Səbinəni gözümün qabağında seçdilər

«Eurovision-2012» yekun konsertindən qeydlər

“Eurovision-2012″ üçün Azərbaycan təmsilçisinin seçim tədbirinə göndərilən dəvətnaməyə ”Azadlıq” qəzetindən bəndəniz qatıldı. Dəvətnamədə yekun konsertin 19.30-da başlanacağı göstərilmişdi. Avropasayağı tədbirimizdə də köhnə vərdişimizdən əl çəkmədik, tədbir göstəriləndən düz bir saat gec başladı.

Açıq deməliyəm ki, yarışın yekun mərhələsinə qədər baş verənlərdən məlumatsız idim. Rəqabətin kimlər arasında gedəcəyini konsertə girərkən əldə etdiyim bukletlərdən bildim. Bukletlərdəki təqdimat məlumatlarında bir fikir diqqətimi çəkdi. Iştirakçı Səbinə Babayeva haqqında yazmışdılar ki, o, vətənpərvərdir və buna görə də Azərbaycanı xaricdə layiqincə təmsil edə bilər. “Nə dəxli var?” deyib, “vətənpərvər” sözünə görə barmağımı dişlədim. Ətrafımda olanlardan, hələ konsert başlamamışdan qalibin Səbinə olacağını deyənlər lap çox idi. Bunu sonradan özümdən quraşdırmamışam, anındaca “facebook”da da yazmışdım. Əlimdə heç bir sübut və güclü şübhə yaradan dəlil olmadığından Səbinənin əvvəlcədən seçildiyini yaza bilməyəcəm, bəlkə o, favorit kimi artıq konsertə qədər qəlbləri fəth edibmiş…

Yazsam ki, konsertin aparıcıları mənə müğənnilərdən daha çox zövq verdi, yəqin, incik düşən çox olmaz. Xüsusən, Hüsniyyə zaldakılar üçün bol enerji mənbəyi idi. Bu zalımın qızı o qədər şən, enerji ilə doludur ki, adam düşünür, yəqin, o, bu keşməkeşli dünyada dərd nədir, bilmir. Aparıcı Leyla Əliyeva isə ad və soyadının siyasiləşmiş variantına çox uyğun idi. O, konsert boyunca “Eurovision”dakı şanlı qələbələrə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban Əliyevaya təşəkkürlərini çatdırdı, zaldan alqışlar qopardı. Həyəcan içində gözləntidəydim: görəsən Heydər Əliyev və onun davamçısı hansı formada konsertdə yad olunacaq? Olunmadı və bunun səbəbini bir dostum gözəl izah elədi: “Ölkəmizdə musiqi və mədəniyyət uğurları Mehriban Əliyevaya, idman Ilham Əliyevə, siyasi uğurlar isə Heydər Əliyevə aiddir”.

Leyla xanım konserti aparakən bir cümlə də işlətdi ki, mən hələ də özüm üçün onu çözməkdəyəm. Dedi ki, “bizim dünyəvi muğamımız var”. Muğamın bu dünyalıq, ya o dünyalıq olması barədə ilk dəfə idi ki, təsnifata rast gəlirdim. Yoldaşlar deyir ki, bu, aparıcının yol verdiyi mexaniki səhvdir, təki belə olsun.
Müğənnilərin bir neçəsi “AA” seriyalı avtomobillərlə saraya gəldilər. “AA” seriyası dövlət maşınlarında, bir də kifayət qədər zəngin insanlarda olur.

Konsertdə xanım müğənnilər geyimlərində mühafizəkar stilə üstünlük vermişdilər. Məsələn, Arzunun geyindiyi don o qədər uzun idi ki, qız oxuduğu mahnının dinamik ritminə heç cür uyğunlaşa bilmirdi, azacıq tullanıb düşmək istəyəndə paltar ayağına ilişirdi. Ümumiyyətlə, Arzu çox yaxşı oxuyurdu, məndən olsa, onu seçərdim.
Geyimlərin bunca mühafizəkar olması, deyilənlərə görə, ötən illərdə təmsilçilərimizin ultra açıq-saçıq geyinmələrilə əlaqədar onlara yönələn tənqidlərə cavabdır. Deyirəm ki, bizim üçün orta hədd yoxdur da – mühafizəkarlıqda da, liberallıqda da maksimalistik.
Konsertdə “ÇP” də yaşandı. Bilmirəm, bunu televiziyadan görə bildinizmi? Müğənni Elton oxumağa “bismillah” edəndə musiqi kəsildi. Gənc Elton çox pərt oldu, yaxşı ki, tamaşaçılar alqışlarla ona dəstək olmağı bacardılar.

Final yarışında “Eurovision”dakı keçmiş iştirakçılarımızdan  Nigar və Eldar, Safura da qonaq kimi qatılıb oxusa da, Aysel Teymurzadənin gözə dəyməməsi müxtəlif şayiələrə səbəb oldu. Bəzi söhbətlərə görə, Aysel elə yarışdan az sonra hakimiyyətin “qara siyahısına” düşüb. Səbəb nədir, bilmirəm.
Əminliklə yazıram ki, konsret gecəsinin ulduzu Safura oldu. Siz o oxuyanda zalın necə coşduğunu görəydiniz… Mənə elə gəlir ki, bu ecazkar səsi, üslubu olan xanıma “Eurovision”da özünü sınamaq üçün bir daha şans verilməliydi. Belə bir hal Rusiyada Dima Bilanın nümunəsində oldu və effekt verdi.
Artıq bilirsiniz ki, yarışmanın birincisi əvvəlcədən deyildiyi kimi, Səbinə oldu. Onu mənim təki musiqi sərrafı olan Ismayıl Ömərov, Zülfiyyə Xanbabayeva seçdi. Xeyirli olsun…

Natiq