Rafiq Tağının istintaqı nəticə verməyəcək

Eynulla Fətullayev: «DIN-in texniki imkanları cinayətkarın kimliyini müəyyən etməyə imkan verir»

Rafiq Tağının qətli ilə bağlı istintaq çətin ki, nəticə versin. Bunu, Obyektiv.TV-yə müsahibəsində hüquq müdafiəçisi Eynulla Fətullayev deyib. E.Fətullayev bildirib ki, prokurorluq “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, general Rail Rzayevin istintaqı zamanı istifadə etdiyi sxem üzrə hərəkət edir:
 “Çox sayda şahid dindirilir, vaxt uzadılır, baş prokurorluq ictimaiyyət qarşısında acizliyinin ”hesabatını verir” və iş ləngiyir. Belə işlərdə sifarişçilər və hətta icraçılar deyil, cinayətlə bilavasitə əlaqəsi olan insanlar məsuliyyətə cəlb olunur. Bütün bu işlər üzrə ölkə prezidenti işi şəxsi nəzarəti altına götürüb, lakin heç bir xeyri olmayıb. Rafiq Tağının qətlə yetirildiyi ərazidə 43 müşahidə kamerası var idi. Preventiv Təhqiqat Qrupu onlardan birində şübhəli şəxsin profilini aydın görüb. DIN-in texniki imkanları ehtimal olunan cinayətkarın kimliyini müəyyən etməyə imkan verir, amma yenə də bir irəliləyiş yoxdur. Istintaq cinayət işini “qəsdən adam öldürmə” maddəsi ilə başlayıb. Halbuki siyasi terror ehtimalına baxmaq tamamilə yerinə düşərdi”.
E.Fətullayev Azərbaycan hüquq-mühafizə orqanlarının Iran versiyasını da araşdırmadığını bildirir: “2006-cı ildə ayətullah Fazil Lənkərani publisistin qətli barədə fətva verib. Rafiq Tağının ölümündən sonra Lənkəraninin oğlu ”ədalətli cəza” aktını alqışlayıb. Azərbaycanın xüsusi xidmət orqanları son vaxtlar Iran tərəfinin sifarişi ilə hərəkət edən cinayətkarlar barədə bir sıra səs-küylü antiterror əməliyyatları həyata keçirib. Lakin Rafiq Tağı ilə bağlı məsələdə nədənsə belə uğurlar yoxdur”.