Ərdoğan ANS-dən nələrin mesajın verdi?

Elxan Şahinoğlu: «Ərdoğan son açıqlamasında Azərbaycanla Türkiyənin birgə hərəkət etməsinin vacib olduğunu aşılamağa çalışır»

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha Ankaranın Azərbaycandan bir sıra gözləntilərinin olduğunu dilə gətirib. Ərdoğan “anspress”ə verdiyi müsahibədə “Azərbaycan dövləti və xalqının Türkiyə və Fransa münasibətlərindəki sərtləşmədə tutduğu mövqe sizi qane edirmi” sualına cavabında diplomatik dil ilə rəsmi Bakıya bir sıra mühüm mesajlar çatdırıb. Suala cavabında Azərbaycan hakimiyyətinin adını çəkməyən Ərdoğan, xüsusilə vurğulayır ki, göstərilən dəstəkdən artığını etmək mümkün idi. Diqqəti çəkən daha bir məqam isə ondan ibarətdir ki, Türkiyənin baş naziri Fransanın atdığı addımlara qarşı mübarizənin bundan sonra başladığını dilə gətirir: “Təbii azərbaycanlı qardaşlarımız istər Fransada, istərsə də Azərbaycanda əllərindən gələni ortaya qoydular. Edə biləcəklərini gördüyümüz qədər və təqib etdiyimiz qədər də etdilər. Təbii, daha çox nələrsə etmək olar. Çünki görüləcək işlərin sərhədi yoxdur. Ola bilər ki, biz də bəlkə görəcəyimiz işlərin hamısını görə bilərik. Ola bilər bizlər də daha çox şeylər edə bilərik. Bunun üçün, təbii, qarşıdakı zamanda çox fərqli işlər görməliyik. Çox böyük çalışmalar içindəyik. Amma mənim deyəcəyim budur. Türkiyə və Azərbaycan sadəcə bu mövzuda deyil, bütün mövzularda bu həmrəyliyi, bu bir-birimizə olan dəstəklərimizi davam etdirməyimiz lazımdır və bunlardan heç geriyə addım atmamalıyıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Davudoğlunun ardınca Ərdoğanın eyni mesajı ünvanlaması artıq təsadüfi deyil. E.Şahinoğlu hesab edir ki, Azərbaycan cəmiyyətinin, siyasi çevrələrinin Türkiyə ilə Fransa arasında yaşananlara münasibətinin yetərli olmasının vurğulanmasının fonunda hakimiyyətin adının çəkilməməsi təsadüfi deyil. Ərdoğanın sonuncu açıqlamsında da bir daha Azərbaycandan gözləntilərin daha böyük olduğunun qeyd edildiyinə diqqət çəkən E.Şahinoğlu bildirdi ki, Ərdoğanın nə zaman Bakıya səfər edəcəyi sualına cavab verməməsi onu göstərir ki, hər iki ölkə arasında hələ xeyli qaranlıq məqamlar var: “Ortada cavabını gözləyən xeyli suallar var. Bu yaxınlarda Fransa Konstitusiya Məhkəməsinin qərarı veriləcək. Hətta bu instansiya bu qanuna mənfi rəy versə belə, Fransa prezidenti Sarkozi bu məsələdə çox qətiyyətli görsənir və ”erməni soyqırımı” ilə bağlı başqa bir qanun layihəsini gündəmə gətirmək niyyətindədir. Yəni Fransanın siyasətində bir şey dəyişməyib. Hətta qarşıdan gələn seçkilərdə Sarkozi deyil, onun rəqibi uğur qazansa, o da erməni lobbisinin dəstəyini qazanmağa çalışacaq. Bütün hallarda Azərbaycanla Türkiyənin birgə hərəkət etməsi vacibdir və Ərdoğan da bunu aşılamağa çalışır”.
Iki dövlət arasındakı Əməkdaşlıq Şurasının hazırda gələcək addımların planlaşdırılması üçün ən yaxşı meydan olduğunu düşünən E.Şahinoğlu vurğuladı ki, Ərdoğanın cavablarından anlaşılmadı ki, bu şuranın növbəti toplantısı nə zaman olacaq. Fransa Konstitusiya Məhkəməsinin qərarı bəlli olmadan Əməkdaşlıq Şurasının toplanmasını zəruri sayan ekspert bildirdi ki, diqqət çəkən daha bir məqam Türkiyənin rəsmi Bakının qeyri-müəyyən mövqeyinə baxmayaraq, Ankaranın Azərbaycanı dəstəkləyən ciddi addımlarını davam etdirməsidir: “Azərbaycandan müxtəlif çağırışlar edilir ki, Türkiyə Xocalı soyqırımının qəbulu barəsində qanun layihəsi qəbul etsin. Hətta bəzi türk millət vəkilləri bu təşəbbüslə çıxış edib. Amma Türkiyə bu soyqırımı tanımış olsa, öz prinsiplərindən geri çəkilmiş olacaq. Çünki Türkiyə bəyan etmişdi ki, soyqırımla tarixçilər məşğul olmalıdır. Bu vəziyyətdə Azərbaycan hakimiyyətindəki bəzi qüvvələr Türkiyəni Xocalı soyqırımı ilə bir qədər küncə sıxmağa çalışacaqlar. Amma Ərdoğanın müsahibəsindən belə bəlli olur ki, lazım gələrsə, Türkiyə bu qanunu da qəbul etməyə hazırdır. Türkiyə strateji müttəfiq olaraq istənilən addımı atmağa hazırdır və eyni yanaşmanı da Azərbaycan hakimiyyətindən gözləyir”.

Xəyal