Azərbaycanı biz təmsil edirik…

Dünəndən hər yerdə xəbərlər dolaşır ki, ölkəmizi növbəti Euroviziyon yarışmasında təmsil edəcək müğənninin kimliyi bəlli olub. “Azərbaycanı Səbinə Babayeva təmsil edəcək” – əksər xəbərlərin başlığı, yaxud ilk cümləsi, ya da əsas vurğusu belədir. Çünki final seçimi olub və bu gənc xanım yarışmada iştirak hüququ qazanıb…

Adama qəribə gəlir. Formal olaraq, Azərbaycanda heç bir seçim mümkün deyil. Harada dövlətin, onun qurumlarının, onun başında duran hakimiyyət təmsilçilərinin bu və ya digər dərəcədə iştirakı var,  orada seçimdən danışmağa dəyməz. Mən demirəm ki, finala çıxan müğənni buna layiq olmayıb. Belə deməyə əsasım yoxdur, heç marağım da yoxdur ki, orada kim önə çıxıb. Məsələ ondadır ki, Səbinə Babayeva bu hakimiyyətə azacıq pis münasibətdə olsaydı, dünyanın heyran olduğu yetənəklərə sahib olsa belə, hər hansı seçimə və ya finala yaxın qoyulmazdı.

Bunu sözgəlişi söylədim, demək istəyim isə odur ki, Azərbaycanı formal olaraq hər yerdə bu hakimiyyətin niyyətləri və istəkləri təmsil edir. Yaxşıya-pisə baxmadan. Ona görə də, hətta mahnı müsabiqəsindən qayıdan müğənnilər də Bakıya dönüb  YAP-a daxil olurlar. Onlar hamısı hakim ailəni təmsil edirlər.

Bir sözlə, formal olaraq Azərbaycanı kim istəsən təmsil edə bilər…

Gerçəkdə isə Azərbaycanı nə bu müğənnilər, nə bizim diplomatlar, nə bizim dövlət başçımız təmsil etmir. Onlar da bir ailəni, bir istismarçı siyasi zümrəni təmsil edirlər. Onlar Azərbaycanın neftini, varını-dövlətini təmsil edirlər. Gördünüz ki, milyonlar verib xaricdən bir mahnı alırlar və həmin mahnı ilə Avropa mahnı yarışmasına qatılırlar.

Onlar Azərbaycanın dərdini, problemlərini, gələcəyini, arzularını təmsil etmirlər. Deməli, Azərbaycanı da təmsil etmirlər. Bilirlər ki, müvəqqətidirlər, yığıb, sümürüb getməlidirlər.

İllər öncə isə Əbülfəz Elçibəy çıxışlarının birində üzünü biz gənclərə tutub dedi: “Siz Azərbaycanın sahibi olmalısınız.”

 Elə özü də sual verdi: bilirsinizmi necə? Biz də cavabı gözlədik. Əbülfəz bəy sözünə davam etdi:

–    Azərbaycanın sahibi olmaq üçün onun dərdlərinə, problemlərinə, gələcəyinə və arzularına sahib çıxmaq lazımdır. Bunu ürəyində daşıyan insan bütünlüklə Azərbaycana sahib olur, bir zavoda, bir fabrikə, bir mülkə, yaxud bir neçə “komisyona” ( o vaxt yeni açılan mağazalar belə adlanırdı) deyil. Birincisi daha üstündür.

Bəs bu gün Azərbaycanın sahibi kimdir? Bizik. Məhz biz. Ölkəmizin dərdini biz ürəyimizdə daşıyırıq. Dilimizdə yalnız bu dərdlər var. Azərbaycanla bağlı arzularla yaşayırıq. İllər öncə biz gənclik olaraq bu sahibliyi əxz etdik. Bu sahibliyi yazımızla, sözümüzlə, əməlimizlə, düşüncə və həyat tərzimizlə yeni gəncliyə gətirdik.

Biz Azərbaycanın neftinə sahib olanların təbliğ etdiyi, aşıladığı yaşayış tərzini qəbul etmədik. Çətin də olsa, Azərbaycanın dərdlərinə sahiblik hissimizi ölməyə qoymadıq. Az qala heç nəyimiz olmadığı halda, bu ölkənin küçələrində özümüzü onun sahibi hiss edərək yeridik. Biz heç nəyimiz olmadan da bütöv bir ölkənin qayğısını çəkmək təzadlarını qəbul etmədik. Biz yenə də bir ölkənin davasını aparmaqda davam edirik. Bu bizim ölkəmizdir, – deyirik.

Üstəlik, biz sənəti, musiqini, ədəbiyyatı, fəlsəfəni onlardan yaxşı bilirik. Bizim qəlbimizdə ölməz şeirlər, əbədi nəğmələr və həqiqət var. Onların qlamur üstünlükləri bizim gerçək məzmunumuzla üzləşəndə bir heçə çevrilir. Biz bütün hallarda gücümüzü qoruya bilirik. Çünki bizə ötürülən missiyanı – Azərbaycana sahib olmağı bacarmaq üçün həqiqətlə yaşayır, gələcəyi düşünürük. Bizim arzularımız var.  
 
Biz Avropa mahnı yarışmasına yalançı müasirlik libası ilə getmək istəmirik. Avropada azad bir ölkə olaraq təmsil olunmaq istəyirik. Bizim bu arzunun doğrudan da gələcəyi var. İndi Azərbaycanı hər yerdə bu arzu təmsil edir – biz təmsil edirik.