İsrail qərarını verməlidir

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Stratejik və Beynəlxalq Tədqiqatlar Mərkəzində (CSİS) etdiyi çıxışda Fələstin probleminin həlli üçün İsrailə müraciət edib: “İsraillilər nə istədiklərində qərar verməlidirlər. Fələstinlilərin demoqrafik artımından qorxduqları “bir dövlət”də yaxud 1967-ci il sərhədlərinə əsaslanan, Şərqi Qüdsün Fələstinin paytaxtı olduğu dövlətdə.”  Davudoğlu deyib ki, İsrail tərəfi Fələstin torpaqlarında tikintilərə son qoymalıdır. Ərəb ölkələrində baş verən inqilabların qarşısında bir Fələstin problemi dayanır. Bu səbəbdən yeni dövrə yeni yanaşmalarla daxil olmaq lazımdır. Həmas ilə Əl-Fəth arasında danışıqlar aparıldığını deyən nazir artıq bu qrupların birləşməsi yönündə müsbət nəticələrin olduğunu deyib. “Həmasın artıq sülhpərvər siyasi metodları mənimsədiyinə dair işarələr var.” Davudoğlu: “Bu ərazidə iki dövlətin mövcudluğunu İsrail hökümətinin heç də bütün üzvləri dəstəkləmir. Artıq qərar vermək lazımdır, Fələstinin gələcəyi necə olacaq? Mövcud status-kvo daha davam edə bilməz. Müstəqil dövlət fələstinlilərin haqqıdır. Çox açıq şəkildə demək istəyirəm: Suriya məsələsində Rusiyanın vetosu səhv idi. Fəlsətinin BMT-də tanınması məsələsində isə ABŞ-ın veto qərarı. Türkiyə dövləti olaraq Fələstinin müstəqilliyinin tanınmasını dəstəkləyəcəyik. Lazım gələrsə sabah, bugün mümkündürsə bugün. İsrail yaşayış məskənlərinin salınması qərarını vermədən danışıqlar masasına oturmalıdır. Bu konflikt uzandıqca zərərini bütün region görür.”