baki

Qərb mətbuatında Bakı haqda ilginc iddia

“The Times”: “Bakı ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının qarşıdurma meydanına çevrilib”

“Bakı xarici ölkə casuslarının qarşıdurma meydanına çevrilməkdədir”, – deyə Britaniyanın ən tirajlı qəzetlərindən olan “The Times” yazır. Qəzetin xəbərinə görə, Azərbaycanın paytaxtı bu günlərdə I Dünya Müharibəsinin Norveçi, II Dünya Savaşının Kasablankası təəssüratını yaradır. Müxtəlif ölkələr, xüsusilə də Israil casusları Bakıda yerlərini möhkəmləndirərək Irana yönəlik mümkün hərbi müdaxilənin kəşfiyyat bazasını formalaşdırmağa çalışırlar.
“Rusiya, Iran və Türkiyə ilə qonşu olan Azərbaycan bu mühüm mövqeyi səbəbindən soyuq müharibə dönəmində də bir ”dinləmə stansiyası” idi. Soyuq müharibə bitdi, lakin bu dəfə Qərb ilə Iran arasında nüvə böhranı daha da dərinləşərək Israilin Tehrana qarşı hərbi müdaxiləsini gündəmə gətirdi. Bu iddialar dolaşmağa başladığında isə Bakı yenidən “casuslar meydanı” halına gəldi”, – deyə qəzet yazır.

“Mossad”ın agenti Azərbaycan sərhədçilərini ittiham edir

“The Times” qəzetinin əməkdaşı Bakıdakı Israil səfirliyi yaxınlığındakı bir kafedə “Şimon” kod adlı “Mossad” (Israilin xüsusi xidmət orqanı) agentilə görüşüb. Sözügedən məqalədə həmin agentin fikirlərinə də yer verilib.
“Bura kəşfiyyat işinin sıfır nöqtəsidir. Buradakı varlığımız səssiz, amma əhəmiyyətlidir. Son bir ildə varlığımızı daha da artırdıq. Bu, bizi Irana çox yaxın edir. Bakıdan cəmi bir neçə saatlıq məsafədə yerləşən Iran sərhədi kəşfiyyatçılar üçün bir boz bölgəyə çevrilib. O sərhədi rahatca keçən insanlardan asanlıqla alınan əhəmiyyətli məlumatlar var. Sərhədə kimsə nəzarət etmir. Bizim onları izlədiyimizi anlayan iranlılardan başqa…”, – deyə “Mossad” agenti bildirib.

“Rusiya Qəbələ RLS-i müxtəlif ölkələrin kəşfiyyatına kirayə verib”

“The Times” daha sonra yazır ki, SSRI dövründə inşa edilən və Iranı dinləyə bilən Azərbaycanın şimalındakı Qəbələ RLS Rusiya tərəfindən idarə olunur. Bununla yanaşı, Rusiya Qəbələ RLS-i ayrı-ayrı ölkələrin kəşfiyyat xidmətlərinə kirayəyə verib.
“Iranın son zamanlar Qarabağ məsələsində Ermənistanı dəstəkləməyə başlamasından sonra Azərbaycanla münasibətləri gərginləşib. Israil də bundan istifadə edərək, Bakıətrafı bölgədə qurduğu fabrikdə pilotsuz təyyarələrin ehtiyat hissələrinin üçdə birini istehsal etməyə başlayıb”, – deyə “The Times” yazır.

Informasiya şöbəsi