Mübahisələrə son qoyan tapıntılar…
Qədim Qafqaz Albaniyası dövrünə aid olan Xunan şəhərinin yeri haqqında uzun müddət mübahisələr gedib. Hətta bu mübahisələrdə xüsusi iddialar irəli sürən gürcü alimləri Xunan şəhərinin Tovuz rayonu ərazisində olduğunu əsas gətirərək, Gürcüstan sərhədlərinin Tovuzadək uzandığını iddia edirdilər.
Lakin uzun zamandan bəri aparılan axtarışlar nəticəsində şəhərin qalıqları Qazax rayonun Ikinci Şıxlı kəndi yaxınlığında, Kür və Xram çaylarının kəsişdiyi yerdə tapılıb. Bu tapıntı 2011-ci ilin may ayında xüsusi arxeoloq qrupu tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxıb. Amma bu vaxta qədər həm azərbaycanlı, həm də gürcü alimlərin çoxu Xunan şəhərinin Tovuz rayonunun Xatınlı və Əlimərdanlı kəndləri arasında olması fikrini qəbul ediblər.
Ərazidə arxeoloji qazıntılar aparan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya Institutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədov arxeoloji tapıntı haqda məlumat verərək bildirib ki, Azərbaycanın ilk orta əsr şəhərlərindən biri olan Xunanın yerləşdiyi ərazi haqqında bu günə kimi müxtəlif məlumatlar səslənib: “Lakin Xunan şəhərinin dəqiq yerinin aşkarlanması yeni faktlar ortaya çıxardı. Belə ki, ilk orta əsrlərdə hər bir iri feodal şəhərinin ən azı 150 kilometrlik məsafədə mərkəz rolunu oynadığını nəzərə alsaq, onda Xunan digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, Irəvan, Tiflis və s. üçün də əsas mərkəz olub”.
Orta əsr müəlliflərinin məlumatlarında Xunanın Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunur. Bu şəhər haqqında orta əsr ərəb müəlliflərinin, eləcə də bir sıra tədqiqatçıların əsərlərində müəyyən məlumatlar vardır. M.Kalankatlı “Alban tarixi” əsərində şəhərin adını çəkərək, yazır ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.
IXÿəsrin sonlarında yaşamış Baladzori yazır ki, Həbib – Kisalı, Xunanı, Samsaxı, Qardaman, Kustaci, Şavşət və Balazəti qan tökmədən tutdu. Sülh müqaviləsinə görə, bu şəhərlərin ibadətgahlarına toxunulmamalı, ancaq onlar torpaq və bac vergisi verməli idilər. Digər tərəfdən, orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan şəhərini Arran sərhədlərinin dayağı adlandırmış, Əl-Istəxri isə Xunanın Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edir.
Bundan başqa, gəncəli Kirokos 13-cü əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd edir. Hətta o, özünün tarix əsərində belə bir məlumat da verir ki, gürcü çarı Ivani tatar qoşunlarını qarşılamaq üçün öz sərhədini keçdi və Xunan qalasına çatdı. Albaniyanın Xunan qalasında tatarları qarşılamağa çalışdı ki, bu ərazidə onlarla döyüşlərini aparsın və Gürcüstan ərazisini dağıntılardan xilas edə bilsin. Ancaq orda Ivaninin ordusu məğlub oldu, tatarlar həmin ərazini tutdular və buna görə də, Xunan qalası tamamilə dağıdıldı. Belə məlumatlar digər orta əsr müəlliflərinin əsərlərində də var. X əsr ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi isə ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərir.
Şəhərin ərazisi 30-40 hektardır
X əsrin II yarısında yaşamış Qasım ibn Hövqəlin məlumatına görə, Beyləqan, Varsan, Bərdic, Şamaxı, Şarvan, Abxaz, Şabran, Qəbələ, Şəki, Gəncə, Şutur, Şəmkir və Xunan gözəl, həm də varlı şəhərlər olub və eyni böyüklükdədirlər.
Əl-Istəxri, həmçinin Gəncə, Şəmkir və Xunanın sahələrinə görə oxşar olub, bol məhsula malik olduqlarını qeyd edir.
Azərbaycan və Gürcüstan arxeoloqlarının araşdırma zamanı həmişə bu məlumatları əsas götürərək, Xunan şəhərinin yerini dəqiqləşdirməyə can atdıqlarını deyən A.Məmmədov bildirib: “Məsələn son vaxtlara qədər Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində Xunan şəhərinin indiki Tovuz rayonundakı Torpaqqala adlanan ərazidə olduğu bildirilirdi. Hətta belə bir fikir də söylənilib ki, həmin ərazilərdə yerli əhalinin ”Xunan düzü” adlandırdığı yer var, bu da həmin qalanın bu ərazidə olduğunu sübut edir. Ancaq orta əsr müəlliflərinin məlumatları, eləcə də bizim apardığımız tədqiqatlar, həmin fikirlərin əsassız olduğunu söyləməyə imkan verir. Ona görə ki, tərəfimizdən aparılan istər elmi araşdırmalar, istərsə də arxeoloji qazıntılar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, Xunan şəhərinin xarabalıqları indiki Qazax rayonu ərazisində ikinci Şıxlı kəndinin sahəsində yerləşir və o, Kür və Xram çaylarının qovuşduğu bir sahədədir. Belə ki, orta əsr müəlliflərindən Əl-Istəxri məlumat verir ki, Xunanın ərazisi təxminən 35-40 hektara qədər sahəni əhatə edir. Bu sahə Şəmkir və Gəncə şəhərlərinin ərazisinə bərabərdir. Doğrudan da Xunanın Ikinci Şıxlı kəndinin ərazisindəki sahəsi təxminən 35-40 hektara qədər olan sahəni əhatə edir. Bu da orta əsr müəlliflərinin verdiyi məlumatları tamamilə təsdiqləyir”.
Şəhər və qala yeri
X əsr müəllifi Əl-Istəxrinin məlumatına görə, Bərdədən Gəncəyə 9 fərsəx, Gəncədən Şəmkirə 10 fərsəx, Şəmkirdən Xunana 21 fərsəx, Xunandan Qala ibn Qandamana 10 fərsəx, Qala ibn Qandamandan Tiflisə 12 fərsəxdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. N.M.Quliyev yazır ki, Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Istəxri qala ilə maraqlanarkən onun Xunandan başqa türkdilli digər adını – Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab (“böyük təpə üzərində qala”) adlandırmışdır.
Arif Məmmədovun sözlərinə görə, Xunan yaşayış yerinin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi üçün ilkin tədqiqat işləri aparılıb: “Qala yerinin divarları dəqiqləşdirilib və müəyyən olunub ki, həmin divarların qalıqlarının bir hissəsi üzə çıxarılıb, bundan başqa, həmin ərazidə təndir yerləri, ilkin istehsal ocaqlarının yerləri tapılıb. Ilk orta əsrlər dövrünə aid xeyli maddi mədəniyyət nümunəsi də üzə çıxarılıb. Bundan əlavə, həmin ərazidə aparılan tədqiqat işləri Xunanda yaşayışın 13-cü əsrə qədər davam etdiyini sübut edir. Çünki son arxeoloji materiallar 13-14-cü əsrdəki materiallardır ki, bunlar da Xunanın məhz 13-cü əsrdə monqol işğalları dövründə dağıdıldığını sübut edir. Arxeoloji qazıntılar Xunan şəhərinin 3-5-ci əsrdə salındığını göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb şəhərin ilk növbədə sərhəd məntəqəsində yerləşməsi ilə bağlı idi. Ona görə ki, belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi iri təpəliklərin üstündə salınırdı. Bu həm o şəhərləri sel və daşqınlardan qorumaq, həm hücumlar zamanı müdafiəni asanlaşdırmaq, həm də uzaqdan gələn ticarət karvanlarını görmək məqsədilə edilirdi. Xunan şəhərinin qeyd etdiyimiz yerdə olması Azərbaycan sərhədlərinin bir daha dəqiqləşdirilməsi və onların yerinin tam müəyyən olunması üçün daha əlverişli imkanlar yaradır”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir