Milli.az xəbər portalının yaydığı məlumata görə, Azərbaycanın tanınmış estrada ifaçısı, xalq artisti Brilliant Dadaşova fevralın 12-i axşam saatlarında İstanbulda avtomobil qəzasına düşüb. Məlumatı etibarlı mənbədən aldığını qeyd edən portal müğənninin özü ilə əlaqə saxlmağa çalışdığını, amma buna nail ola bilmədiyini yazır.
Portalın yazdığına görə, Dadaşovanın adının açıqlanmasını istəməyən xanım pərəstişkarlarından biri bildirib ki, məlumat doğrudur, ancaq müğənninin özü bu söhbətin şişirdilməsində maraqlı deyil: “Hadisə dünən axşam saatlarında baş verib. Brilliant xanım Türkiyədə yaşayan sənətçi dostu, balaban ifaçısı Əlixan Səmədovun idarə etdiyi avtomobildə, köməkçisi və meneceri ilə birlikdə olub. Səsyazma studiyasından qayıtdıqları vaxt bu xoşagəlməz hadisə baş verib. İçərisində olduqları avtomobil iki maşınla toqquşsa da, xoşbəxtlikdən, nə Brilliant xanım, nə də avtomobildə olan digərləri xəsarət alıbr. Sadəcə, Əlixan Səmədovun maşınının ön hissəsi ciddi zədələnib. Brilliant xanımın pərəstişkarlarına demək istəyirəm ki, o, mənimlə əlaqə saxlayanda dedi ki, heç kim narahat olmasın. Yəqin ki, özü bu haqda danışacaq. Allaha min şükür ki, özünü yaxşı hiss edir”.