RATİ qarayaxma kampaniyasıyla bağlı bəyanat yaydı

Ədliyyə Nazirliyinin tərəfindən edilmiş xəbərdarlıq və qəzetlər tərəfindən başlanılan qarayaxma kampaniyası ilə bağlı

BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan Hökumətini RATİ qarşı son üç həftə davam edən qanunsuz basqılara son qoymağa çağırır.

Rati hesab edir ki, iqtidarın RATİ-yə qarşı təzyiqlərin başlamasının əsas səbəbi RATİ-nin Avroviziya öncəsi Azərbaycanda insan haqlarına dəstək məqsədilə keçirilən “Demokratiya naminə oxu ”(Sing for Democracy) kampaniyasında iştirakıdır. Həmin kampaniya çərçivəsində RATİ yerli və beynəlxalq ictimaiyyətə Azərbaycanda İfadə Azadlığı sahəsində olan məhdudiyyətlər barədə məlumat verir və Azərbaycan iqtidarını ifadə azadlığına hörmətlə yanaşmağa çağırır.

RATİ bildirir ki, son iki həftə ərzində iqtidarın nəzarətində olan mətbu orqanlarda RATİ -nin fəaliyyəti ilə bağlı heç bir həqiqəti əks etdirməyən məqalələr dərc olunmuşdu. Bu məqalənin biri hakim partiyanın mətbu orqanı olan “ Yeni Azərbaycan”
(http://www.yeniazerbaycan.com/news/15161.html)qəzetində, biri parlamentin mətbu orqanı sayılan “Azərbaycan” qəzetində və axırıncısı hakim partiyanın siyasi şurasının üzvü deputat Gülər Əhmədovanın nəzarətində olan “Mərkəz” qəzetində(http://merkez.az/axcp-s%C9%99drinin-2013-planlari.html) dərc olunmuşdu. Başdan ayağa böhtandan ibarət olan bu yazılarda RATİ dövlət maraqlarına zidd fəaliyyətdə, hətta müxalifətin və kütləvi etiraz aksiyalarının maliyyələşdirilməsində və bir sıra digər absurd əməllərdə ittiham edilir.
Bir sözlə bu məqalələri yayan qəzetlər jurnalist etik davranış kodeksinə zidd olaraq qarşı tərəfin mövqeyini öyrənmədən və məlumatlarda hər hansı mənbəyə istinad etmədən öz qarayaxma kampaniyalarını həyata keçirməyə davam edirlər.
Bununla yanaşı Ədliyyə Nazirliyi də birdən-birə təsis sənədlərində dəyişiklik edilməsi barədə nazirliyə məlumat vermədiyi və www.nakhchivan.org.az saytında qərəzli məlumatlar yaydığını əsas gətirərək RATİ-yə xəbərdarlıq edib. Lakin RATİ təsis sənədlərində heç bir dəyişiklik etməyib və eyni zamanda da Nazirliyin www.nakhchivan.org.az saytına görə RATİ-yə hər hansı irad tutmaq səlahiyyəti də yoxdur. Saytda gedən məlumatların böhtan xarakterli və qərəzli olması ilə bağlı ancaq məhkəmə qərar verə bilər və buradan da aydın görünür ki, Ədliyyə Nazirliyinin əməkdaşları www.nakhchivan.org.az saytı ilə bağlı xəbərdarlıq etməklə öz səlahiyyətlərindən kənara çıxıblar.
RATİ narahatdır ki, bütün bu qarayaxma kampaniyalarının və dövlət orqanlarının əsassız təzyiqlərindən sonra RATİ-nin kollektivi müəyyən mənəvi hətta fiziki təzyiqlər və həmçinin də təxribatlarla üzləşə bilər.
2012-ci ilin mayında Eurovision mahnı müsabiqəsini keçirməyə hazırlaşan Azərbaycan hakimiyyəti bütün dünyaya bəyan edib ki, Azərbaycanda söz, ifadə azadlığı və internet azadlığı dövlət tərəfindən dəstək veriləcək və inkişaf etdiriləcək. Lakin Ədliyyə Nazirliyinin və hakimiyyətin nəzarətində olan Kütləvi İnformasiya Vasitələrinin alternativ fikir nümayəndələrinə açıq-aşkar basqı etməkləri hökumətin vədlərini şübhə altına alır.
RATİ bir daha Azərbaycan iqtidarına müraciət edərək onu RATİ-yə qarşı basqılara son qoymağa, birləşmək və ifadə azadlığına hörmətlə yanaşmağa, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin sərbəst və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsinə imkan yaratmağa çağırır.
RATİ həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq qurumlardan, xüsusilə Avropa Şurası, ATƏT və BMT-dən Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarına olan təzyiqləri daim diqqətdə saxlamağa və Azərbaycan hakimiyyətindən təzyiqlərə son qoymağı tələb etməyə çağırır.
RATİ eyni zamanda Avropa Yayım Birliyinə və Azərbaycan Avroviziya Təşkilat Komitəsinə müraciət edərək, onları “Demokratiya Naminə oxu”(Sing for democracy ) kampaniyasının iştirakçısı olan RATİ-yə qarşı olan basqılara son qoyulması ilə bağlı Azərbaycan hökumətinə müvafiq müraciətlər etməyə çağırır.