rovneq-kemal2

İki məmurun benzin savaşı

Yaxud Kəmaləddin Heydərovdan Rövnəq Abudllayevə «kassa zərbəsi»

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasına yanacaq daşıyan avtomobillərin gömrükdən buraxılmaması problemi yaranmışdı. Bu isə Naxçıvanda benzin qıtlığının yaranmasına səbəb olmuşdu. O zaman rəsmi qurumlar baş verənlərin səbəbini izah etməsə də, qeyri-rəsmi məlumatlarda bu Kəmaləddin Heydərovla Rövnəq Abdullayev arasında ziddiyyətlərin təzahürü kimi qiymətləndirilirdi.
Bildirilirdi ki, əslində Naxçıvana tələbatdan artıq yanacaq daşınır. Bu da Rövnəq Abdullayevin şəxsi kapitalını artırmasına xidmət edir. ARDNŞ şefi ilə münasibətləri gərgin olan Kəmaləddin Heydərov isə Rövnəq Abdullayevin biznes maraqlarına zərbə vurmaq üçün nəzarətində olan Dövlət Gömrük Komitəsinə Naxçıvana tələbatdan artıq yanacaq buraxılmamasını tapşırıb. Məlumatlarda deyilirdi ki, gömrükdən sürücülərə açıq şəkildə bildirilib ki, yanacaq “SOCAR”dan alındığına görə, Naxçıvana buraxılmayacaq.
Əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərovla Rövnəq Abdullayev arasında benzin savaşı indi də başqa formada davam edir. Məlumatlara görə, yanacaqdoldurma məntəqələrində hər yanacaq “pompasına” kassa nəzarət aparatının quraşdırılması da bu savaşın tərkib hissəsidir. Əslində məntəqədə bir kassa nəzarət aparatının olması kifayət edir. Lakin Vergilər Nazirliyi tam arxayın olmaq üçün hər “pompa”ya kassa quraşdırıb. Özü də məbləğ kassaya vurulmadan “pompa” çalışmır. Məlumatda deyilir ki, bütün bunlar Kəmaləddin Heydərovun tapşırığı ilə həyata keçirilir. Yəni, “fövqəlnazir” nəzarətində olduğu Vergilər Nazirliyindən rəqibini cəzalandırmaq üçün istifadə edir.