Hakimiyyət Almaniyaya müharibə elan etdi

«Şpigel»in yazdıqları Əliyevləri isterik həddə çatdırdı

Münhen konfransında Ilham Əliyevin gözləmədiyi sualla üzləşməsi, bunun ardınca isə Almaniya mətbuatında hakimiyyətin tənqid edilməsi görünür, iqtidara möhkəm yer eləyib. Xatırladaq ki, Almaniyanın ən tirajlı “Şpigel” jurnalı ölkəmizin “Eurovision 2012” musiqi yarışmasına hazırlığıyla bağlı geniş məqalə dərc edib. Məqalədə Azərbaycanın yarışmaya hazırlığı ilə yanaşı, mülkiyyət hüququnun pozulması, insan haqları və söz azadlığının məhdudlaşdırılması haqda fikirlər öz əksini tapıb.
Eyni zamanda Almaniyanın ARD ictimai telekanalı da bu mövzuya toxunub və Azərbaycanda insan haqları, siyasi məhbuslar, mülkiyyət hüququnun kobud şəkildə pozulmasına diqqət yetirib. Heç bir halda tənqid qəbul etməyən hakimiyyət isə bunu cavabsız qoya bilməzdi. Bu dəfə rəsmi ”Bakinski Raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev Almaniyanı asıb-kəsən məqalə ilə çıxış edib. Həmin yazı başqa bir dövlət qəzeti “Azərbaycan”da da dərc edilib. Prezident Administrasiyasının mətbəxində hazırlanan məqalədən görünür ki, yenə də iqtidar ona ünvanlanmış tənqidləri başqa istiqamətə yönəltməyə çalışır. Məqalə müəllifi  “Şpigel” jurnalını və ARD ictimai telekanalını Bakını şantaj etməkdə ittiham edib. Şərqi Avropanın və Cənubi Qafqazın enerji xəritəsində baş vermiş bəzi mühüm dəyişikliklərlə “Şpigel”dəki yazıların eyni vaxta düəməsi yazı müəllifinə çox maraqlı gəlir. Onun fikrincə, “Nabukko” layihəsinin reallaşması şansları bədbinləşdikcə Avropa mediası Azərbaycanı daha sərt tənqid etməyə başlayıb. Bununla da o Azərbaycan iqtidarına ünvanlanmış tənqidləri məhz “Nabukko” layihəsi ilə bağlamağa çalışır. Həm də göstərir ki, heç bir tənqidə və təzyiqlərə baxmayaraq Azərbaycan tərəfi milli maraqlarının ziyanına olaraq heç bir güzəştə getməyə hazırlaşmır.
Yazının müəllifi Transanadolu boru kəməri layihəsinə dair qərar qəbul ediləndən dərhal sonra Almaniya KIV-lərinin səhifələrində Azərbaycanın ünvanına yönəlmiş tənqidləri də məhz bununla izah edir. Guya ki, Avropa insan hüquqları, demokratiya və digər dəyərlər mövzusunda spekulyasiya edir, bununla da öz tərəfdaşlarının daxili işlərinə açıq müdaxilə etməklə onlara təzyiq göstərir: “…avropalı siyasətçilərin öz iqtisadi məqsədlərinə nail olmaq üçün siyasi təzyiq metodu onların arsenalında xüsusi yer tutur. Insan hüquqları, demokratiya və sair dəyərlər mövzusunda spekulyasiyalar, bəzən isə xoşlarına gəlməyən ölkələrin, hətta öz tərəfdaşlarının da  daxili işlərinə açıq müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi bu gün Qərbdə yetərincə çox dəbdə olan metoddur. Nə deyəsən, ”makiavellizm” əsrlər boyu Almaniyanın xarici siyasətində hökmranlıq etmişdir, Almaniyadakı müxtəlif qaz lobbiçiləri isə özlərinin geoiqtisadi məqsədlərinə nail olmaq xatirinə hər kəsə dərs verməyə hazırdırlar ki, “məqsəd vasitələrə bəraət qazandırır”.
Öz iqtisadi maraqlarını müdafiə etmək dövlətin borcudur. Ancaq ona ünvanlanmış haqlı tənqidləri iqtisadi məsələlərlə ört-basdır etmək məhz YAP iqtidarına xas xüsusiyyətdir. Məqalədə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Kristofer Ştrasserin hədəfə alınması onu göstərir ki, hakimiyyət insan haqlarının pozulmasını da məhz iqtisadi maraqların qorunması adı ilə pərdələmək istəyir. Hətta Avropa qurumları, o cümlədən Qərb mətbuatı Azərbaycan hakimiyyətini məhz iqtisadi məsələlərə görə hədəfə alsa belə, iqtidar onların əlindən bu bəhanəni almaq üçün insan haqları, siyasi məhbus problemini həll edə bilər: “Bu kontekstdə tanınmış hüquq müdafiəçisi, əvvəllər Almaniya kansleri olmuş, hazırda isə məşhur qaz layihələrinin fəal lobbiçisi olan Gerhard Şröderin sosial-demokrat partiyası üzrə silahdaşı Kristofer Ştrasserlə əlaqədar hadisəni xatırlatmaq lap yerinə düşərdi.
Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları üzrə komitəsi hələ 2009-cu ilin mart ayında Kristofer Ştrasseri Azərbaycanda “siyasi məhbuslar” məsələsi üzrə məruzəçi təyin etmişdi…
…Lakin dinləmələrin gedişində hüquq müdafiəçiləri Avropa Şurasının istənilən ölkəsinə tətbiq edilə biləcək “siyasi məhbuslar” anlayışı üçün universal meyarlar hazırlamağın zəruri olmasını bəyan etmiş və belə bir fikir söyləmişlər ki, məruzəçinin mövqeyi heç də qərəzsiz deyildir. Dinləmələr nəticəsində komitənin üzvləri bu qənaətə gəlmişlər ki, Ştrasser öz mandatını səmərəli şəkildə yerinə yetirmək iqtidarında deyildir və bu vəziyyət bütövlükdə AŞ PA-nın nüfuzuna xələl gətirə bilər. Dinləmələrin gedişində belə bir təklif irəli sürülmüşdür ki, Ştrasser “siyasi məhbuslar”a dair məruzəçi vəzifəsindən getməlidir. Həmçinin məruzənin iki hissəyə bölünməsinin mümkünlüyü barədə təkliflər səslənmişdir”.  
Əgər həqiqətən də insan haqlarının, mülkiyyət hüquqlarının pozulması, siyasi məhbuslar, seçkilərin saxtalaşdırılması ölkənin mövqeyini zəiflədirsə, hakimiyyət niyə bunun qarşısını almır? Ancaq vətəndaşlarının bütün hüquqlarını tapdalamaqda davam edən YAP hakimiyyətini heç ölkənin nüfuzu da narahat etmir. Əks halda tənqidləri hiddətlə qarşılamaz, problemin həllinə daha çox diqqət yetirərdi.
Bir məqamı da qeyd etmək yerinə düşər. Bu vaxta qədər hakimiyyət ona ünvanlanmış tənqidləri lobbi təəkilatları ilə əlaqələndirirdi. Indi isə birbaşa hökumətləri hədəfə alıb. “Azərbaycan” qəzetinin son məqaləsində də Almaniya mətbuatında dərc edilən yazıların arxasında məhz bu ölkə rəhbərliyinin dayandığı vurğulanır. Qəzet sonda, hətta “Eurovision” məsələsinin gündəmə gətiriləcəyi təqdirdə belə, güzəştə gedilməyəcəyini deyib. Bununla da bir daha göstərib ki, Azərbaycan iqtidarını ölkənin maraqları və nüfuzu deyil, yalnız şəxsi mənafeyi maraqlandırır. Bu maraqları da iqtisadi maraqlar adı ilə pərdələmək üçün uğursuz cəhdlər edir.
Müəllif sonda onu diqqətə çatdırır ki, hətta “Eurovision”un Azərbaycanda ləğvi belə, Əliyev iqtidarını tutduğu yoldan çəkindirməyəcək: “Son nöqtə yalnız ölkənin milli mənafelərinə uyğun olaraq qoyulacaq, müxtəlif spekulyasiyalar isə, hətta onlar Azərbaycan üçün çox vacib olan ”Eurovision” kimi mövzularla bağlı olsalar belə, nəzərə alınmayacaqdır”.

Fizzə