Mübariz Tağıyevdən “Eurovision” təklifi

“Mahnı Azərbaycan dilində oxunsun”

Xalq artisti Mübariz Tağıyev “Eurovision-2012”nin Azərbaycanda keçirildiyi üçün ölkəmizi təmsil edən şəxsin də Azərbaycan dilində mahnı oxumasını təklif edir. Bunu Lent.az-a açıqlamasında bildirən xalq artisti bu məsələ ilə bağlı peşəkar bəstəkarları bir araya gəlməyə səsləyib: “Artıq Azərbaycanın bu müsabiqə ilə bağlı kifayət qədər təcrübəsi var. Ölkənin peşəkar bəstəkarları bir araya gəlib bunu müzakirə etsələr çox yaxşı olar. Düşünürəm ki, mahnı öz ana dilimizdə səslənərsə daha gözəl alınar”.

Xalq artisti Azərbaycanı müsabiqədə təmsil edəcək Səbinə Babayevanın seçilməsini münsiflərin uğuru kimi qiymətləndirib: “Səbinə Babayevanı çoxdan tanıyıram. Peşəkar müğənnidir. Münsiflər çox düzgün seçim ediblər. Azərbaycanın növbəti uğura imza ata biləcək”.

Milli seçimlərin münsiflər heyətində olan əməkdar artist Tünzalə Ağayeva müsabiqədə ifa olunacaq mahnının həm Azərbaycan, həm də ingilis dilində olmasının tərəfdarı olduğunu deyib: “Bir musiqiçi kimi mən də istəyərəm ki, orda milli çalarlarımız olsun. Mahnının Azərbaycan dilində olmasının mən də tərəfdarıyam. Amma daha çox istəyərəm ki, bu həm Azərbaycan, həm də ingilis dilində olsun. Beynəlxalq yarışma olduğu üçün orada ingilis dilinə yer vermək lazımdır. Çünki mahnının tərcüməsi olmalıdır ki, bizim nə dediyimizi başa düşsünlər”.

Əməkdar artist münsif kimi öz seçimlərindən razı qaldığını deyib: “Bir münsif kimi onu deyim ki, çox obyektiv seçim oldu. Səbinə imkanları olan ifaçıdır. İnanıram Azərbaycanı layiqincə təmsil edəcək. İndi əsas məsələ onun performansına, səs imkanlarına uyğun mahnının yazılmasıdır.