İctimai Palatanın Koordinasiya Şurası fevralın 15-də növbəti iclasını keçirib. İclasda azad mətbuata və İP-in yerli şöbələrinə basqılarla bağlı bəyanatlar qəbul olunub. Bəyanatları təqdim edirik.
İctimai Palatanın azad mətbuata basqıların davam etməsi ilə bağlı
BƏYANATI
İctimai Palatanın Koordinasiya Şurası Azərbaycanda azad mətbuata qarşı basqıların davam etməsindən dərin narahatlığını bildirir. Azərbaycan hakimiyyəti tənqidi fikirləri susdurmaq üçün illərdir müstəqil mətbuata və ayrı-ayrı yazarlara qarşı yürütdüyü repressiv siyəsətdən əl çəkmir, ən müxtəlif vasitələrlə ölkədə azad medianın mövcudluğuna son qoymağa çalışır.
İctimai Palata bununla bağlı artıq ayrıca Dəyirmi Masa keçirib və azad mətbuatı sıradan çıxarmaq üçün onun yayım işinə yaradılan maneəni xüsusi olaraq diqqət mərkəzinə gətirib. Lakin azad mətbuatın hazırda üzləşdiyi yeganə basqı bu deyil. Hakimiyyət yenidən sifarişli məhkəmələrlə azad və müxalif fikri ifadə edən “Azadlıq” və “Yeni Müsavat” kimi qəzetləri ağır maliyyə cərimələrinə məruz qoymaq, bununla da onların çapına problemlər yaratmaq istəyir. Bu qəzetlər əvvəllər də dəfələrlə dövlt qurumları, məmurlar və haimiyyətə yaxınlığı şübhə doğurmayan şəxslərin iddiaları ilə məhkəmələrə çəkilib, böyük məbləğlərdə cərimələniblər.
İctimai Palatanın Koordinasiya Şurası təəssüflə bildirir ki, bu siyasət yenə də davam etməkdədir.
Daha bir narahatlıq doğuran məqam isə azad mətbuatda çalışan jurnalistlərin həyatlarına yaradılan təhlükənin qalmasıdır. Vətəndaşların təhlükəsizliyini təmin etməli olan hakimiyyət çox təəssüf ki, onu tənqid etdiyi üçün ayrı-ayrı jurnalistləri hədəfə alır, ən yaxşı halda isə onların təhdid və təqib olunmasına, zorakılığa məruz qalmasına biganə yanaşır.
Ölkədə indiyədək azad media təmsilçilərinə qarşı çoxlu sayda cinayətlər baş verib, ancaq onlardan demək olar ki, heç birinin üstü açılmayıb. Belə hallardan biri də “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin bir müddət əvvəl oğurlanaraq döyülməsidir. Bu faktla əlaqədar cinayət işi başlansa da, cinayəti törədənlərin tapılıb cəzalandırılması istiqamətində heç bir real fəaliyyət yoxdur.
Seymur Həzinin bugünlərdə hətta iş yerinə qədər açıq-aşkar izlənməsi isə göstərir ki, jurnalistiin həyatına təhlükə yenə də qalır. Bütün bunlar isə deməyə əsas verir ki, Seymur Həziyə qarşı olan təhdid siyasi hakimiyyətdən qaynaqlanır, ya da hakimiyyət belə bir təhdidin olmasından məmnundur.
İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan hakimiyyətini azad mətbuatı, tənqidi fikirləri susdurmaq üçün yürütdüyü siyasətdən əl çəkməyə çağırır. Tələb edir ki, jurnalistlərə qarşı törədilən cinayətlərin açılması və cinayətkarların cəzalandırılması, o cümlədən Seymur Həzinin yenidən izlənməsi faktının araşdırılması üçün real tədbirlər görülsün.
***
İctimai Palatanın regional təşkilatlarına olan təzyiqlərlə bağlı
BƏYANATI
İctimail Palatanın son sessiyasında Palatanın fəaliyyət istiqamətləri sənədinin qəbulundan sonra onun regional təşkilatlarına müxtəlif istiqamətlərdə təzyiqlər başlanılıb. İctimai Palataya daxil olan məlumata əsasən, İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov İctimai Palatanın yerli şöbəsi ilə bağlı xüsusi müşavirə keçirib. İcra başçısı müşavirədə hüquq-mühafizə orqanlarına İctimai Palatanın yerli şöbəsini sıradan çıxarmaq tapşırığı verib.
Bundan sonra şöbənin fəallarının təqibinə başlanılıb. Məlumatda deyilir ki, əsas hədəf şöbənin əlaqələndirmə Şurasının üzvləri Elçin İsmayıllı, İlham Talıblı və Məzahir Şahvələdovdur. Bir neçə gündür ki, naməlum şəxslər onları izləyir. Hüquq-mühafizə orqanları adıçəkilən şəxslərin həbsi üçün əməliyyat planı da hazırlayıb.
İctimai Palatanın Göyçay regional təşkilatından alınan xəbərə görə, bu rayonda hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən təşkilatın üzvü olan AXCP, KXCP və Müsavat Partiyasının üzvlərinə qarşı analoqu olmayan formada təqiblər başlanılıb. Belə ki, həmin şəxslərin valideynləri və yaxın qohum-əqrabalarının evlərinə gedilir, onların sənədləri yoxlanılır, harada işləməsi haqqında məlumat toplanılır. Sənədləri yoxlanılan şəxslərdən bu barədə heç kimə məlumat verməməsi tələb olunur.
Qeyd olunanlar hakimiyyətin İctimai Palatanın regional təşkilatlarının yaranmasından narahat olduğunu və bu təşkilatlanmanın qarşısını qeyri-qanuni yollarla almağa çalışdığını təsdiq edir.
İctimai Palata bu cür halların qanunzidd və yolverilməz olduğunu bəyan edir və hakimiyyət orqanlarından İctimai Palatanın üzvlərinə qarşı qeyri-qanuni hərəkətlərin dayandırılmasını və bu hərəkətlərə yol verən şəxslərin məsuliyyətə cəlb edilməklə, qanuni yolla cəzalandırılmasını tələb edir.