Tehran Azərbaycanın Israil kəşfiyyatına işlədiyini deyir, Bakı isə ittihamları absurd sayır
Sülhəddin Əkbər: «Nota mübadiləsinə Iranla Azərbaycan arasında yaşanan informasiya müharibəsinin tərkib hissəsi kimi baxmaq lazımdır»
Bazar günü Azərbaycanın Irandakı səfiri Cavanşir Axundov Iran XIN-ə dəvət edilib. Ona etiraz notası təqdim olunub. IRNA dövlət agentliyinin məlumatına görə, Iran tərəfi Azərbaycanı Israilin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib. Tehran bildirir ki, məhz “Mossad”ın agentləri bu yaxınlarda nüvə üzrə alimlərin qətlini həyata keçiriblər, sonra Azərbaycan vasitəsilə Israilə keçiblər. Sonuncu bu cür terror aktı yanvarda Tehranda Mustafa Əhmədi Rövşənə qarşı törədilib.
Bundan əvvəl alim və hərbçilərə qarşı analoji terror aktları törədilib. Ən ciddi terror hadisəsi kimi raket bazalarından birinin partladılması göstərilib. Nəticədə onlarla mütəxəssis və hərbçi həlak olub.
IRNA-nın məlumatına görə, Tehran Bakıdan Irana qarşı əməliyyatın keçirilməsi üçün öz ərazisindən istifadə edilməsinə son qoymağı tələb edib.
Azərbaycan XIN-i isə Iranın ittihamlarını qəbul etmir. Nazirliyin mövqeyinə görə, səfirimizin çağırılıb ona nota təqdim olunması Azərbaycanın ölkə ərazisində Iran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı notasına Iran tərəfinin verdiyi absurd reaksiyadır. XIN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bəyan edib ki, notada Azərbaycanın Iranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır: “Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.
E.Abdullayev mövcud durumu Iranla münasibətlərdə neqativ bir məqam kimi dəyərləndirsə də, Bakının Iranla mehriban qonşuluq əlaqələrinə tərəfdar olduğunu vurğulayıb.
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirdi ki, Iranın Azərbaycana ünvanladığı notanın tam mətni ictimailəşdirilmədən Tehranın son addımına dəqiq qiymət vermək mümkün deyil. Iranın bir daha Azərbaycan ərazisində Israilin xüsusi xidmət orqanlarının bu ölkəyə qarşı fəaliyyətinə imkan yaradılmasından narahatlığını ifadə etməsi, S.Əkbərin fikrincə, alimlərə olan sui-qəsdlərdə Azərbaycanın əlinin olmasının da ehtimal kimi səslənməsi təhlükəli məqamdır: “Nota mübadiləsinə Iranla Azərbaycan arasında yaşanan informasiya müharibəsinin tərkib hissəsi kimi baxmaq lazımdır. Azərbaycan bir müddət əvvəl Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu Irana elçi göndərərək münasibətlərdəki gərginliyi dondurmağa və ya intensivliyi aşağı salmağa çalışsa da, nəticəsi olmadı. Əksinə, Azərbaycanda Iranla əlaqələndirilən terrorçuların həbsi və bununla bağlı bəyanatın verilməsi Iranı qıcıqlandırdı. Bu baxımdan Iranın son notasını Azərbaycana cavab saymaq olar”.
Azərbaycanla Iranın münasibətlərinin pozulmasında obyektiv səbəblərlə yanaşı subyektiv səbəblərin də olduğunu deyən S.Əkbər vurğuladı ki, həqiqətən də bəzi qüvvələr Iranla Azərbaycanın münasibətlərinin normal olmasını istəmir.
Iranın son notasının hansı nəticələr verə biləcəyinə gəlincə isə, S.Əkbər bildirdi ki, Azərbaycanla Iranın münasibətlərinin gərginləşməsi Tehran rejimi ətrafında baş verənləri nəzərə alaraq qaçılmazdır. Çünki Irana tətbiq olunan sanksiyalarda Azərbaycanın bu və ya digər formada iştirakı ABŞ-dan gələn diplomatlarla Iran ətrafında baş verənləri müzakirə etməsi, Iranı qıcıqlandıran faktorlar sırasındadır.
Xəyal