Rusiya mətbuatı hadisələri və prosesləri şişirtməyi sevir, xüsusən bunlar geopolitikaya aid olanda. Ruslar dünyaya böyük tort kimi baxır və süfrəyə hələ tort gəlməmiş stəkanlarını və qaşıqlarını hazır edirlər ki, bəs, burada biz də varıq. Elə bu günlərdə onların aparıcı qəzetlərinin birində bir yazıya rast gəldim. Nə deyilirdi həmin yazıda?
1. ABŞ Iranı raketlərlə əhatəyə alır. Artıq Iranın ətrafında toplanmış raketləri də sayıblar, onlar 400 ədəddir. Bəli, 400 ədəd orta mənzilli qanadlı raket!
2. Gürcüstan prezidenti yeni-yeni xəstəxanalar açmaqda davam edir və bu, belə güman edilir ki, ABŞ-Iran müharibəsilə bağlıdır, çünki müharibə olsa, ABŞ Gürcüstan ərazisindən istifadə etmək niyyətindədir.
Prinsipcə, bu xəbərlər digər mənbələrdən də təsdiqlənir. Onlar elə qeyri-adi təsir oyatmır. Sadəcə, adamı bir məsələ narahat edir: əgər o müharibə başlasa təkcə mərmilərin tüstüsü Gürcüstanı boğacaq! Bəli, geosiyasət çox qəliz oyundur. Kim Iran kimi rejimin çöküşünü istəmir? Amma bunu elə bir formada etmək lazımdır ki, fəsadları mümkün qədər az olsun… Bu mümkün ola bilərmi? Doğrusu, bilmirəm, çünki Iranın real gücü haqda təsəvvürümüz yoxdur. Sadəcə, Iran hər dəfə bəyan edir ki, ABŞ-a müttəfiqlik edən bütün ölkələr vurulacaq! Bəli, əsas məsələ bu müharibənin lokallaşmasıdır. Güman etmirəm ki, Iranın çoxlu sayda uzaq mənzilli raketləri olsun. Üstəlik, ABŞ-ın müdafiəsi də yaxşı təşkil olunub. Bəs müttəfiq dövlətlər? Burada yalnız susmaq lazım gəlir.
Rus mətubatı bizi də unutmur və məmnunluq hissilə qeyd edirlər ki, Iranla müharibəyə münasibət Qafqazı üç hissəyə bölüb: Gürcüstan ABŞ tərəfində olmaq niyyətindədir, Azərbaycan neytral qalmaq istəyir, Ermənistan Iranın vurulmasını hətta nəzəri olaraq qəbul etmir! Bəli, geosiyasi palitra təxminən bu vəziyyətdədir. Onu da qeyd edim ki, rusların diqqətini hətta parlamentdə epizodik olaraq səslənmiş bir fikir – Azərbaycanın adının dəyişdirilməsi ilə bağlı təklif də cəlb etmişdi. Necə deyərlər, Şimalda yatmırlar, hamını izləyir və hamının kiminlə və necə hərəkət edəcəyini əvvəlcə müəyyənləşdirməyə, daha sonra isə tədbir görməyə cəhd edirlər. Amma öz siyasətləri də bərbad vəziyyətdədir. Suriyaya münasibət onları tamam nüfuzdan salıb. Indi onları güc edən və güc kimi göstərən bir veto hüququdur ki, onunla alver etməkdə davam edirlər. Qoy etsinlər, görək, nə vaxta qədər edəcəklər!
Suriya dedim, yadıma ərəb bölgəsi düşdü. Ərəb ölkələrinin arasında çox despotik bir ölkə var – Səudiyyə Ərəbistanı! Düzdür, orada əhali çox yaxşı yaşayır, amma digər ölkələrdə də acından ölmürdülər! Bəs nədən insanlar o ölkədə etiraz etmir? Indi hamını bir məsələ narahat edir: ərəblər sanki əski xilafəti bərpa etmək istəyirlər! Bunu ona görə deyirəm ki, “ərəb baharı”nın ardınca qara rəngli teokratik rejimlər gəlir. Misirdə dini qüvvələr parlament seçkisini uddu, indi də hərbçilərin əlindən hakimiyyəti almaq istəyirlər. Hə, yadımdan çıxmamış bir detalı da qeyd edim: Türkiyə Israillə münasibətlərini korladı və üzünü ərəb ölkələrinə tərəf tutdu. R.Ərdoğanın siyasətində böyük bir işarəni – Osmanlı dövrünə xüsusi simpatiyanı hiss etməmək mümkün də deyil, çünki bu simpatiya o qədər qarbarıqdır! Səudiyyə Ərəbistanının özü də teokratik monarxiyadır. Indi gəl, tamaşa elə də! Bir də gördün ki, lap əsl xilafət yarandı! Təbii ki, bunu ironiya ilə deyirəm. Amma bir məsələ var ki, Suriya bəlkə Səudiyyə Ərəbistanı ilə müqayisədə hətta mülayim rejimdir!
Bir kommunist, bir liberal və bir imperialist!
Rusiyada seçki ərəfəsində üç baş namizədə baxanda yadıma üç muşketyor düşür. O qədər bəsit və primitiv mənzərədir ki! Putinə elə gəlir ki, o çox ağıl tələb edən bir iş görüb. Dünyaya və ölkəyə Züqanovu və bir də Jirinovskini göstərir! Sanki bununla demək istəyir ki, mən olmasam, bunlar olacaq! Zira çox köhnə oyundur bu! Bu “kart”dan hələ Yeltsin istifadə edirdi! Elə qəribə görünən də budur ki, Putin ağıllı-başlı bir şey fikirləşə bilməyib! Bunu bir səbəblə yozmaq lazımdır: V.Putin siyasətçi kimi tükənib! Onun Rusiyaya və xalqa verəcəyi bir şey qalmayıb…

Geopolitikanın mozaikası
•


