“Elmar mart ayının gəlişini həsrətlə gözləyirdi”

Ruşaniyə Hüseynova: “Aslanın ən çox dediyi fikirdir bu: “Fəxr edirəm ki, mənim atam Elmar olub”

Fevralın 14-də mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova “Media forum” saytına danışıb.
Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda öldürülüb. Ruşaniyə Hüseynova 2006-cı ildə oğlu Aslanla birlikdə Norveçə mühacirət edib və o zamandan həmin ölkədə yaşayır.

Aslan atası haqqında hər şeyi bilir

– Aslan atası haqqında hər şey bilir. Mən ona hər şeyi danışmışam, amma o qədər də dərinə getməmişəm, yəni uşaq ağlına batan qədər ona hadisələr haqqında danışmışam. Axı, o, hələ uşaqdır, elə şeylər var ki, ona tam deyə bilmərəm. Əsas sualın cavabını isə o bilir. Soruşur ki, necə olub atasını öldürüblər? Nəyə görə qətl olub? Nəyə görə pis adamlar atasını güllələyiblər? Ən çox verdiyi suallar bunlardır. Mən də bu sualları cavablandırmağa çalışıram.
Aslanın 8 yaşı var. Mən artıq beş ildir ki, ölkədə deyiləm. Hər şey adidir. Demək ki, çox dəyişiklik baş verib, bu, heç də belə deyil. Aslan məktəbə gedir, evə dönür. O öz uşaq həyatını, uşaqlığını yaşayır. Aslan bura gələndə 3 yaşı vardı, amma indi 8 yaşındadır. Böyüklərə nisbətən onun üçün dil öyrənmək daha asan oldu. Məktəbə gedir və Norveç dilində danışır. Üçüncü sinifdə oxuyur.

Norveçə gələrkən Elmarın məqalələrini, şəkillərini, bəzi xatirə əşyalarını özümüzlə götürmüşük. Burada, məktəbdə Aslandan soruşurlar ki, sən kimsən, hardan gəlmisən və sairə. O da cavabında deyir ki, biz Azərbaycandan gəlmişik, mən Bakıdan gəlmişəm və mənim atam tanınmış adam olub. Ən çox dediyi fikirdir bu: “Fəxr edirəm ki, mənim atam Elmar olub”.
Məndən tez-tez soruşur ki, ana, biz Azərbaycana nə vaxt dönəcəyik, nə vaxt biz Bakıya gedə bilərik? Ona cavabım belə olur ki, indi gedə bilmirik. Çünki bir az problemimiz var. Buna baxmayaraq tez-tez yenə o sualı verir. Cavabım belə olur ki, vaxtı gələndə gedəcəyik. Bakı haqqında, Azərbaycan haqqında, atası haqqında kifayət qədər geniş məlumat əldə etmək istəyir. İnternetdən bu və ya digər məlumatları ona çatdırmağa çalışıram. Birlikdə Bakının yeni görünüşünün şəkillərinə baxırıq. Atasının qəbrinin şəklini də ona göstərirəm. Daha çox ora getmək, qəbri yaxından görmək istədiyini deyir. Çünki onun heç yadına düşmür atasının qəbri. Çox balaca idi biz Bakıdan gələndə. Şəkilləri görəndə “Biz nə vaxt ora gedə bilərik” sualını daha tez-tez verir.
Oğlum böyüdükcə Elmara çox oxşayır. Üz cizgiləri, jestləri, danışığı, hərəkətləri. O gün bir az məndən irəlidə addımlayırdı. Ona baxıram, ürəyimdə deyirəm, ilahi, lap Elmar kimi yeriyir. İlk vaxtlar Aslanın atasına oxşadığını sezdikcə oturub ağlayırdım. Amma illər keçdikcə buna sevinirəm.
“Nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil
– Vətənə dönmək. Haçan? İndi bunu heç kim deyə bilməz. Hazırda Azərbaycanda baş verən bütün hadisələrdən uzağam. Prosesləri yalnız virtual aləmdən izləyirəm. Bir var ölkədə yaşayasan və proseslərdən xəbərin olsun, bir də var ki, hadisələri uzaqdan-uzağa izləyəsən. Mənim informasiyam yalnız xəbər saytlarının yazdığı, ictimaiyyətə ötürdüyü xəbərlər qədərdir. Əlbəttə ki, atam-anam, yaxın qohumlar nələrisə danışırlar, amma yenə də bu, hadisələrin içində olmaq üçün yetərli deyil. O səbəbdən də “nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil.

Rafiq Tağının faciəsindən çox təsirləndim

– Rafiq Tağının qətlə yetirilməsini eşidəndə ən əvvəl ailəsi gözümün önümə gəldi. Faciədən çox təsirləndim və öz yaşadığım ağır günləri xatırladım. İlk dediyim fikir bu oldu: “Yazıq ailə! İndi sizi nələr gözləyir!” Mən bu yoldan keçmişəm və bu cür itkinin nə olduğunu məndən yaxşı kimsə bilə bilməz. Belə hallarda ən birinci zərbəni yaxınları – həyat yoldaşı, uşaqlar, ata-ana, bacı-qardaş alır. 7 il boyunca həyatda keçirdiyim çətinlikləri xatırladım və düşündüm ki, onlar da bu çətinliklərdən keçəcəklər. Yerdə qalanı isə Azərbaycan standartlarına uyğun hallardır.
Baş vermiş hadisə Azərbaycana dönməmək qərarıma elə də təsir etmədi. Çünki baş verən hadisələrdə həqiqətin nə olduğunu bilmirəm və bunu demək də çətindir. Sonrakı nəticələr həqiqəti ortaya çıxaracaq. Dönmək məsələsinə gəlincə, bizim indiki durumumuza görə bu, çox çətin sualdır.

Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur

– Norveçə uyğunlaşma mərhələsini arxada qoymuşuq. Həm özüm, həm də Aslan rahatca Norveç dilində danışırıq. İlk-üç il çox çətin oldu. Nəinki yeni ölkə, yeni adamlar, həm də yeni mədəniyyət, yeni adət-ənənələr, yeni qanun və qaydalar. Bu, çox çətin idi. Bu ölkədə yaşamağa gəlmisənsə, mütləq burda necə yaşayırlarsa, nəyi necə edirlərsə, onu bilmək, götürmək lazım gəlir. Çətinliklər bizim fərqli olmağımıza görədir. Müsəlman olmağımız da hansısa rolu oynayır. Həm də bura çox demokratik ölkədir. İlk vaxtlar bizə xeyli çətin oldu. Sonra isə öyrəşirsən və yavaş-yavaş yaşamağa başlayırsan. Öz yolunu seçib onunla addımlayırsan.
Ötən il anam Norveçə gəlmişdi. Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur. Çox darıxıram və tez-tez yadıma düşən milli şirniyyatımız da paxlava olur. Ötən Novruz bayramı əsl bayram oldu mənim üçün. Anam bayram ərəfəsi gəldi. O qədər şirniyyat bişirib gətirmişdi ki…
Rəhmətlik qayınanam paxlavanı, şəkərburanı çox gözəl, böyük zövqlə bişirirdi. Mart ayı gələndə Elmar çox sevinərdi, Novruz bayramı gəlir axı, evdə çoxlu şirniyyat bişəcəkdi axı… Elmar Novruz bayramına zarafatla “nevroz bayramı” da deyirdi. Yəni bazarda qiymətlərin qalxmasına, digər aylara görə xərcin çox çıxmasına görə belə zarafatlar edərdi. Bütün zarafatlarına baxmayaraq, o, mart ayının gəlişini bir uşaq həsrəti ilə gözləyirdi. Yeni təqvim ili başlayandan az sonra “Mart ayı gəlir haaa” deyərdi”.