40-dan çox bina yandırıldı; coxsaylı həbslər və yaralananlar var
Yunanıstanda Avropanın ciddi tədbirlər planına qarşı növbəti etiraz aksiyaları keçirilib. Paytaxt Afinada baş tutan aksiyada 10 minlərlə etirazçı iştirak edib. Etirazçılar əllərində bayraq və plakatlarla hökumət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri aksiyanı dağıtmağa çalışarkən toqquşmalar baş verib. Etirazçılar polisə molotof kokteylləri ilə hücum ediblər. Polis isə etirazçılara gözyaşardıcı qazlarla və səs bombaları ilə müdaxilə etməyə çalışıb.
Axşama qədər davam edən aksiyada etirazçılar 40-dan çox binanı yandırıb. Yandırılan binalar arasında bank, kinoteatr, mobil telefon dilleri, şüşə və məişət malları mağazası və kafe olub. Məişət malları satan binanın tamamilə yandığı bildirilir. İlkin məlumata görə, yanğın nəticəsində heç kim xəsarət almayıb. Toqquşmalar nəticəsində isə 55 etirazçı xəsarət alıb. Polislər arasında da yaralananlar olub. 95 etirazçının həbs edildiyi bildirilir.
Xatırladaq ki, Yunanıstan hökuməti maliyyə böhranından çıxmaq məqsədilə Üçlük, yəni Avropa Bankı, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 130 milyard dollar məbləğində kredit paketi əldə etməyə çalışır. Üçlük isə bunun qarşılığında hökumətin ölkədə islahatlar aparmasını və vergiləri artırmasını tələb edir.
İnformasiya şöbəsi


