İmişli korrupsiya çirkabında

Məhkəmələr isə həmişə rüşvətxorları təmizə çıxarır

Imişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev, idarə və müəssisə rəhbərləri, rayon aktivləri Bəcirəvan və Ağcüyür kəndləri üzrə icra nümayəndəsi Xudaverdi Rəsul oğlu Hüseynovun 2011-ci ilin yekununa dair hesabatını dinləmək üçün yanvarın 23-də həmin ərazidə olublar. Nümayəndənin iki yaxın qohumu istisna olmaqla kənd camaatı başçının və yerli icra nümayəndəliyinin yarıtmaz işi ilə bağlı fikirlərini bildiriblər.
Belə ki, Imişli rayon Bəcirəvan bələdiyyəsinin üzvü Cəfərov Kəmaləddin Sahib oğlu və kənd sakini Hüseynov Fəxrəddin Allahverdi oğlu yerli icra nümayəndəsinin korrupsiya hərəkətlərindən danışıb. Dövlətin hər əkilmiş 1 ha dənli bitki üçün mazut və yanacağa görə 40(qırx) manat, digər əkinlər üçün isə 20(iyirmi) manat yardımını yerli icra nümayəndəsinin rəhbəri olduğu komissiya şişirdərək mənimsəyir. Bundan sonra vətəndaşlar RIH-ə rəsmən müraciət edərək göstəriblər ki, 160 ha dənli bitki ərazidə əkildiyi göstərilsə də faktiki 100 hektardan az taxıl əkilib. 60 ha əkin kimi göstərilən torpaq sahəsinin hər hektarına veriləcək kompensasiya, dövlət yardımı yerli icra nümayəndəsi Xudaverdi Hüseynovun cibi üçün hesablanıb. Bu barədə yerli icra nümayəndəliyi saxta sənəd tərtib edərək, 160 ha sahədə taxıl əkildiyini göstərərək, Suvarma Sistemləri Idarəsinin “Rüstəmli” su təsərrüfatı asossiasiyasına, Imişli rayon üzrə Maliyyə Idarəsinə, Imişli rayon üzrə Statistika idarəsinə, Imişli RIH-nin Aqrar məsələlər üzrə müavini Fərrux Mirzəyevə, Kapital Bankın Imişli filalına və Bəcirəvan bələdiyyəsinə rəsmi sənəd təqdim edib. Şikayətdən sonra əl-ayağa düşən yerli icra nümayəndəsi və torpaq komissiyası saxtakar əməllərinin üstünü örtmək üçün sənəd tərtib edərək yuxarıda göstərilən orqanlara göndərib və xahiş ediblər ki, dənli bitki əkilmiş kimi göstərilən 160 ha sahədən 38 ha torpaq sahəsi üçün mazut və yanacaq pulu dövlət hesablı yardımı dayandırılsın. Bir neçə gün öncə bu saxtakar əməllərə düzəliş verilib.
Yerli icra nümayəndəliyinin dövlətdən 2009-2011-ci illərdə mənimsədiyi məbləğ 15000(on beş min )manatdan çoxdur. Imişli RIH-nin Bəcirəvan və Ağcüyür kəndləri üzrə nümayəndəsi Xudaverdi Hüseynov DIN-nin Daxili TəcHizat idarəsinin rəisi Polkovnik-leytenant Qambay Zeynalovun qudası, DIN-nin Daxili Təhqiqat Idarəsinin rəisi Məhəbbət Hüseynovun qardaşı, Imişli RPŞ-nin Ictimai Təhlükəsizlik şöbəsinin rəisi Taleh Hüseynovun qardaşı olduğundan ona dövlət əmkalını mənimsəmək, xalqın cibinə girmək, qanını sovurmaq “səlahiyyəti verilib”.
2010-2011-ci illərdə Imişli rayonunun onlarla inzibati ərazi nümayəndəliklərində Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi yoxlamalar aparıb, min tonlara mineral və üzvü gübrələrin fermerlərə əkin sahələrini becərməli üçün verilməli olduğu halda, yerli nümayəndəliklərin bunu mənimsədiyi faktı aşkar edilib.

Deputata güvən,  kəndi tala…

Imişli RIH-nin Qaralar kənd üzrə nümayəndəsi Ehtiram Qasımov fermerlərin və pay torpaq sahiblərinin adına taxıl və digər əkin əkmələri barədə şişirdilmə rəqəmlərlə mazut və yanacaq pulu yazaraq, dövlətdən 20.000(iyirmi min) manat vəsaiti oğurlayaraq, vətəndaşların adına bankomat kartı sifariş etdirmiş və həmin məbləği mənimsəmişdi. E.Qasımov Imişli RIH-ə əkin sahələri barədə rəsmi sənəd təqdim etmiş, bir qrup şəxsi cinayətə cəlb etmişdir. Onun barəsində Imişli rayon Prokurorluğunda cinayət işi qaldırılmış, lakin 79 saylı Imişli DSK-dan Milli Məclisə deputat seçilən Əsabil Qasımov əmisi oğlu olduğundan Ehtiram Qasımov barəsində Imişli rayon Məhkəməsi şərti caza və cərimə kəsib. 2010-2012-ci illərdə təkcə E.Qasımov deyil, eyni ilə RIH-in Xəlfəli kənd üzrə nümayəndəsi Rauf da eyni cinayəti törətdiyi üçün istintaq orqanına cəlb edilmişdir. O, tutduğu vəzifədən azad edilsə də əvvəlcədən möhürlədiyi blank və ağ kağızlardan istifadə edərək Imişli rayonu üzrə Maliyyə şöbəsini aldatmış, saxta əməliyyatlar aparmışdır. Imişli Rayon Məhkəməsi bu işlə bağlı müsbət qərar qəbul edərək onu təmizə çıxarmışdır.

Ölü dirildən…  icra nümayəndəsi

Imişli RIH-nin Məzrəli, Xubyarlı və Çaxırlı kəndləri üzrə nümayəndəsi Elmik Hüseynov isə mineral və üzvü gübrələrin, eləcə də yanacaq pulu adı altında vətəndaşların adına dövlət dotasiyası ilə 50.000(əlli min) manat mənimsəmiş, bundan əlavə, inzibati ərazidə dünyasını dəyişən təqaüdçülərin adına yaşamaları barədə saxta arayışlar tərtib edərək, ölü sahiblərindən bankomat kartını geri alaraq, dövlət sosial müdafiə fondunun Imişli rayon şöbəsinə saxta sənədlər təqdim etmiş və 20.000(iyirmi min) manatdan çox maliyyə fırıldağı etmişdir.

Məhbubə Əliyeva