İctimai Palata Xocalı ilə bağlı tədbirlərə qərar verdi

Koordinasiya Şurası müxalifət fəallarına təzyiqləri pisləyən bəyanat qəbul edib

Dünən İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Müsavat başqanı İsa Qəmbərin sədrliyi ilə keçən iclasda ilk olaraq Xocalı faciəsinin yaxınlaşan 20-ci ildönümü ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub. İ.Qəmbərin sözlərinə görə, qərarlar anım mərasiminin necə qeyd olunması ilə bağlıdır: “Fevralın 25-də saat 12-də İctimai Palatanın Xocalı faciəsi ilə bağlı konfransı keçiriləcək. Fevralın 26-da saat 12-də isə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq. Bir sıra digər tədbirlərin təşkili də nəzərdə tutulub. İctimai Palatanın Koordinasiya Şurası dünyanın dörd bir yanında, eləcə də Türkiyədə yaşayan soydaşlarımıza müraciət edir ki, fevralın 26-da və o ərəfədə faciə ilə bağlı təşkil olunmuş tədbirlərdə, aksiyalarda fəal iştirak etsinlər”.
İ.Qəmbərin dediyinə görə, Koordinasiya Şurası üzvlərinin müzakirəyə çıxardığı növbəti mövzu “Eurovision”la bağlı olub: “İctimai Palatanın “Eurovision”a diqqət cəlb etməsi, belə bir musiqi tədbirinin məhz azad, demokratik bir ölkədə keçirilməsi istəyi, yarışma ərəfəsində vicdan məhbuslarının, siyasi məhbusların azadlığa buraxılması, islahatların aparılması ilə bağlı təklifləri hökumətin ciddi narazılığına səbəb olub. Azərbaycanın maraqlarına uyğun olan məntiqli ideyları dəyərləndirmək əvəzinə əks reaksiya göstərməyə başlayıblar. Dərk etmək istəmirlər ki, söhbət, kiminsə kiməsə güzəştə getməsindən deyil, dəyişən dünyada Azərbaycanın da müsbət istiqamətə dəyişməsindən gedir. “Eurovision” da bu mənada Azərbaycan hökuməti üçün çox yaxşı fürsətdir”.
Müsavat başqanı iclasda bir sıra başqa məsələlərə də münasibət bildirildiyini deyir: “Elə dünən İctimai Palata medianın durumu ilə bağlı tədbir keçirib bəyanat qəbul etmişdi. Təəssüf ki, hakimiyyətin bu istiqamətdəki siyasəti məsələni yenidən gündəmə gətirmək zərurəti yaratdı. Jurnalistlərə qarşı təzyiqlər, qəzetlərə qarşı məhkəmə iddiaları, həmçinin “Azadlıq” qəzetinin köşə yazarı Seymur Həziyevə qarşı təqiblər və hədə-qorxular İctimai Palatanın xüsusi bir bəyanatla çıxış etməsini şərtləndirdi. Bundan başqa, son günlər İctimai Palatanın fəallarına qarşı təqib kampaniyasına başlanılması ətrafında fikir mübadiləsi aparıldı. Konkret olaraq Göyçayda və İsmayıllıda qurumun fəallarına qarşı təzyiqlər var. Koordinasiya Şurası bununla da bağlı etiraz bəyanatı qəbul etdi”.