Rus general İranın vurulacağına işarə etdi

“İran bir yara kimidir. Bu barədə tezliklə bir qərar qəbul edilməlidir”

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Qərb sanksiyalarına qoşulan neft daşıyan yük gəmilərinə malik “OSG”, “Frontline” və “Nova” şirkətləri İran neftinin nəqlini dayandırdıqlarını açıqlayıblar. Hər üç beynəlxalq şirkət ayrı-ayrılıqda bəyanat yayaraq İranla bütün alış-verişi dayandırdıqlarını və bundan sonra İran neftini onun müştərilərinə daşımayacaqlarını elan edib.
Mərkəzi ofisi Nyu-Yorkda olan “OSG” şirkətinin 45, “Frontline” və “Nova” şirkətlərinin isə ümumilikdə neft daşıyan 93 iri tankeri var. Bu şirkətlərin İran neftini daşımaqdan imtina etməsi İrana qarşı beynəlxalq sanksiyalarla əlaqələndirilir.

Tehrana yönəlik sərt addımlara sıcaq yanaşmayan Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nikolay Makarov bildirib ki, Qərbin aparıcı dövlətləri bu ilin yayına qədər İran böhranının həlli üçün qəti qərar qəbul edə bilər: “İran böhranı yaya qədər yeni mərhələyə daxil olacaq. Əlbəttə ki, İran bir yara kimidir. Bu barədə tezliklə bir qərar qəbul edilməlidir. Güman edirəm bu haqda qərar yaya qədər qəbul ediləcək”.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi isə təhdidə qarşı təhdid strategiyasının “düşmənə verilən ən yaxşı cavab” olduğunu söyləyib. Onun sözlərinə görə, İrana hər hansı bir müdaxilə zamanı Tehranın cavabı sillə-yumruq olacaq:“ İranın ali dini rəhbəri Əli Xameneyinin son bəyanatı da elə beynəlxalq arenada ölkəmiz əleyhinə həyasızca dilə gətirilən təhdidlərə verilən dəqiq cavabdır. Bu bəyanat İsrail və onun müttəfiqlərinin, İrana qarşı hər hansı bir hücum həyata keçirmək istəyərlərsə, İran xalqının sillə-yumruğu ilə qarşılaşacaqları mənasını verir”.

Tehranın nüvə silahı əldə etməsinə bütün gücü ilə qarşı çıxacağını bildirən Vaşinqton isə elan edib ki, İran probleminin həllinin heç bir ssenarisi istisna edilmir. Dövlət katibinin müavini vəzifəsini icra edən Maykl Hammer ABŞ-ın İranın nüvə təhlükəsinə cavab olaraq heç bir variantı istisna etmədiklərini söyləyib:“Biz İranın götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün hər şeyi edirik. Biz Tehrana qarşı sərt sanksiyalar tətbiq etmişik və İran rəhbərliyinin diplomatik həllin daha düzgün olması qənaətinə gəlməsinə ümid edirik. Heç bir cavab variantını istisna etməsək də, problemin sülh yolu ilə nizamlanacağına ümidvarıq”.

İnformasiya şöbəsi