Hərbi çağırışla bağlı yeni qurumun rəisi PA rəhbərinin qohumudur
Yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov barədə maraqlı məlumatlar əldə etmişik. Əvvəlcə qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub.
1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. 1986-1989-cu illərdə SSRI Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən Arzu Rəhimov 1992-2004-cü illərdə Azərbaycan Sərhəd Qoəunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2007-ci il aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2010-cu il martın 17-də ona II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Ailəlidir, iki övladı var (“Mediaforum”).
“Azadlıq”a daxil olan məlumatlara görə, Arzu Rəhimovun yeni yaradılan xidmətin rəhbərliyinə gətirilməsi təsadüfi deyil. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qohumudur. Məhz Ramiz Mehdiyevin dəstəyi nəticəsində Arzu Rəhimov bu vəzifəyə təyin edilib. Bu vəzifəyə xeyli iddialılar olsa da, sonda PA rəhbərinin namizədi daha şanslı olub. Bu təyinat həm də Ramiz Mehdiyevin Səfər Əbiyevin sahəsinə əl uzatması kimi dəyərləndirilir.
Informasiya əöbəsi