«İrana hücum hansı ölkənin ərazisindən baş tutarsa, həmin ölkə məhv olacaq»
Iranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami “trend”ə müsahibəsində son günlərdə bir sıra beynəlxalq KIV-lərdə bəzi ölkələrin Irana hücum edəcəyinə dair xəbərlərə münasibət bildirib.
“Belə məlumatların yayılması ABŞ və Israilin piarı və təbliğatıdır. Onlar öz daxili problemlərini ört-basdır etmək üçün belə təbliğatlar aparırlar”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, dünyanın istənilən ölkəsində hansısa media orqanı Irana hücum nağılını təbliğ edirsə, deməli, sionistlərin təbliğatına uyub.
ANN.az-ın məlumatına görə, səfir daha sonra deyib: “ABŞ bundan əvvəl də Irana hücum edib. Səddam rejiminin Irana hücumunu və 8 illik müharibəni onlar dəstəkləyirdi. Həmin müharibədə Səddam rejimi Avropa, ABŞ və SSRI-dən silahla təmin edilirdi. Onların bu müharibədən nə qazandığını hamı gördü. Bu o zaman idi ki, Iranın cəbhənin ön xəttində tikanlı məftil qoymağa belə, imkanı yox idi. Iran hazırda hərbi sahədə elə bir nöqtəyə çatıb ki, hər hansı ölkənin Irana hücum etməyi düşünməyə belə, cəsarəti çatmaz. ABŞ-ın və ya Israilin Irana hücum etmək fərziyyəsi kökündən yanlışdır, lakin qeyri-mümkünü fərz etmək qeyri-mümkün deyil. Misal üçün, əgər bizim neftimizin satışına qadağa qoyulsa, Hörmüz boğazından bir damcı da neftin keçməsinə icazə verməyəcəyik. Onda görün, nə baş verəcək və kim qalib gələcək? Iran Hörmüz boğazında hərbi təlim keçirdi və nəyə qadir olduğunu göstərdi. Iran xalqı dözümlü xalqdır. Iran əsgərləri müharibə dövründə oruc tutub döyüşürdülər. Hansı ölkənin əsgərləri oruc tutub döyüşə bilər? Iran sülhsevər, dünyanın sülh, əmin-amanlıq, ədalət və səmimiyyət şəraitində olmasını istəyir. Lakin Irana hücum hər hansı ölkənin ərazisindən baş tutarsa, ilk növbədə, bu hücumun nəticəsində elə həmin ölkənin özü məhv olacaq. Bundan başqa, hər hansı ölkə Irana hücuma dəstək göstərərsə, həmin ölkə də məhv olacaq”.