Bakı İrana cavab verdi

“Bu, bizim notamıza verilən absurd reaksiya və iftiradır”

“Azərbaycan səfirinin çağırılıb ona nota təqdim olunması Azərbaycanın ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı notasına İran tərəfinin verdiyi absurd reaksiyadır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Tehrandakı səfirinin İran XİN-ə çağırılaraq ona nota təqdim olunmasına münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bəyan edib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır: “Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.

E. Abdullayev mövcud durumu İranla münasibətlərdə neqativ bir məqam kimi dəyərləndirsə də, Bakının İranla mehriban qonşuluq əlaqələrinə tərəfdar olduğunu vurğulayıb.

Xatırladaq ki, İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti “Mossad”ın ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə və İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə azad gəliş-gedişinə şərait yaratmaqda ittiham edib.