Ölkədə kütləvi qaz zəhərlənməsi

15 gündə 400 nəfər dəm qazından boğulub; ölənlərin sayı rekord vurur

Məmur məsuliyyətsizliyi kütləvi qırğın silahına çevrilib

Yanvarın 28-dən fevralın 12-dək Bakıda 376 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. “Trend”in yaydığı məlumatda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYS) baş həkimi Mürsəl Həmidov həmin şəxslərin 216-sının xəstəxanalara yerləşdirildiyini deyib. Bu təkcə Bakı üçün xarakterik rəqəmdir. Rayonlarda da yarım ayda 50-yə yaxın analoji hal baş verib. Bir sözlə, yarım ayda dəm qazından 400-dən artıq adam zəhərlənib. Qeyd edək ki, yanvar ayında Azərbaycanda 120 nəfər dəm qazından zəhərlənib.

Ildən-ilə artan zəhərlənmə

2011-ci ildə dəm qazından 685 nəfər zəhərlənib. Bu, 2010-cu ilə nisbətən 300 nəfər çoxdur. Onu da bildirək ki, bu rəqəm yalnız xəstəxanalara zəhərlənmə diaqnozu ilə daxil olanların sayıdır.
Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin həkimi Ismayıl Əfəndiyev zəhərlənmə hallarının baş verməsində daha çox insanların özlərini günahkar sayır: “Insanlar elementar təhlükəsizlik qaydalarına riayət etmirlər, yaşadıqları binaların tüstü bacalarının vəziyyətini vaxtlı-vaxtında yoxlamırlar. Qızdırıcı qaz cihazı olan istənilən evdə hökmən xüsusi qaz detektoru olmalıdır. Amma qiymətinin çox ucuz olmasına baxmayaraq, Azərbaycanda bu cihazdan geniş istifadə edilmir. Detektorlar Azərbaycandakı evlərin, demək olar, heç 1 faizində də yoxdur. Detektor qaz sızması olanda və ya havada dəm qazının konsentrasiyası çoxalanda dərhal siqnal verir və bununla da baş verə biləcək təhlükənin qarşısının alınmasına imkan yaradır. Detektordan digər ölkələrdə geniş istifadə edilir. Ona görə də xarici ölkələrdə dəm qazından zəhərlənmə halları az, Azərbaycanda isə çox baş verir.
Ancaq bəzi ekspertlər qazdan zəhərlənmənin əsas səbəbini qaz cihazlarının standartlara uyğun olmamasında görür: “Dəm qazının yüksək səviyyəsi insanı 3 dəqiqə ərzində komaya sala, 10 dəqiqə ərzində öldürə bilər”.

Plansız tikililər də problemlər yaradır

Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur.
Artıq neçə ildir məişətimizə daxil olan “Iran sobaları” da təhlükə mənbəyinə çevrilib. Neçə ildir bu keyfiyyətsiz sobaların fəsadları nəticəsində yüzlərlə insan həyatını itirir.
Hazırda binalarda buxarqızdırıcı sistemləri işləmədiyindən, sakinlər otaqları qazla işləyən müxtəlif qızdırıcı cihazlarla isitmək məcburiyyətində qalırlar. Bu cihazların isə normal tüstü çəkəni olmayanda, ventilyasiyası təmin olunmadıqda, yanma üçün hava çatmadıqda dəm qazından zəhərlənmə riski yaranır.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda plansız tikililər çoxdur, bir sıra binalarda normal ventilyasiya sistemi yoxdur və standarta uyğun olmayan qızdırıcı cihazlar satışdadır. Istehlakçı bilmir ki, cihaz standarta uyğundur, ya yox. Əgər standarta uyğun deyilsə, niyə ölkəyə gətirilməsinə icazə verilir?
Ikincisi, həmin cihazlar haqqında əhaliyə periodik məlumat verilməlidir. Digər tərəfdən, bu kimi cihazları hər usta quraşdıra bilməz. Usta əmin olmalıdır ki, yanma məhsulları adekvat şəkildə tüstü çəkənlə ventilyasiya dəliyindən çəkilir. Bunun üçün müəyyən testlər var ki, onu ustalar bilməlidir. Cihaz test üzrə yoxlandıqdan sonra istifadəsinə başlanmalıdır. Indi az da olsa daş kömür peçlərindən istifadə edilir ki, xüsusi ventilyasiya sistemi normal təmin edilmədiyindən, onlar da dəm qazından zəhərlənmələrə səbəb olur.

Günahkar istehlakçıdır?

Düzdür, “Azəriqaz” vətəndaşları bu sobalardan istifadə etməməyə çağırır. Ancaq bəzi işbazlar bu sobaları satmaqda davam edirlər. Və onlara qarşı ölçü götürən də yoxdur.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilk növbədə bildirdi ki, “Azəriqaz” ləğv olunub Neft Şirkətinə veriləndə onun ixtisaslı işçiləri çıxarılıb: “Yerinə ordan-burdan bacarıqsız insanları gətirdilər. Onların ən birinci səhvləri bunda idi. Digər tərəfdən biz düşünürdük ki, qazın təzyiqi artırılacaq. Yəni xaricdə istehsal olunan qaz cihazları müəyyən təzyiqə hesablanıb və Azərbaycana gətirilən cihazlarda günah yoxdur. Onlar aşağı təzyiqlə işləmirlər. Ona görə də ustalar meydana çıxıb ki, həmin cihazları dəyişdirib, standartını pozurlar”.
Eyyub Hüseynov Neft Şirkətinin binaların neçə illərdir təmizlənməyən bacalarının təmizlənməsi ilə bağlı servis yaratmadığını deyir: “Istehlakçıların maarifləndirilməsi prosesinin gecikdirilməsi, həmin vaxtın 1 ilə qədər uzadıldığı, vətəndaşlarla bağlanan müqavilə şərtlərində təchizatçı qurumun öz üzərinə məsuliyyət götürmədiyi, əksinə, baş verənlərin bütün günahlarının istehlakçıların üzərinə yıxılması bütün baş verən faciələrin nəticəsidir”.

Kiçik qeydlər

Gəlin, yanvarın 28-dən fevralın 12-nə qədər dəm qazından zəhərlənənlərin və ölənlərin statistikasına diqqət yetirək. Bu statistika tam deyil. Mediaya çıxmayan yüzlərlə isimlər var…
Yanvarın 31-də Nəsimi rayonu ərazisində yaşayan Aişə Hacıyeva, 7 yaşlı Fariz Kazımov və qardaşı 4 yaşlı Nihad, Nuriyyə Ismayılova və qonaqları Günay Baxşiyeva, 5 yaşlı Aydan öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Yenə həmin gün Qusar rayonunda yaşayan Hikmət Şirinov dəm qazından zəhərlənərək ölüb.
Fevralın 4-də Nəsimi rayonu I.Qasımov küçəsindəki 10 saylı binanın 36-cı mənzilində, orada kirayədə yaşayan Kanada vətəndaşı Smit Stefen Markın üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.
Bakı Şəhər Baş Polis Idarəsi və Şəhər Prokurorluğunun əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə müasir kriminalistik texniki vasitələrdən istifadə etməklə hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri görülüb.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, S.Markın ölümünə səbəb onun dəm qazından zəhərlənməsi olub.
Fevralın 5-də Sabunçu rayon sakini Ramil Həsənov evində dəm qazından zəhərlənərək ölüb.
Fevralın 6-da Binəqədi rayonu ərazisində yaşayan Fəhrənzə Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.
Fevralın 9-da Kürdəxanıda bir ailədən 8 nəfər, Bakıxanov qəsəbəsində isə bir ailədən 5 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Kürdəxanı sakinlərindən 2-si, Bakıxanov sakinlərinin isə 5-i də xəstəxanaya yerləşdirilib, onlardan biri 8 yaşında uşaqdır. Ümumilikdə həmin gün 33 nəfər dəm qazından zəhərlənib. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
Lənkəran şəhəri Nizami küçəsi, 75 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Yaqut Camal qızı Vahabova fevralın 12-də saat 17 radələrində dəm qazından boğulub. Y.Vahabova yaşadığı mənzilin hamam otağında olarkən dəm qazından zəhərlənərək hadisə yerindəcə keçinib.

Ramin DEKO