Valentin gününə

Əvvəl yaxın keçmişə müraciət edək.
 
Xana Bakıya üç günlüyə gəlmişdi. Gəzməyə. O üç gündə Xana Bakının bütün “xana”larında olmağa macal tapdı. Bir Məmmədhəsən əvvəlcə Xananı çayxanaya, yeməkxanaya, pitixanaya, xaşxanaya, bərbərxanaya apardı. Axırda da Məmmədhəsən bu qənaətə gəldi ki, Xana üçün Bakıda təzə bir “xana” açmağa dəyər. Açdı da.
Xana təzə “xana”sına pulun sel kimi axdığını görən kimi bacısı Yananı Bakıya dəvət etdi. Yana gəldi və “xana”nın gəliri ikiqat artdı. Xana rəfiqəsi Dianaya zəng etdi. Diana gəldi və o da üç gündən sonra öz rəfiqəsi Anyaya xəbər yolladı. Anya Tanyanı, Tanya Manyanı, Manya Marusyanı çağırdı Bakıya. Daşa gəldi, Maşanı çağırdı, Maşa Nataşanı və “xana”lara Azərbaycanın hər tərəfindən axın başladı. Bakıdakı “xana”lar tələbatı ödəyə bilmədiyindən Məmmədhəsənlər Rusiyaya üz tutdular və o ölkədə uşaq istehsalının səviyyəsini qaldırmağa girişdilər.
Sonra iş axtaranlar, sərgərdanlar da Rusiyaya tərəf istiqamət götürdü və kişilərimizin sayı Rusiyada artdıqca Azərbaycanda qıztamamlar, bəstilər qızyetərlər, gülnisələr, pərnisələr ailə qurmağa kişi tapmadıqlarından qız qarıdılar. Onların da “diribaş”ları Bakıya gəlib “xana”ların daimi müştərilərinə çevrildilər. Və sonda da Azərbaycan Dövlət Statistika Komitəsi bir açıqlama yaydı. Ki, bu gün Azərbaycanda rəsmi nikahdan kənar dünyaya gələn uşaqların sayı 25 mindən artıqdır. Hələ bu, Statistika Komitəsinin bildikləridir, bilmədikləri də var axı. Təxmini hesablamalara görə, Azərbaycanda 50 minə yaxın ərə getməyən qız var. Bu 50 min qızın ailə xoşbəxtliyinə qovuşa bilməməsində də dövləti yönəldənlərin xüsusi əməyi var.
Ailənin planlaşdırılması üçün dövlətin xüsusi proqramı olmalıdır, yoxdur bu, olsaydı, islamiyyətdən əvvəlki zamanlarda olduğu kimi qız uşaqlarının abortu dəbə minməzdi Azərbaycanda.
Yalnız kağız üzərində 1 milyon iş yeri açılıb. Gerçəkdən açılmış olsaydı, kişilər kütləvi şəkildə Rusiya şəhərlərini “işğal” etməzdi. O iş yerləri açılsaydı qızlarımıza da ailə xoşbəxtliyi nəsib olardı.
Prezident bir neçə gün əvvəl Münhendə özü dedi ki, bu gün Azərbaycanda kasıbçılıq səviyyəsində yaşayanlar əhalinin 7,5 faizini təşkil edir. Təxminən 700 min adam – 200 min ailə deməkdir bu rəqəm. 200 min qadının dilənçi günündə yaşaya, uşağını əmizdirməyə döşündə süd olmaya və sənin də telekanalların Valentin gününü təbliğ edələr. Nədir bunu adı?
70 ildən artıq Klara Setkin adlı bir səfeh qadının 8 Mart adlı bayramını qeyd etdik. Ilin 365 gününün 364 gününü ehtiyac içində yaşayan, hər türlü şiddətə məruz qalan qadın guya ki, 8 Mart günündə ərindən bir gül dəstəsi qəbul etməklə ağrı-acısını unudurmuş. 8 Mart əslində qadınları ələ salmaqdan savayı bir şey deyil və mən əminəm ki, özünə hörmətlə yanaşan millətlər əsla bu günü bayram kimi qeyd etməzlər. Alman, ingilis, yaxud fransız üçün ilin bir gününü qadınlara həsr etməyə heç bir lüzum yoxdur, nədən ki, ehtiyacın nə demək olduğunu bilmədiklərindən hər gün onlar üçün bir 8 Martdır.
8 Mart azmış kimi, indi də “Valentin günü”nü dəbə mindirirlər. Bundan sonra tükəzbanlarımıza ildə iki dəfə çiçək verəcək ərləri. Dəyişən nə olacaq? Istanbulda və Dubayda namus alveri ilə məşğul Azərbaycan qadınları tövbə edəcəklərmi? Xanaların təməlini qoyduğu “xana”lardakı azərbaycanlı müştərilərin, nikahdan kənar doğulan körpələrin, yaxud qarıyan qızların sayı azalacaqmı?
Dövlət və ailə. Min təəssüflər olsun ki, heç bir zaman bu iki məfhuma önəm verilməyib Azərbaycanda. Və elə o səbəbdəndir ki, nə DÖVLƏTƏ olan sevgimiz dilə gətirilməlidir, nə də AILƏ barəsində qürurla danışa bilirik.
Dövlətin borcu ailəni yaşatmaqdır. Necə yaşatdığını hər kəs görür…