Əvəzsiz karikaturaçı Rəşid Şerifin son işlərindən biri “analoqu olmayan uca bayrağa”, “analoqu olmayan inkişafa” və hər cür analoqu olmayan Azərbaycan icadlarına həsr edilib. Amma müəllif bunların əvəzinə dərin bir quyu çəkib və həmin quyunun dibində oturan iki kişidən biri digərinə deyir: “Bu, dünyada analoqu olmayan quyudur!”
Qısa və konkret. Bu qədər istedadlı cavabı tapmaq olmazdı. Doğrudan da, bu ölkənin halı quyudur, hey dərinləşir. Hey daralır, boğucu, sıxıcı olur. Əliyevlərin siyasəti Azərbaycanı bundan uzağa apara bilmədi. Amma gəlin bir az da fikirləşək. Gələcəyi fikirləşək. Sadə bir qənaətə gəlmək elə də çətin deyil.
Axı bu quyunun da analoqu var…
Nə qədər dərin quyu olsa da, çox istedadlı sənətkarın ən dərin sarkazmına layiq olsa da, bu quyunun da analoqu var. Belə rejimlər tarixdə ilk deyil, yeganə də deyil. İndi bu cür siyasi sistemlər o qədər sürətlə dağılır ki, onların hər biri tezliklə ən sonuncu da ola bilər – analogiyasına görə. Ümumilikdə isə, bu rejimi təmsilçiləri elə düşünməsin ki, onlar bənzərsiz bir rejim qurublar. Onlar Azərbaycanda analoqu olmayan bayraq dirəyi doğrudan da tikə bilərlər, dünyanın ən böyük göydələnini ucalda bilərlər, çox ilklərə imza ata bilərlər, bu ilklərin və analoqu olmayanların fövqündə çox dərin ictimai quyunu da qaza bilərlər, amma yaratdıqları rejim bu gün yıxılan, laxlayan rejimlərdən güclü və bənzərsiz deyil…
Deməli, bu rejim də dağılacaq, o da gec-tez çökəcək. Deməli, onun da yıxılmasının bəlli bir yolu hökmən vardır. Onun da növbəsi gəlir.
Azərbaycan olayları
İlham Əliyev deyə bilər ki, “Misir olaylarının Azərbaycanda təkrarlanmasını görməyəcəksiniz”, ola bilsin də görmədik, amma burada Azərbaycan olayları hökmən baş verəcək. Bunun əksi mümkünsüzdür. Bahar gəlməyə bilərmi? Həmişə qar yağa bilərmi?
Baxın, qarın yağması bizə çox zülmlər gətirir – zövq vermək əvəzinə. Çünki pis günlərimiz başlayır. Çünki isti yurd-yuvamız yoxdur. Əslində, qar və şaxta bizə gerçək problem deyil, problem bizi normal məişət qurmağa, isti yuva qurmağa mane olanlardır. Odur ki, gec-tez insan yağışı, cəmiyyət çovğunu bu maneəni vurub dağıdacaq.
Bu isə yalnız arzu və xəyal deyil, nə də təkcə tarixin gedişinə bəslənilən ümid deyil. Azərbaycan daha dərin quyuya gömülsə də, insanların səsi daha hündürdən gəlməkdədir. Uzun illərin basqısına görə, bu gün Azərbaycan quzu kimi susqun bir cəmiyyətə çevrilməli idi. Amma o cür “YENİ Azərbaycan”ı qura bilmədilər. Nə qədər çalışsalar da.
Dinamika cəmiyyətin güclənməsinə, dirənməsinə, səsini qaldırmasına doğrudur. Belə olmasaydı, İlham Əliyev Almaniyadakı tarixi suala cavabda Azərbaycanın demokratiya yolu ilə getdiyini sübut etməyə çalışmazdı. O, deyirdi ki, Misir olayları ona görə Azərbaycanda təkrarlana bilməz ki, burada azadlıq, ədalət və inkişaf var. Əslində etiraf edirdi ki, azadlığın, ədalətin, inkişafın olmadığı ölkədə Misir olayları doğrudan da təkrarlana bilər. Biz də onu deyirik ki, azadlıq, ədalət olmadığı üçün burada Azərbaycan olaylarının baş verməyəcəyi mümkünsüzdür.
Azərbaycanda xalq misalı var, qazdığın quyuya özün düşərsən. Rəşid Şerifinn karikaturasına kimsə bu cür də baxa bilər.