbətə zaval yoxdur. O, bəzən heç nəyə baxmır. Amma çətinlik hər yerdə dağıdıcıdır, gərginlik yaradır, münasibətləri və birgə həyatı ağırlaşdırır, istənilən ailəni parçalamağa yönələn səbəb və zəminlər ortaya çıxarır. Çətinliklər bəzən əxlaqları, dünyagörüşlərini, həyat tərzlərini də dəyişir.
…Birdən də Leyli ilə Məcnun yola getməsəydilər, Leyli göz yaşları ilə Məcnunun artıq dəyişdiyini izləsəydi, bir gün də evə qəzəbli gəlib “Get, sən o Leyli deyilsən!” dediyini eşitsəydi, onda nə edəcəkdi? Boşana biləcəkdimi? Axı onu Məcnunla evlənməyə qoymayan tarixi valideynləri indi də onu boşanmağa qoymacaqdı. Axı azadlıq olmayanda boşanma azadlığı da olmur.
Bu isə ailə naminə iki insanı bir-birinin ətini yeyərək bitməyən bir dram yaşamağa məcbur edir və yalnız problemlər yaradır. Bəlkə belə deyil? Boşanma heç də həmişə pis olmur, bəzən yeganə çıxış yoludur. Ömrü boyu bir cütlüyün məcburən bir yerdə olması bəzən iki insanın və onların övladlarının, hətta yaxınlarının, bəzən qonşularının da həyatını zəhərləyir. Bu, elə cəmiyyətin də həyatına zəhər qatmaqdadır. Cəmiyyət bu cür əsəbi, problemli, yüklü adamlardan həmişə əziyyət çəkir. Halbuki ailə rahatlıq gətirməlidir – o, həyatın çətinliklərini birgə aşmaq üçün tərəfdaş qazandırmaq əvəzinə, əbədi yükə, uğursuz qismətə çevrilməməlidir.
Bu halda Leyli nə etsin? Digər tərəfdən isə, Məcnundan ayrılsa, necə yaşayacaq? Iş tapa biləcəkmi? Hansı mənzildə qalacaq? Onu nə gözləyir?
Görürsünüzmü, Azadlıqsız sevgi həmişə çətindir. Bəzən elə çətindir ki, Füzuli də bunu yaza bilməz. Şəbi-hicranı yazmaq asan deyil. Sevgini, şövqü qələmə almaq da asan deyil. Amma ədalətsizlikdən, pulsuzluqdan, işsizlikdən qəlbi sıxılan Məcnunun halını yazmağa da Füzuli lazımdır. Mələklər yanır onun ahından, amma bu dövlət onun halına yanmır! Bir çıxış yolu da yoxdur! Ölkədənmi getsin? Özünü körpüdənmi atsın? Nə etsin?
Yox, Azadlıqsız olmur. Olsa da, çətin olur. Çox çətin olur. Bəzi valideynlər də elə bilir ki, övladları ona görə ailə qurub xoşbəxt olmur ki, qismətinə pis adam çıxıb. Qismətə pis zəmanənin çıxmasını isə düşünmürlər…